Vüqar Həşimovun xatirəsinə həsr olunan turnirin açılışı oldu - Yenilənib

vuqar-hesimovun-xatiresine-hesr-olunan-turnirin-acilisi-oldu
Oxunma sayı: 3127

Bu gün Bakıda Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunmuş 7-ci beynəlxalq superturnir start götürəcək.

“Qafqazinfo” xəbər verir ki, “Fairmont Baku” hotelində keçiriləcək və dekabrın 23-dək davam edəcək turnirdə 8 şahmatçı – Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli (hər üçü Azərbaycan), Fabiano Karuana (ABŞ), Sergey Karyakin (Rusiya), Riçard Rapport (Macarıstan), Vişvanatan Anand (Hindistan) və David Navara (Çexiya) mübarizə aparacaq.

Turnirin reytinq favoriti Karuana və sabiq dünya çempionu Ananddır. ABŞ şahmatçısı 2 770 reytinq əmsalı ilə rapid, hindistanlı qrossmeyster isə 2 825 reytinq əmsalı ilə blits turnirinin reytinq favoritidir.

Şahmatçılar turnirdə rapid və blits üzrə yarışacaqlar. Qalib hər iki turnirin yekun nəticəsinin cəminə əsasən, məlum olacaq.

Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə təşkil olunacaq.

Qeyd edək ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.

Ötən il koronavirus pandemiyası ilə əlaqədar turnir baş tutmayıb.

***

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr edilən yeddinci super turnirin dekabrın 18-də təntənəli açılış mərasimi olub.

Mərasimdə Vüqar Həşimovun xatirəsi bir dəqiqəlik sükutla anılıb, tanınmış şahmatçının xatirəsinə həsr edilən videoçarx nümayiş olunub.

Daha sonra yarışın püşkü atılıb.

Rapid yarışının birinci turunda Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov Çexiya idmançısı David Navara, Rauf Məmmədov hindistanlı Vişvanatan Anand, Vüqar Əsədli isə Fabiano Karuana ilə qarşılaşırlar. Rusiyalı Sergey Karyakin isə Macarıstan zəka sahibi Riçard Rapporta rəqib olub.

Super turnirdə ilk gedişləri Vüqar Həşimovun atası Qasım Həşimov və Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvili ediblər.

Qeyd edək ki, sayca yeddinci dəfə təşkil olunan “Vüqar Həşimov memorialı”nda qalib adı uğrunda 8 şahmatçı – Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, amerikalı Fabiano Karuana, Rusiya şahmatçısı Sergey Karyakin, Macarıstan idmançısı Riçard Rapport, hindistanlı Vişvanatan Anand və çexiyalı David Navara mübarizə aparırlar. Şahmatçılar turnirdə rapid və blits turnirlərində yarışırlar. Rapid yarışları 14 turdan ibarət olacaq və dekabrın 21-dək davam edəcək. Dekabrın 22-23-də isə blits yarışları keçiriləcək. Rapid yarışı 15 dəqiqə + 10 saniyə, blits turniri isə 5 dəqiqə + 3 saniyə nəzarət vaxtı ilə təşkil olunacaq.

Xatırladaq ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.