Tbilisidən də Moskvaya uçuşlar bərpa edildi

tbilisiden-de-moskvaya-ucuslar-berpa-edildi
Oxunma sayı: 1293

Gürcüstanın “Georgian Airways” şirkəti bu gün Tbilisidən Moskvaya birbaşa uçuşları bərpa edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, təyyarə yerli vaxtlar 08:00-da Tbilisi aeroportundan havaya qalxıb. Təyyarənin Moskva vaxtı ilə 10:15-də Vnukovo hava limanına enəcəyi gözlənilir.

Təyyarənin yarıdan çoxunun dolu olduğu bildirilir. Uçuşlar həftədə 7 dəfə həyata keçiriləcək. 

Xatırladaq ki, mayın 19-u Rusiya və Gürcüstan arasında 2019-cu ildən bu yana dayandırılan uçuşlar bərpa edilib. Dünən Rusiyanın “Azimut” aviaşirkəti Moskvadan Tbilisiyə uçuş həyata keçirib. Hadisə Tbilisidə sakinlərin etirazı ilə qarşılanıb və aksiya təşkil edilib. 

Qeyd edək ki, iki ölkə arasında uçuşlar 2019-cu ildə Rusiya tərəfindən təktərəfli qaydada dayandırılıb. Buna səbəb isə Rusiya Dumasının deputatı Sergey Qavrilovun Gürcüstan parlamentində çıxışından sonra Tbilisidə baş verən kütləvi etirazlar olub. Rusiya Prezidenti Vladimir Putin isə mayın 10-u iki ölkə arasında uçuşlara qoyulan qadağanı ləğv edib. 

Gürcüstan 1990-cı illərin əvvəlində Abxaziya və Cənubi Osetiya üzərində nəzarəti itirib. 2008-ci ilin avqustunda baş verən müharibədən sonra isə Rusiya həmin ərazilərin müstəqilliyini tanıyıb, Gürcüstan isə cavab olaraq Rusiya ilə diplomatik əlaqələrini kəsib.