“Süni intellektin iş yerlərinə təsiri prioritet olacaq” - Yenilənib

suni-intellektin-is-yerlerine-tesiri-prioritet-olacaq
Oxunma sayı: 821

“Minimum əməkhaqqının və sosial müavinətlərin artırılması vətəndaşların, həmçinin AHİK nümayəndələrinin rifahının yüksəldilməsinə xidmət edir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VIII Qurultayında çıxışında deyib.

O bildirib ki, bu toplantı təşkilatın fəaliyyətinin daha səmərəli qurulmasına töhfə verir: “Bununla yanaşı, sosial tərəfdaşlığın da sürətləndirilməsinə imkan verir. Nazirlər Kabineti iş yerlərində təhlükəsizlik və sosial müdafiə məsələləri ilə bağlı AHİK-lə birgə fəaliyyət göstərir. 2026–2028-ci illəri əhatə edən Baş Kollektiv Sazişdə ətraf mühit və süni intellektin iş yerlərinə təsiri prioritet istiqamətlərdən biri olacaq”.

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov əlavə edib ki, kütləvi şəkildə robotlaşma, süni intellektin tətbiqi əmək və işçi anlayışlarına yeni məzmun gətirir:

“Azərbaycanda əmək hüquqlarının qorunmasına dair hüquqi baza formalaşdırılıb. Məhz bu hüquqi baza əsasında Azərbaycan hökuməti vətəndaşların əmək hüquqlarının qorunması kimi məsuliyyətli vəzifəni uğurla həyata keçirir. Həmçinin yeni çağırışlar həmkarlar təşkilatlarının fəaliyyətinin yenilənməsini gələcəkdə ciddi şəkildə tələb edəcək. Mən inanıram ki, biz artıq əmək sahəsində köklü dəyişikliklərin şahidi oluruq və gələcəkdə bu daha aydın şəkildə özünü göstərəcək”.

***

Tədbirdə çıxış edən AHİK sədri Sahib Məmmədov bildirib ki, Prezidentin salamlama məktubu yalnız mənəvi dayaq deyil, eyni zamanda gələcək fəaliyyətimizdə daha məsuliyyətli və qətiyyətli olmaq üçün çağırışdır:

“Azərbaycan həmkarlar ittifaqlarının çoxsaylı üzvləri və sizin adınızdan dəyərli tövsiyələrinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildirir, yüksək diqqət və etimada layiq olmaq üçün üzvlərimizin hüquqlarının müdafiəsi, sosial rifahının yaxşılaşdırılması istiqamətində fəaliyyətimizi daha böyük məsuliyyət və qətiyyətlə davam etdirəcəyimizi bəyan edirik”. 

Konfederasiya sədri Ümummilli Lider Heydər Əliyevin həmkarlar ittifaqlarının inkişafındakı rolunu vurğulayıb: “1994-cü ildə Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmiş “Həmkarlar ittifaqları haqqında” Qanunun əhəmiyyəti böyükdür. Prezident İlham Əliyevin həmkarlar ittifaqlarına verdiyi davamlı dəstəyi və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan, həmkarlar ittifaqı üzvlərini də əhatə edən humanitar və sosial layihələr ölkəmizin sosial-iqtisadi inkişafına mühüm töhfələr verəcək”.

***

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev qeyd edib ki, 2018-ci ildən etibarən ölkədə 4 milyon vətəndaşı əhatə edən 5 sosial islahat paketi həyata keçirilib:

“Bu islahatların illik əlavə maliyyə yükü 7,6 milyard manatdır. Həyata keçirilən islahatların nəticəsində əmək münasibətlərinin leqallaşmasında mühüm irəliləyişlər əldə olunub. Müasir dövrdə rəqabətə davamlı iqtisadiyyatın qurulması, dayanıqlı inkişafın təmin edilməsi bilavasitə insan kapitalının formalaşmasından və səmərli istifadəsindən asılıdır. Azərbaycan Prezidentinin həyat keçirdiyi sosial-iqtisadi siyasətin mərkəzində məhz insan amili və vətəndaşların sosial rifahının yüksəldilməsi dayanır”.

Nazir həmçinin qeyd edib ki, əmək müqavilələrinin sayı 45 faiz artaraq 1,9 milyona çatıb: “Ölkə üzrə əməkhaqqı fondu isə 3,2 dəfə artıb. Eyni zamanda sosial müdafiənin əsas alətlərindən biri olan minumum əməkhaqqı 3,1 dəfə artaraq 400 manata, orta aylıq əməkhaqqı isə 2 dəfə artaraq 1086 manata yüksəlib. Bununla yanaşı, minumum pensiya 2,9 dəfə artaraq 320 manata, orta aylıq pensiya isə 2,6 dəfə artaraq 540 manata yüksəlib. Eyni zamanda əhaliyə ödənilən müavinətlər və Azərbaycan Prezidentinin təqaüdü 5 dəfə artıb. İndiyə qədər DOST mərkəzlərində 4 milyondan çox vətəndaşa xidmət göstərib. Vətəndaş məmnunluğu 98 faiz olub”.

Fidan Etibar