“Üzeyir Hacıbəyli Azərbaycan musiqi irsində silinməz iz qoyub” - Yenilənib

uzeyir-hacibeyli-azerbaycan-musiqi-irsinde-silinmez-iz-qoyub
Oxunma sayı: 361

Məlum olduğu kimi, bu gün Milli Musiqi Günüdür. 

“Qafqazinfo” xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli, Mədəniyyət Nazirliyinin rəsmiləri, tanınmış mədəniyyət xadimləri əvvəlcə Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarı önünə çiçəklər qoyublar.

***

Mədəniyyət naziri Adil Kərimli Milli Musiqi Günündə dahi bəstəkar Üzeyir Hacıbəylinin məzarını ziyarət edərkən bildirib ki, 18 sentyabr Azərbaycan mədəniyyətinin ən əlamətdar günlərindən biridir:

“Bu tarix dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü kimi əlamətdardır”, - o qeyd edib.

Nazir bildirib ki, Milli Musiqi Günü ilə bağlı keçirilən tədbirlər Üzeyir Hacıbəylinin zəngin irsinə göstərilən diqqət və ehtiramın bariz nümunəsidir.

Vurğulayıb ki, bu il dahi bəstəkarın anadan olmasının 141-ci ildönümü qeyd edilir və bu baxımdan 18 sentyabr xüsusi əhəmiyyət daşıyır.

“Biz hər il ənənəyə sadiq qalaraq bu günü qeyd edirik. Azərbaycanın bütün bölgələrində, xüsusilə Şuşada, Laçında, Xankəndidə, Ağdamda, Füzulidə və digər ərazilərdə Milli Musiqi Günü qeyd olunur. Paralel olaraq, ənənəvi şəkildə Bakıda da bütün teatr müəssisələrində və mədəniyyət ocaqlarında da dahi bəstəkarın yaradıcılığına həsr olunmuş silsilə tədbirlər təşkil ediləcək. Üzeyir Hacıbəyli Azərbaycan musiqi irsində silinməz iz qoyub. Onun zəngin yaradıcılığı milli musiqi mədəniyyətimizin inkişafında mühüm rol oynamaqla yanaşı, Azərbaycan musiqisinin dünya səhnəsində tanıdılmasına və təbliğinə də böyük töhfə verib”, - nazir deyib.

Qeyd edək ki, mərasimdə həmçinin Mədəniyyət Nazirliyinin rəsmiləri, tanınmış mədəniyyət xadimləri iştirak ediblər. Əvvəlcə dahi bəstəkarın məzarı üstünə əklil qoyulub və tər çiçəklər düzülüb.

Çıxışlardan sonra mərasim iştirakçıları I Fəxri xiyabanda Azərbaycan musiqisinin korifeylərindən Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Rəşid Behbudov, Niyazi və Müslüm Maqomayevin də məzarlarını ziyarət ediblər.

***

Azərbaycan Milli Konservatoriyasında Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş tədbir təşkil olunub.

Tədbirdə mədəniyyət naziri Adil Kərimli, mədəniyyət xadimləri və tələbələr iştirak ediblər.

Tədbir çərçivəsində konsert proqramı təqdim olunub, proqramda dahi bəstəkarın əsərləri ifa olunub.

Tədbirdə çıxış edən Adil Kərimli əvvəlcə tədbir iştirakçılarını Milli Musiqi Günü münasibətilə təbrik edib. Daha sonra gənc ifaçıların təqdim etdiyi konsert proqramı ilə bağlı təşəkkürünü bildirib.

“Üzeyir Hacıbəylinin yaradıcılığı Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm mərhələ təşkil edir. Onun əsərlərinin bu gün gənc ifaçılar tərəfindən təqdim olunması bəstəkarın irsinin yaşadılmasının göstəricisidir”, - nazir bildirib.

Lamiyə Məmmədova