Studiyada Natəvan Babayeva idi... - Fotolar

studiyada-natevan-babayeva-idi
Oxunma sayı: 20565

Xəbər verdiyimiz kimi, bu gün tanınmış aparıcı Natəvan Babayeva uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib. Aparıcının ölüm xəbərini media nümayəndələri ilə yanaşı, tamaşaçılar da dərin hüznlə qarşılayıb.

“Qafqazinfo” bu məqamda Natəvan Babayevanın jurnalistika fəaliyyəti ilə bağlı bəzi maraqlı məqamları təqdim edir.

1977-ci ildə dünyaya gələn Natəvan Babayeva Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. O, qısa müddət “Sara Xəbər”də çalışıb.

Bundan sonra isə onun karyerasının ANS dövrü başlayıb. 2000-ci ilin avqustun 24-də sözügedən kanalda fəaliyyətə başlayan aparıcı, 16 il burada çalışıb.

Natəvan Babayeva ANS məktəbi keçən ən peşəkar aparıcılardan biri idi. O, canlı efirə məsuliyyətini müsahibələrinin birində belə qeyd etmişdi:

“Efirə çıxmaq məcburiyyətində olduğum vaxtlar olub. Əziz nənəm rəhmətə gedən günün axşamı efirə çıxdım, çox ağır oldu. Sözsüz, aparıcının üz cizgiləri ilə xəbərə münasibəti olmalıdır. Həmin günü birtəhər proqramı yola verdim. Amma daha sonra mənimlə yaşıd, çox sevdiyim bibim oğlu rəhmətə getdi. Onun həyatdan cavan köçməsi bütün qohum-əqrəba kimi məni də sarsıtmışdı. Təsəvvür edin, dəfn olunan günün səhəri, gözlərim şişmiş halda efirə çıxmalı oldum. Həm də mart ayının 22-si, televiziya qarşısında oturan tamaşaçıların bayram əhval-ruhiyyəsində olduğu bir gündə. Yas içində olsam da, tamaşaçıya gülümsəməliyəm... Axı evdə faciə baş verib, mənim ətrafımda olan əzizlərim, qəlbim yas içindədir... Çox çətinliklə birtəhər özümü toparlayıb xəbərləri oxudum, hətta gülümsədim də. Cəhdlərimə baxmayaraq, kədərli olmağım yenə də efirdə hiss olunmuşdu. Reklam arası Mirşahin müəllim zəng vurub dedi ki, “Tamaşaçıların xəbəri var, sən hüznlüsən?”. Onun bu sözləri az da olsa, kefimi açdı. Onda bir daha başa düşdüm ki, bizim işimiz spesifik sahədir, haradasa artistliyə yaxınıq”.

Qeyd edək ki, aparıcının son iş yeri AzTV olmuşdu.

Emin Səfərov