Tokayev hakim partiyanın sədri seçildi

tokayev-hakim-partiyanin-sedri-secildi
Oxunma sayı: 1360

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hakim “Nur Otan” partiyasının sədri seçilib.

“Qafqazinfo” xəbər verir ki, bununla da, ölkənin birinci Prezidenti Nursultan Nazarbayev partiya rəhbərinin səlahiyyətlərini rəsmən hazırkı dövlət başçısına verib. Qərar bu gün keçirilən partiyanın 21-ci növbədənkənar qurultayında qəbul edilib.

Qurultayın gündəliyində yeni sədrin seçilməsi ilə yanaşı, “Nur Otan” partiyasının nizamnaməsinə, o cümlədən siyasi şuranın tərkibinə dəyişiklik edilməsi məsələlərinə də baxılıb.

Xatırladaq ki, N. Nazarbayev 2019-cu ilin martın 19-da istefa verib. Parlament Senatının o vaxtkı spikeri Kasım-Jomart Tokayev yeni Prezident seçilib və o, sonradan növbədənkənar prezident seçkilərində qalib gəlib.

Nazarbayev dövlət başçısı postundan getsə də, Təhlükəsizlik Şurasının və Qazaxıstan Xalqı Assambleyasının, eləcə də hakim “Nur Otan” partiyasının sədri vəzifələrini icra edirdi. Lakin o, Qazaxıstan Xalqı Assambleyasına sədrliyi Prezident Kasım-Jomart Tokayevə 2021-ci ildə, Təhlükəsizlik Şurasına sədrliyi isə ölkədə yanvar ayında baş verən iğtişaşlar zamanı təhvil verib.

Yanvarın 27-si isə Nazarbayevin ölkənin Təhlükəsizlik Şurasına və Qazaxıstan Xalq Assambleyasına ömürlük sədrliyi ləğv edilib.