Türkdilli dövlətlər arasında əlaqələrin inkişafında Azərbaycanın rolu - Şərh

turkdilli-dovletler-arasinda-elaqelerin-inkisafinda-azerbaycanin-rolu
Oxunma sayı: 834

Artıq bir müddətdir ki, türkdilli dövlətlərin başçıları arasında təmasların yeni formatda davam etdiyini müşahidə edirik. Təmasların mütəmadi xarakter almasında Azərbaycan liderinin fəaliyyəti danılmazdır. Çünki Azərbaycan Prezidenti İlham Əliyev xarici siyasətdə türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsini prioritet məsələlərdən biri hesab edir. Dövlət başçısı bu ölkələrlə iqtisadi, siyasi, humanitar və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir.

Təbii ki, türkdilli dövlətlər arasında sıx təmasların qurulması bəzi kənar dairələrin maraqlarına ziddir. Ona görə də bunun digər dövlətlər tərəfindən normal qarşılanmaması anlaşılandır. Azərbaycan Prezidentinin türkdilli dövlətlərin başçıları ilə istər telefon danışıqları, istərsə də canlı görüşləri bütün türk dünyası ilə münasibətlərin yüksələn xətlə daha da inkişaf etməsində böyük rol oynayıb.

Azərbaycan liderinin türkdilli dövlətlərin yaxınlaşmasında rolu

Məlumat üçün bildirək ki, Azərbaycan liderinin türkdilli dövlətlər arasında təmasların inkişafında göstərdiyi səylər hər zaman təqdir edilib. Prezident İlham Əliyev tərəfindən irəli sürülən təklif və təşəbbüslərin həyata keçirilməsi türkdilli ölkələr arasındakı əlaqələrin inkişafına əsaslı töhfə verib. Bu sıraya TÜRKPA və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qərargahlarının Bakıda yerləşməsi, 2020-ci il aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi, iqtisadi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş digər məsələlər aiddir.

Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə əlaqələri tarixində ikitərəfli münasibətlərin ən yüksək zirvəyə ucalması, Qazaxstan, Özbəkistan, Qırızıstan və Türkmənistanla qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, türkdilli ölkələr arasında inteqrasya prosesinin geniş vüsət almasında Azərbaycanın körpü rolunu oynaması, habelə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatına çevrilərək yeni statusda fəaliyyəti göstərməsində xidmətləri böyükdür.

2021-ci il noyabrın 12-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qərar qəbul edib.

Dərin köklərə malik Qazaxıstan-Azərbaycan münasibətləri

Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Məlumat üçün bildirək ki, Azərbaycan ilə Qazaxıstan arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrından isə Azərbaycanın Qazaxıstanın Aktau şəhərində konsulluğu fəaliyyət göstərir. Lakin bu gün Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin də Bakıda dediyi kimi, 1990-cı illərdə iki dövlət arasında problemlər olub:

"Mən o dövrü xatırlayıram və əlbəttə, Sizin də yadınızdadır, bugünkü mövqedən həmin problemlər çox cüzi, çox kiçik idi, amma onlar var idi. Yadımdadır, biz 8 milyon dollar məbləğində borc problemini müzakirə edirdik. Belə bir problem var idi. Bu gün biz heç də təsadüfən demirik ki, əməkdaşlığımız strateji xarakter daşıyır. Ona görə ki, bunlar, sadəcə, gurultulu sözlər deyil, əməkdaşlıq özü onun həcmi baxımından məhz belə xarakter daşıyır".

Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər.

Ümummilli lider Heydər Əliyev Azərbaycan və Qazaxıstan arasında münasibətlərin yüksəlişinə həmişə böyük önəm verib. Ulu Öndərin həyata keçirdiyi xarici siyasət kursunda Azərbaycan-Qazaxıstan münasibətlərinin həm türk dövlətlərinin münasibətləri çərçivəsində, həm də ikitərəfli formatda inkişaf etdirilməsinə mühüm əhəmiyyət verilib. 1997-ci il iyunun 10-11-də Prezident Heydər Əliyev Qazaxıstana rəsmi səfər edib. Səfərin yekunlarına əsasən, Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında xüsusi əhəmiyyət kəsb edən bir sıra sənədlər imzalanıb.

Azərbaycanla Qazaxıstanı bir-birinə bağlayan iqtisadi bağlılıq

Prezident İlham Əliyev isə Qazaxıstana ilk rəsmi səfərini 2004-cü ildə edib. Səfər zamanı iqtisadi münasibətlər, xüsusilə Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına nəql edilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb. 2006-cı ildə "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında neftin Qazaxıstan Respublikasından Xəzər dənizi və Azərbaycan Respublikasının ərazisi ilə Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə beynəlxalq bazarlara nəql edilməsinə dəstək verilməsi və şərait yaradılması haqqında" müqavilə imzalanıb.

İki ölkə arasında yaxın dostluq münasibətləri 2004-cü il martın 1-də Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2005-ci il mayın 24-də Bakıda imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə daha da möhkəmləndirilib. Azərbaycan və Qazaxıstan arasında iqtisadiyyat sahəsində də əlaqələrin böyük tarixi var. Ümumilikdə, Azərbaycan ilə Qazaxıstan arasında 119 ikitərəfli sənəd imzalanıb. Bu sənədlər iki ölkənin münasibətlərinin müxtəlif sahələrdə inkişafına daha da töhfə verib.

Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 330 milyon dollardan çox olub. 2022-ci ildə isə bu rəqəmin 500 milyon dollara çatdırılması nəzərdə tutulub. Hazırda Azərbaycanda 165 Qazaxıstan şirkəti fəaliyyət göstərir. Qeyri-neft sektorunda Azərbaycandan Qazaxıstana indiyə qədər 204.3 milyon ABŞ dolları dəyərində sərmayə yatırılıb. Qazaxıstandan Azərbaycana isə bu sahə üzrə 98,8 milyon ABŞ dolları həcmində investisiya qoyulub.

Vətən müharibəsi dövründə Qazaxıstan dövləti, bütün qazax xalqı haqq-ədalətin yanında olub, ölkəmizin haqlı mübarizəsini dəstəkləyib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də öz çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevlə mütəmadi əlaqədə olduğunu və iki ölkə arasında əlaqələrin son illərdə yüksələn xətlə davam etdiyini bildirib.

Azərbaycan lideri bugünkü çıxışında əmin olduğunu bildirib ki, iki ölkə arasında əlaqələr gələcəkdə də uğurla davam edəcək, iki qardaş ölkə arasında münasibətlər uğurla inkişaf edəcək.

“Report”un analitik qrupu