Teleaparıcıların yay seçimi

teleaparicilarin-yay-secimi
Oxunma sayı: 743

Televiziyanın unudulmaz siması olan Nərgiz Cəlilova bu yay ailəsi ilə birlikdə bağ evində, Azərbaycanda dincələcək: “Qızım xaricdə təhsil alır və Bakıya dincəlməyə gəlib. Biz onu tək qoyub xaricə gedə bilmərik, onun yanında olmalıyıq. Ona görə də bu il ailəvi bağ evində istirahət edəcəyik”.

“Toy olsun”un Elgiz Əkbəri isə bu yay həm Azərbaycanda, həm də xaricdə dincələcək. O, bildirib ki, on gün Qubada və İsmayıllıda istirahət edəndən sonra isə xaricə üz tutacaq: “Yunanıstana gedəcəyəm. Orada yaxşı dostlarım var. Əslən azərbaycanlıdırlar və neçə illərdir Afinada yaşayırlar. Çox yaxşı şəraitləri var. Həm gedib dostlarımı görərəm, həm də dincələrəm”.

Aparıcı Cavid Gül isə bu il dincəlməyə getməyəcək: “Sentyabr ayından yeni layihə hazırlayıram. Bu yay ancaq və ancaq işlərimlə məşğul olacağam”.

İTV-nin məşhur aparıcısı Hüsniyyə Məhərrəmova da bu yayı dincəlməyən aparıcılardandır. O, yay-qış deməyərək daima işləmək niyyətindədir.

Azər Axşam da bu yay dincəlməyəcək. Ancaq onun səbəbi başqadır. Belə ki, o maddi vəziyyətinin yaxşı olmadığını və dincəlmək üçün kifayət qədər pulun lazım olduğunu bildirib: “Başqa ölkəyə getməyə pul yoxdur. Azərbaycanda da çox bahaçılıqdır, istirahət etmək mümkün deyil. Ona görə də evdə istirahət edəcəyəm”.

Kamran Həsənli isə bu yayı Türkiyədə keçirəcək. Hazırda ailəsinin Antaliyada olduğunu və yaxın günlərdə özünün də gedəcəyini qeyd edib.

“Onun yarısı” Zaur Baxşəliyev də bu yayı Türkiyədə keçirəcək teleaparıcılarımızdandır. O, istirahət üçün vaxtının çox az olduğunu bildirsə də mütləq fürsət tapan kimi, istirahəti gedəcəyini qeyd edib: “Vaxtım çox azdır, bütün günü demək olar ki, işlə məşğulam. İstərdim fürsət tapan kimi elə Azərbaycanda dincəlim, amma bilirəm ki, işlə bağlı çox zəng gələcək və rahat istirahət edə bilmərəm. Ən yaxın yer Türkiyə olduğu üçün çox güman ki, elə oraya gedəcəyəm”.

Günay Qələndərli də istirahət üçün Türkiyəyə üz tutacaq.

Yenicə ata olan aparıcı Murad Arif isə digər həmkarlarında fərqli olaraq Avropada dincəlməyə gedəcəyini deyib: “Toylardan başım açılsa, İsveçə gedəcəyəm. Ya da 2-3 günlük rayonlarımıza baş çəkəcəyəm. Amma yalnız və yalnız ailəmlə istirahət etməyi planlaşdırıram”.

Ulvira Qarayeva da bu il Türkiyədə istirahət edəcək: “Mən Türkiyəni çox sevirəm. Bu səbəbdən 10 gün sonra Antaliyaya yola düşürəm”.

“Space”in Siası olan Könül Yusifqızı deyir ki, Azərbaycanda dincəlmək sərf eləmədiyi üçün Türkiyəyə yola düşəcək: “Mən Azərbaycanda xərclədiyim pulu xaricdə xərcləsəm, çox yaxşı dincələrəm. Bura çox bahadır və xidmət də zəifdir. Türkiyədə istirahət etmək mənə sərf edir”.

Lider TV-nin aparıcısı Zabir Əliyev isə dincəlmək üçün ölkə hüdudlarından kənara çıxmayacaq. O, sadəcə həftə sonları Qəbələ-Gəncə-Göygöldən keçəcək.

Aynur Babayeva