“Vətən Qəhrəmanı” klipi təqdim olundu - Fotolar

veten-qehremani-klipi-teqdim-olundu
Oxunma sayı: 2329

Bu gün “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Anar Əliyevin əziz xatirəsinə ithaf olunmuş “Vətən Qəhrəmanı” adlı mahnı və klipin təqdimat mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Kəlbəcər və Xocavənd RİH başçıları, millət vəkilləri, şəhid ailələri və digər şəxslər iştirak ediblər. 

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə giriş nitqində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad olunan torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edib. Digər çıxışçılar bu cür tədbirlərin təşkilinin qəhrəmanlarımızın tanıdılması və onların xatirələrinin əbədiləşməsi baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd ediblər.  

Xalq şairi Vahid Əzizin sözlərinə yazılmış mahnının musiqisi bəstəkar-pianoçu Könül Hüseynovaya məxsusdur. Klipin rejissoru Orxan Ali maraqlı fiım süjeti ilə klipi zənginləşdirib və ona orijinallıq bəxş edib. Əsas obrazı isə aktyor Ruslan Sabirli canlandırıb.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı olan Anar Əliyev 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı briqada komandiri kimi Füzuli, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib və oktyabrın 21-də Xocavəndin Tuğ kəndi istiqamətindəki döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Anar Əliyev göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən Müharibəsi Qəhrəmanı” medalları ilə təltif edilib.