Sumqayıtda yaşayış binasında uçqun hadisəsi baş verib.
"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, hadisə 12-ci mikrorayonda olub.
İlkin məlumata görə, binanın giriş hissəsi uçub. Hadisə zamanı dağıntıların altında qalanların olduğu bildirilir.
Hadisə yerinə xilasedicilər cəlb olunub.
***
Uçqun nəticəsində 1970-ci il təvəllüdlü İdrak Hüseynov və 1967-ci il təvəllüdlü Gülxanım Cəfərova xəsarət alıblar.
Hadisə zamanı dağıntılar altında daha 3 nəfərin qaldığı bildirilir. Əraziyə xilasedicilər cəlb edilib və hazırda təxliyə işləri aparılır. Bildirilir ki, ərazidən 4-ü azyaşlı olmaqla, 5 nəfər təxliyyə olunub.
Hadisə yerinə həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları və Qubadlı Rayon İcra Hakimiyyətinin nümayəndələri gəlib.
***
FHN də uçqunla bağlı açıqlama yayıb. Bildirilir ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində (Çerkassi və Koroğlu küçələrinin kəsişməsi) məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli yarımçıq tikili binada uçqun olması, 1 nəfərin xəsarət alması barədə məlumat daxil olub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, binanın girişində pilləkən uçub, nəticədə xəsarət alan 1967-ci il təvəllüdlü Cəfərova Gülxanım Ramazan qızı xəstəxanaya yerləşdirilib.
Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə və digər təxirəsalınmaz işlər nəticəsində binada köməksiz vəziyyətdə qalan 5 nəfər (4-ü azyaşlıdır) təhlükəsiz əraziyə təxliyə edilib, ərazidə təhlükəsizlik təmin olunub.


Son xəbərlər
Son Xəbərlər