Söyüşdən sonra həbsxana yoldaşını baltaladı

soyusden-sonra-hebsxana-yoldasini-baltaladi
Oxunma sayı: 647

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində köhnə həbsxana dostunu balta ilə vurub öldürməkdə təqsirləndirilən 1979-cu il təvəllüdlü Rüfət Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin icraatında olan prosesdə ilkin baxış iclası keçirilib.

Dövlət ittihamçısı Ramin Nağdəliyev ittiham aktını elan edib. Belə ki, 2016-cı il fevralın 7-də saat 22.30 radələrində Rüfət Quliyev, 34 yaşlı tanışı Ramiz Hətəmov və başqa adamlarla birlikdə görüşüblər. Bu zaman köhnə dostların arasında mübahisə düşüb və bir-birini söyüblər.

Səhərisi gün içkili olan Ramiz Rüfətin evinə gələrək dünənki söyüşünə görə mübahisə edib. Bu zaman isə Ramiz Rüfəti söyüb. Rüfət Quliyev baltanı götürərək Ramiz Hətəmovun başına bir neçə zərbə vurub. Ramiz oradaca öldükdən sonra Rüfət polisə gedərək təslim olub.

Qeyd edək ki, hər iki şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək məhkumluq həyatı yaşayıblar. Onlar birgə cəza çəkdikləri müəssisədə tanış olaraq dost olublar.

Məhkəmədə ifadə verən R.Quliyev özünü təqsirli bildiyini və istintaqa verdiyi ifadəsini təsdiq etdiyini deyib: "Evimə gəlib heç bir səbəb olmadan məni söydü. Mən də balta ilə başına vurdum. Peşmanam".

Daha sonra mərhum R.Hətəmovun anası Cəmilə Əhmədova, bacısı Sədaqət Hətəmova ifadə verərək hadisənin şahidi olmadığını deyiblər.

Digər şahid R.Həşimov deyib ki, küçədə səs-küy eşidib, çölə çıxdıqda Rüfətin adam öldürdüyün görüb.

R.Quliyevin qardaşı Abbasqulu Quliyev deyib ki, qardaşı hadisədən sonra ona zəng edərək qətl törətdiyini deyib.

Məhkəmə prosesi iyunun 13-də davam etdiriləcək.

Murad Əhməd