Vaşinqton və Brüsselin 5 aprel oyunu nəyə hesablanıb?!

vasinqton-ve-brusselin-5-aprel-oyunu-neye-hesablanib
Oxunma sayı: 1632

5 aprel 2024-cü il, Brüssel şəhəri və üçtərəfli masa. Masanın bir tərəfində bütün dünyaya meydan oxuyan, 9,8 milyon kv. km. əraziyə, 350 milyonluq əhaliyə və 1,6 trilyon dollarlıq büdcəyə sahib ABŞ, digər tərəfində isə 4,2 milyon kv. km. əraizisi, 450 milyon əhalisi və 190 milyard dollar büdcəsi olan Avropa İttifaqı oturacaq. Bu güclərin qarşısında isə nə Rusiya, nə də ki, Çin deyil, 29 min kv. km. ərazisi, 2 milyon əhalisi və 7 miyard dollarlıq büdcəsi olan və heç bir mənada müqayisəsi aparıla bilməyən Ermənistan oturacaq.

Ermənistan tərəfi hər şeyi saxtalaşdırdığı kimi, bu görüşü də özlərinin rolunun şişirdilməsi və böyük güclərlə masaya oturmaları şəklində qələmə verməyə çalışır. Ancaq Ermənistanın bütün reallıqlarını biz son 3 ildə bütün dünyaya nümayiş etdirdik və həmin nəhəng güclərin 5 aprel tarixində masada qarşılarında oturdacaqları Ermənistanı Azərbaycan dizi üstə çökdürüb artıq.

Bəs hərtərəfli mikro dövlət olan Ermənistan bu fövqəlgüclər üçün niyə belə əhəmiyyət kəsb edir ki, heç bir mənada ağırlıqları uyğun gəlməyən tərəflər onunla masaya otururlar? Ermənistanın onlar üçün təkcə hərbi və kəşfiyyat meydançası rolunu oynaya bilməsinə görəmi, yoxsa həm də Azərbaycana görəmi?

O Azərbaycan ki, özünün sülhməramlı missiyasını ən layiqli şəkildə yerinə yetirərkən, elə o ABŞ-nin əsgərinin Əfqanıstandan qaçarkən təhlükəsizliyini təmin etdi! Yenə də o Azərbaycan ki, elə o Avropa İttifaqının enerji təhlükəsizliyinin bu dəqiqədə də təmin edilməsində həlledici rollardan birini daşımaqdadır!

Bəlkə də, həmişə özlərinin siyasətlərində sağı göstərib sola zərbə endirən bu güclər bu dəfə də Azərbaycanı göstərib, Ermənistanın hələ ki, əsl sahibinə zərbə endirmək və onun xaltasını öz əllərinə keçirmək istəyirlər. Təbii ki, bütün bunlar bir neçə gün sonra bizə məlum olacaq. Ancaq hər bir halda görünən odur ki, Əfqanıstandan sonra Ukraynada, Yaxın Şərqdə və elə həm də Uzaq Şərqdə istəyinə çata bilməyən güclər sönmüş münaqişələri alovlandırmaq və yeni münaqişələr yaratmaq axtarışındadırlar.

Çünki, İkinci dünya müharibəsindən sonra başlayan Soyuq müharibə əslində bitməyib, sadəcə onun bir cəbhəsində oyunçular dəyişib. ABŞ və onun müttəfiqləri faktiki olaraq Sovetlər İttifaqını oyundan çıxarsalar da, əvəzində Rusiya və onun müttəfiqləri ilə müharibəni davam etdirirlər. Bir də, müharibənin aparılması şəklində dəyişiklik var ki, dövrün standartlarına uyğun olaraq 30 ildən çoxdur ki, davam edən yeni müharibəni daha çox “hibrid müharibə” adlandırırlar. Yenə də dünya hegemonluğu, böyük iqtisadi maraqlar uğrunda aparılan və eyni məqsədlərə xidmət edən, zamanla da dünyanın fərqli bölgələrində alovlanan və istiliyi heç də dünya müharibələrindəkindən az yandırmayan “hibrid müharibə”nin “soyuq müharibə”dən fərqi həm də ondadır ki, sadəcə onun başlanmasını elan edən “Fulton çıxışı” olmadı.

Hazırkı mərhələdə isə “hibrid müharibə” ən təhlükəli fazasına qədəm qoyub ki, bu da hər an prosesin bu mərhələsini yekunlaşdırıb növbəti mərhələyə keçməsini rellaşdıracaq yeni dünya müharibəsini başlada bilər. Çünki artıq uzun müddətdir ki, qlobal səviyyədə diplomatiya susub. Yox, hətta diplomatiya lal, kar və kor olub. Silahları və silahlanmanı qadağan edən bütün beynəlxalq müqavilələr, Fransa tərəfindən 1996-cı il Beynəlxalq Ədalət Məhkəməsinin nüvə sınaqlarını qadağan edən qərarını heçə saydığı andan qüvvədən düşüb. BMT TŞ-nin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktını təsdiq və qadağan edən qətnamələrinin, elə o qətnamələri imzalayan Fransa kimi dövlətlər tərəfindən tapdalandığı andan qüvvədən düşdükləri kimi. Faktiki olaraq hazırda dünyada böyük güclərin öz silah arsenallarını yeniləməsi və kütləvi şəkildə silahlanması prosesi gedir. BMT başda olmaqla bütün beynəlxalq təsisatlar özlərinin nizamnamələrinin tələblərini deyil, onları maliyyələşdirən güclərin sifarişlərini yerinə yetirirlər.

Bütün planeti bürüyən silah səslərinin və qlobal xaosun küyündə birdən 30 ildir ki, regionun və hətta dünyanın ikinci İsraili olmağa can atan Ermənistanın müstəqilliyinin, suverenliyinin və təhlükəsizliyinin təminatçısı olması öhdəliyini daşıdığını yada salan Fransanın 5 aprel görüşünü təşkil etməsi təsadüfidirmi?! O görüşə tələsən ABŞ və Aİ-nın çox həvəsli görünməsi də təsadüfdəndirmi?! Təbii ki, xeyr! Bu böyük bir oyunun tərkib hissəsidir. Elə bir oyun ki, onun nəticəsində bütün dünyada, o cümlədən də Cənubi Qafqazda idarə edilən və sükanı onların əlində olan xaos yaransın. Bəli, bu bir reallıqdır və bu reallıq 5 apreldən öncə də, sonra da hamımıza bəllidir. Çünki, Ermənistanın müstəqilliyini, suverenliyini və təhlükəsizliyini düşünənlər bunu keçən 30 ildən çox bir müddətdə onun adı müstəqil olub, özü isə Rusiyanın bir quberniyası kimi çıxış edəndə düşünməli idilər.

Azərbaycan isə bütün bu təhlükəli və hiyləgər oyunlardan, o görüşdə də nəyin baş verməsindən və bizə qarşı kağız parçalarının sayının artıb-artmamasından asılı olmayaraq nə edəcəyini çox gözəl bilir. Çünki, Prezident İlham Əliyevin yürütdüyü düzgün məntiqə əsaslanan praqmatik xarici siyasət və real hədəflərə hesablanmış uğurlu diplomatiya bu günə qədər çox sayda belə oyunları pozub. Unutmayaq ki, Ermənistan və ona rəhbərlik edənlər ancaq gücü və güclünü tanımağı bacarır, Azərbaycan Prezidenti İlham Əliyev isə onlardan fərqli olaraq, həm də güclü olmağı bacardığını isbat edib!

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov