“Vəziyyət pisləşsə, daha çox yerlər bağlanacaq”

veziyyet-pislesse-daha-cox-yerler-baglanacaq
Oxunma sayı: 9909

Son günlər həm dünyada, həm də Azərbaycanda “COVID-19”la bağlı yoluxma statistikasında kəskin artım müşahidə olunur. Azərbaycanda təkcə ötən sutka ərzində 369 yeni növ koronavirusa yoluxma qeydə alınıb. Ölkə üzrə aktiv xəstə sayı da 2 min nəfəri keçib. Mütəxəssislər xüsusən, xəstəxana şəraitində müalicə alan ağır xəstələrin çox olduğunu və yay dövrü ilə müqayisədə xəstələrdə prosesin daha ağır getdiyini açıqlayıblar. Hətta vəziyyətin pisləşməsi iə əlaqədar ölkədə bəzi məhdudiyyətlərin də tətbiqinə başlanılıb. 

Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl “Qafqazinfo”ya açıqlamasında bildirib ki, əgər qaydalara riayət olunmasa, tətbiq olunan məhdudiyyətlər də çoxala bilər:

“Azərbaycanda koronavirusla bağlı vəziyyət nəzarət altındadır və yəqin ki, nəzarət altında saxlanılacaq. Hazırda müəyyən ocaqlar tapılıb, həmin ocaqları təcrid edəcəklər. Artıq bu prosesə başlanılıb, bəzi kəndlər, rayon mərkəzləri, hətta şəhər də bağlanıb. Bu vəziyyət getdikcə daha da artacaq və müxtəlif yerlər bağlanacaq. Bunun başqa çarəsi yoxdur”.

V. İsmayıl bildirib ki, ikinci dalğanın gələcəyi əvvəldən də məlum idi:

“Bilinirdi ki, peyvənd tapılmasa, üçüncü, hətta dördüncü dalğa da ola bilər. Sözsüz ki, yoluxmuş insanların sayındakı artış insanların davranışına bağlıdır. İnsanlar sosial məsafəni pozduğu zaman virus daha çox kütləyə yayılır və yoluxan insanların sayı artır. Bunun qarşısını almaq üçün insanların davranışlarını dəyişmək, karantin qaydalarına, sosial məsafə qaydalarına uyğunlaşdırmaq lazımdır. Artıq mart ayından bəri əhaliyə çağırış edirik, eyni şeyləri təkrarlayırıq. İnsanlar onu başa düşməlidirlər ki, bu virus zarafat deyil”.

Xatırladaq ki, Azərbaycanda səhiyyə rəsmiləri əhaliyə zəruri olmadan insanların kütləvi toplaşdığı yerə getməməyi, lazım olmadığı halda ictimai nəqliyyatdan istifadə etməməyi, sosisal məsafə saxlamağı və maskadan düzgün istifadə etməyi tövsiyə edirlər. 

Gülnar Əliyeva