“Tualetdə yumruqla başından vurub 12 mini götürdüm”

“Tualetdə yumruqla başından vurub 12 mini götürdüm”
Oxunma sayı: 3116

Bakıda quldurluq edən şəxs məhkəmə qarşısına çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, 1969-cu il təvəllüdlü Raiq İsmayılov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 181.2.4 və 181.2.5-ci maddələri (quldurluq) ilə təqsirli bilinib. Ona 10 il müddətə azadlıqdan məhrumetmə cəzası verilib.

Məhkəmədə bildirilib ki, hadisə ötən ilin dekabrın 23-də Nizami rayonunda baş verib. Belə ki, zərərçəkmiş şəxs Ellər Muradov həyat yoldaşı Rəsmiyyə Muradova (soyadlar şərtidir) ilə birgə bank filialından 12 000 manat pul götürərək küçəyə çıxıblar. Həmin vaxt bankda olan Raiq İsmayılov bunu görüb və həmin pulları ələ keçirmək qərarına gəlib. Küçədə bir qədər getdikdən sonra E. Muradov yaxınlıqda yerləşən ticarət mərkəzindəki sanitar qovşağa daxil olub. R.İsmayılov onu izləyərək ardınca sanitar qovşağa daxil olub. İçəridə heç kimin olmamasına əmin olduqdan sonra o, Ellər Muradovun daxil olduğu kabinənin qapısını açaraq arxadan yumruqla onun başından 5-6 dəfə zərbə endirib. Zərbələrin gücündən o, yerə yıxılıb. Bu zaman R. İsmayılov, tez E. Muradovun cibindən sellofana bükülmüş pulları götürüb və ərazidən qaçaraq uzaqlaşıb. Həmin vaxt sanitar qovşağın giriş hissəsində dayanmış xidmətçi qadının qışqırmağına məhəl qoymadan qaçıb gedib.

Zərərçəkmiş şəxs E.Muradov ifadəsində şəkər xəstəsi olduğunu, eyni zamanda ürəyində stend olduğunu deyib: “Zərbənin təsirindən özümü itirdim, çölə çıxandan sonra gördüm ki, Raiq əynimdə olan gödəkçənin cibində olan sellofana bükülmüş pulu götürüb”.

Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilən Salyan rayon sakini Raiq İsmayılov ifadəsində 30 000 manata qədər borcu olduğunu və cinayəti bu səbəbdən törətdiyini bildirib: “Həmin gün axşam puldan borclu olduğum tikinti materialları mağazasını işlədən Fəridə 3000 manat, yaşadığım kənddə yem-arpa satan Tarverdiyə 5000 manat və mətbəədə işləyən Vahidə 2000 manat verdim və rayona qayıtdım”.

Nəzrin Cavadzadə