Ukrayna “Georgian Airways”ə qarşı sanksiya tələb edir

ukrayna-georgian-airwayse-qarsi-sanksiya-teleb-edir
Oxunma sayı: 1162

Ukrayna Gürcüstanla Rusiya arasında birbaşa uçuşlara başlayan “Georgian Airways” aviaşirkətinə qarşı beynəlxalq sanksiyalar tətbiq edilməsini təklif edib.

“Qafqazinfo” “News Georgia” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın “Müharibə və Sanksiyalar” - Korrupsiyanın Qarşısının Alınması üzrə Milli Agentliyi yayıb. 

Məlumata görə, aviaşirkətdən başqa sanksiya tətbiq edilməsi riski altında olan hüquqi şəxslərin siyahısına “Aero Handling Georgia” şirkəti də daxil edilib. Bu şirkət isə Tbilisi və Moskva arasında uçuşların bərpa edilməsindən 1 ay əvvəl Rusiya aviaşirkətlərinə xidmət üçün yaradılıb. 

Bununla yanaşı, Ukrayna tərəfi “Georgian Airways” şirkətinin təsisçisi Tamaz Qaiaşvili və şirkətin sahibi olan qardaşı David Qaiaşviliyə qarşı sanksiyalar tələb edir. 

Xatırladaq ki, mayın 19-u Rusiya və Gürcüstan arasında 2019-cu ildən bu yana dayandırılan uçuşlar bərpa edilib. Həmin gün Rusiyanın “Azimut” aviaşirkəti Moskvadan Tbilisiyə uçuş həyata keçirib. Hadisə Tbilisidə sakinlərin etirazı ilə qarşılanıb və aksiya təşkil edilib. Mayın 20-si isə “Georgian Airways” şirkəti Tbilisidən Moskvaya birbaşa uçuşları bərpa edib.

 

eyd edək ki, iki ölkə arasında uçuşlar 2019-cu ildə Rusiya tərəfindən təktərəfli qaydada dayandırılıb. Buna səbəb isə Rusiya Dumasının deputatı Sergey Qavrilovun Gürcüstan parlamentində çıxışından sonra Tbilisidə baş verən kütləvi etirazlar olub. Rusiya Prezidenti Vladimir Putin isə mayın 10-u iki ölkə arasında uçuşlara qoyulan qadağanı ləğv edib. 

Gürcüstan 1990-cı illərin əvvəlində Abxaziya və Cənubi Osetiya üzərində nəzarəti itirib. 2008-ci ilin avqustunda baş verən müharibədən sonra isə Rusiya həmin ərazilərin müstəqilliyini tanıyıb, Gürcüstan isə cavab olaraq Rusiya ilə diplomatik əlaqələrini kəsib.