“Ucsuz-bucaqsız fındıq sahələri salacağımızı dedikdə, heç kim bizə inanmırdı” - Fotolar+Video

ucsuz-bucaqsiz-findiq-saheleri-salacagimizi-dedikde-hec-kim-bize-inanmirdi
Oxunma sayı: 9947

“Əkinə yararsız və çaylaq əraziləri göstərib, gələcəkdə burada ucsuz-bucaqsız fındıq sahələri salacağımızı dedikdə, heç kim bizə inanmırdı. Odur ki, bu gün planlarımızın bir hissəsini həyata keçirərək yararsız torpaqları yaxın gələcək üçün bərəkət mərkəzinə çevirmişik”.

Bu sözləri “Qafqazinfo”ya müsahibəsində “Monte Ferro” Aqroparkının Qax rayon bölməsi üzrə rəhbəri Xəzər Əhmədov bildirib. Qeyd edib ki, şirkətin əsas missiyası əkinə tam yararsız, qumlu, daşlı və turşuluğu çox olan əraziləri yararlı vəziyyətə gətirib, daş-kəsək, koldan təmizləyərək münbitləşdirərək fındıq bağlarının salınmasıdır:

“Şirkətimiz 2016-cı ildə təsis olunub və intensiv fındıq bağlarının salınması ilə məşğuldur. Hazırda Qax və Şəki rayonları ərazisində fındıq bağları salınır. 4200 hektara yaxın torpaq fondumuz var. Ərazinin 600 hektardan çoxu özəl, 2000 hektarı ərazi Ekologiya və Təbii Sərvətlər Nazirliyindən və qalanı isə  müvafiq kənd bələdiyyələrindən uzunmüddətli icarəyə götürülüb.

Artıq 1750 hektara yaxın ərazidə İsraildən gətirilmiş damcı suvarma sistemindən istifadə olunur ki, bu da ölkə üzrə fındıqçılıq sahəsində bir ilkdir. İşlərimizin nəticəsinin yüksək səviyyədə olmasını fındıq kollarının inkişafında aydın olaraq görürük. Qlobal istiləşmənin getdikcə artdığı, su ehtiyatlarının sürətlə tükəndiyi  bir zamanda daha da çox quraqlıq olur ki, bu da bitkilərin qurumusına gətirib çıxarır. Damla suvarma sistemini tətbiq etməklə həm problemlərin qarşısını alırıq, həm də su ehtiyatlarını daha səmərəli istifadə edə bilirik”.

X. Əhmədovun sözlərinə görə, şirkət həmçinin rayon vətəndaşları üçün daimi və müvəqqəti olmaqla iş imkanları yaradır:

“Hazırda Qax rayonunda 60-a yaxın daimi və 200-ə yaxın mövsümi işçimiz var. 2 min hektara yaxın ərazidə 3.2 milyondan yuxarı fındıq tingi əkilib, gələcək üçün isə 10 milyondan çox fındıq tinginin əkilməsi nəzərdə tutulur.

Hətta, yerli camaat belə bu planın reallaşacağına, o cür yararsız torpaqlarda fındıq bağlarının salına biləcəyinə inanmırdı və ilk etapda öz işçilərimiz belə şübhə ilə yanaşırdılar. Min illərdir istifadə olmayan çay yataqları tam şəkildə istifadədən kənarda qalmışdı. Ərazilərdən böyük ölçüdə çay daşları yığılıb, bağ  formasına çatdırılması üçün daha çox insan əməyi sərf olunub.

Qeyd etdiyim kimi, ərazilər əsasən keçmiş çay yatağı olduğundan torpağın tərkibində minerallar azdır, qum faizi daha yüksəkdir. Torpağın daha məhsuldar olması üçün aqrotexniki qulluğa xüsusi əhəmiyyət veririk və böyük vəsait sərf edilir. Kübrələnmə, yaşıl budanma həyata keçirilir”.

Şirkətin gələcək planlarında fındıq emalı zavodunun tikilməsi də var:

“Bildiyimiz kimi, fındıq kol bitkisidir və barvermə müddəti orta hesabla 7 ildir. Yəni bu müddət ərzində məhsul verir. Gələcəkdə şirkətin qarşıya qoyduğu məqsədlərdən biri də fındıq emalı zavodunun tikilməsidir.

Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin Qax rayonunda fındıqçılıq üzrə keçirilən müşavirədə qeyd etdiyi kimi, fındıqçılıq respublikadan ixrac olunan kənd təsərrüfatı sahələri içərisində ən önəmlilərindən biridir.

Hal hazırda, ölkəmizdə iş adamları üçün yaradılmış biznes mühitinə görə ölkə rəhbərliyinə, bizə göstərdikləri ehtimad və köməklik üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Şəki və Qax rayonlarının İcra Hakimiyyətinin başçılarına, Sahibkarlığa Kömək Fonduna öz təşəkkürümüzü bildirir və əmin edirik ki, biz  "Monte Ferro" Aqroparkı olaraq qarşımızda duran vəzifələrin öhtəsindən müəffəqiyyyətlə gələcəyik və ölkə iqtisadiyyatının daha da güclənməsində, ixracyönlü məhsulların artmasında əlimizdən gələni edəcəyik ”.