“Vəzifənin onların boylarına biçildiyini düşünürlər” - Adil Əliyev

vezifenin-onlarin-boylarina-bicildiyini-dusunurler-adil-eliyev-
Oxunma sayı: 791




Millət vəkili, Milli Məclisin Təhlükəsizlik və Müdafiə Məsələləri daimi komitəsinin üzvü Adil Əliyevin “Qafqazinfo”ya müsahibəsi


- Adil müəllim, İlqar Məmmədovun Milli Məclisi təhqir etməsi qarşılığında bir neçə millət vəkili ilə birgə onu məhkəməyə vermisiz. Bu işin məhkəmə perspektivini necə görürsüz?
- İlqar Məmmədov parlamenti təhqir etməklə, orada oturan bütün millət vəkillərini və onlara səs verən insanları təhqir edib. Hər yerindən duran parlamenti aşağılayacaqsa, ana və bacılarımızı təhqir edəcəksə, bunun cavabı verilməlidir. Demokratik ölkələrdə isə təhqirin cavabı məhkəmələrdə verilir. Bu məqsədlə mən də daxil olmaqla bir qrup millət vəkili adını çəkdiyiniz şəxsi məhkəməyə verməklə məsələnin həllinin hüquqi yolunu seçmişik. Parlamentin işinin və ya ayrı-ayrı millət vəkillərinin tənqidinin, hətta ən sərt şəkildə tənqidinin əleyhinə deyiləm, hər bir insan fərqli düşünə bilər, ancaq təhqir qəbuledilməzdir. Əgər dünənin politoloqu siyasətə məhz təhqirlə daxil olmaq istəyirsə, demək, onun insani keyfiyyətlərində nəsə ciddi problemləri var. Bu gün bizi təhqir edən sabah öz yaxın ətrafı üçün də eyni ifadələri işlədəcək.

- Nəyi nəzərdə tutursunuz?
- Millət vəkili Rasim Musabəyovun açıqlamasını oxudum. O, İlqar Məmmədovu yaxşı tanıdığını, münasibətləri olduğunu və onun yanlış ifadə işlətdiyini bildirib. İlqar Məmmədovun bizdən xoşu gəlməyə bilər, ancaq o bütövlükdə parlamenti təhqir etməklə yaxın olduğu Rasim Musabəyovu və ya orada oturan müxalif düşüncəli insanları da təhqir etmiş olub. Səhv etmirəmsə, ötən parlament seçkisində İlqar Məmmədov da millət vəkilliyinə namizədliyini irəli sürmüşdü. Sual olunur: Əgər İlqar Məmmədov bu gün parlamentdə otursaydı, bir başqasının onun əyləşdiyi məkanı təhqir etməsini, özünün heyvanla müqayisə olunmasını necə qəbul edərdi?

- Yəqin bu suala onun özü cavab verə bilər. Sizcə, parlamentin təhqir olunması düşünülmüş bir aksiya idi?
- Hiss olunur ki, haqqında danışılan şəxs parlamentin təhqir olunmasından siyasi xal yığmağa çalışır, bu olaya görə mətbuatın diqqət mərkəzində qalmasından, adının bu şəkildə çox hallanmasından həzz alır. Yəqin bu şəxsin yaxın gələcək üçün nəsə böyük iddiası var. Ancaq bu şəxs siyasətə sivil mübarizə yolu ilə daxil ola bilmədiyindən və bu yolda ətrafına tərəfdar toplaya bilmədiyindən, təhqirlə diqqəti özünə cəlb etmək istəyir. Demək, cəmiyyətin vəzifəsi bu yolun yanlış olduğunu, tənqidlə təhqir arasında fərq qoya bilmədiyini ona hüquqi müstəvidə anlatmaqdır.

- Adil müəllim, müxalifət iddia edir ki, parlamentə seçilənlər siyahı üzrə təyin olunublar. Buna reaksiyanız necədir?
- Mən ikinci dəfədir Milli Məclisə seçilirəm. Kimin ki, mənim millət vəkili seçilməyimə şübhəsi var, gəlsin yaşadığım əraziyə və vətəndaşlar arasında kiçik bir sorğu aparsın. Hətta kim istəyirsə gün də təyin edə bilərik, seçicilərimi böyük bir zala dəvət edək, görüş keçirək, jurnalistlər də gəlsinlər. Mən necə halal səslərlə parlamentə seçildiyimi istənilən vaxt və istənilən yerdə şübhəsi olanlara sübut etməyə hazıram. Zala və zalın ətrafına yığışacaq minlərlə insan da bunun əyani sübutu olacaq.

- Özünüzə yaman əminsiniz...
- Əmin olmasam, bu qədər qətiyyətli danışmaram. Mən seçicilərimin etibarını əməyimlə, fəaliyyətimlə qazanmışam, heç kimdən də asılılığım yoxdur. Dairəmdə yaşayan insanların böyük əksəriyyətini tanıyıram, problemlərinə də bələdəm və bu neçə ildə çoxsaylı problemlərin həlli ilə məşğul olmuşam, indi də məşğulam. Bu mənim borcumdur. Millət vəkili olmadan da bu işləri görürdüm, gələcəkdə də görəcəm. Gördüyü işlər haqqında danışanlardan deyiləm, buna seçicilər qiymət verə bilər, ancaq bəzən insanı buna məcbur edirlər. Bu illərdə yaxınlarımın, dostlarımın dəstəyi sayəsində və öz imkanlarım hesabına dairəmdəki məhəllələrdə 5 xeyir-şər evi tikib, 15-ni də əsaslı təmir etdirmişəm. Ərazimizdəki 6 məktəbin problemlərinin həllində daima iştirak edirəm, uşağını 1-ci sinfə göndərən imkansız ailələrə yardım edirəm. Hər il Qurban bayramını seçicimlərimizlə birgə qeyd edirik. Qərargahım seçicilərin üzünə açıqdır, ayda yüzlərlə seçicini qəbul edir, şikayətlərini dinləyirəm. Nəyə imkanım, gücüm çatırsa, onu edirəm, ağır xəstələrin müalicəsinə də əl tutmağa çalışıram. Ancaq bu o demək deyil ki, seçicilərimin bütün problemlərini həll etmək iqtidarındayam. Məsələn, iş xahişi ilə müraciət edən seçicilərim var, belələrinə köməyim az dəyir. Çünki, bu məndən asılı olan məsələ deyil, hansısa idarəyə zəng edib nəsə xahiş edə bilərəm, ancaq bu o demək deyil ki, iş tapılacaq. Digər tərəfdən, bəzi nazirliklərdə millət vəkilini eşidən də azdır, sorğulara cavab verilmir. Halbuki, məmurlar millət vəkillərini dinləməli, onlarla təmasdan qaçmamalıdırlar.

- Opponentləriniz Məclisin işində fəal olmadığınızı iddia edirlər...
- Milli Məclisdə eyni fikri təkrarlamağa nə ehtiyac var? Əsas odur ki, problem səsləndirilsin və həlli yolları tapılsın. Onu mən deyəcəm, ya başqa millət vəkili söyləyəcək, bunun elə də böyük əhəmiyyəti yoxdur. O ki qaldı, üzvü olduğum komitənin işinə, iclaslarda öz fikrimi və qeydlərimi sərbəst şəkildə dilə gətirirəm. Çıxışlarımda daima orduya diqqət və ordu üzərindəki nəzarətin artırılmasını vurğulayıram. Məsələn, hesab edirəm ki, zabit və əsgərlərin maaşları kifayət deyil. Türkiyədə hərbçilərə birdəfəlik maliyyə yardımı edirlər. Bizdə niyə belə olmasın? Hər bir Azərbaycan zabiti evlə təmin olunmalıdır. Zabit bilməlidir ki, onun başına iş gəlsə, ailəsi evsiz qalmayacaq, dövlətin qayğısından əskik olmayacaq. Ön cəbhədə olan əsgər və zabitlərimizin sosial problemləri xüsusi olaraq diqqət mərkəzində saxlanılmalı, maaş və gələcək müavinətləri yüksək olmalıdır. Bunları hər zaman söyləyirəm və söyləməkdə də davam edəcəm. Millət vəkili kimi əsas vəzifələrimdən biri də qeyd etdiyim kimi, seçicilərimin problemləri ilə məşğul olmaqdır. Ayrı-ayrı binaların bloklarında işıqlandırma sistemi ləğv edilib, liftlərin istismar müddətləri bitib. Bu kimi problemlərlə də məşğul olmaq məcburiyyətindəyəm. Halbuki, bu millət vəkilinin birbaşa vəzifəsi deyil. Ayrıca, bu yaxınlarda “Erməni genosidi: mif və reallıqlar” adında kitab çap etdirmişik. Noyabrın 17-də kitabın təqdimat mərasimini keçirəcəyik və maraqlananları, o cümlədən jurnalistləri həmin tədbirə dəvət edirəm.

- Adil müəllim, ölkəmizdə problemlər də az deyil, bu problemlərin həlli Sizi qane edirmi?
- Azərbaycanın inkişafı cənab prezidentin diqqət mərkəzindədir. Ölkə ildən-ilə dəyişir, irəliyə gedir, bunu xarici qonaqlar, kənar müşahidəçilər də dönə-dönə qeyd edirlər. Ancaq inkişaf olan yerdə problemlər də olacaq, sadəcə, bəzən problemlərin həllinə başdansovdu yanaşma sezilir. Məsələn, asfalt çəkirlər, bir ildən sonra dağılır, yenisini çəkirlər. Axı bu qədər israfçılığa yol vermək olmaz. Bəzi məmurlar sıravi vətəndaşdan o qədər uzaq düşüblər ki, sanki özlərini göylərdə hiss edirlər, vəzifənin onların boyunlarına biçildiyini düşünürlər. Bu yaxınlarda hava limanında bir hadisə baş vermişdi, xarici ölkə vətəndaşı olan soydaşımız yaşadığı ölkəyə geri qayıdarkən, onu saatlarla polis idarələrinin birində saxlayıblar, daha sonra ona heç bir izahat vermədən sərbəst buraxıblar. Nəticədə o, təyyarəyə gecikib və buna görə heç kim ondan üzr istəməyib. Bu kimi neqativ hallar inkişaf edən ölkəmizin adına ləkə gətirir.

- Prezidenti olduğunuz Azərbaycan Kikboksinq federasiyasında nə yenilik var?
- Fəaliyyətimizi çətinliklə də olsa davam etdiririk. Cənab prezident olimpiya idman növləri ilə bərabər qeyri-olimpiya növlərinə də eyni diqqətin və qayğının vacib olduğunu vurğulayıb. Ancaq təəssüf ki, bəzi rayonlarda qeyri-olimpiya növlərini sıxışdırırlar. Belə getsə, rəsmi qurumlara müracət etməli olacam. Buna baxmayaraq, fəaliyyətimizi uğurla davam etdiririk. Dövlət büdcəsindən federasiyamıza maliyyənin az ayrılmasına baxmayaraq, öz imkanlarımız hesabına idmançıları yüksək səviyyədə hazırlaşdırır və müxtəlif idman yarışlarına göndəririk. Təsadüfi deyil ki, qeyri-olimpiya növlərində qazanılan medalların sayına görə Azərbaycan Kikboksinq federasiyası 1-ci yerdədir. On minlərlə üzvümüz var və biz idmançıları yalnız medal qazandırmaq üçün hazırlamırıq, məqsədimiz həm də ordumuza sağlam və döyüşkən əsgər yetişdirməkdir. Bu sayı da ildən-ilə artırırıq.