Xaçatryanın məhkəməsi keçirilib - Fotolar - Yenilənib

xacatryanin-mehkemesi-kecirilib
Oxunma sayı: 4918

Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə istintaqı başlayır.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayevin sədrliyi ilə keçiriləcək ilk baxış iclasında prokuror ittiham aktını elan edəcək.

Prosedura uyğun olaraq daha sonra Vaqif Xaçatryan ittihama münasibət bildirməli, özü istəyərsə, sərbəst ifadə verməlidir.

Proses saat 10:00-da başlayacaq. 

Qeyd edək ki, Vaqif Xaçatryan xüsusilə ağır cinayətdə ittiham olunur. Onun təqsirləndirildiyi maddələrin sanksiya həddi ömürlük azadlıqdan məhrum etməyə qədərdir.

***

Məhkəmə başlayıb.

***

Prokuror Müqəddəs Sultanov ittiham aktını elan edir.

***

Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda prokuror Müqəddəs Sultanov ittiham aktını elan edib.

Xaçatryan Vaqif Çerkezoviç təqsirləndirilir ondan ötrü ki, o, 1992-ci ilin dekabrında erməni milliyyətindən olan digər şəxslərlə birgə Xocalı rayonunun Meşəli kəndində yaşamış azərbaycanlıları bir milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə kəndə basqın edib.

Onun da üzv olduğu qrup müxtəlif silahlardan istifadə etməklə 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, 358 nəfər azərbaycanlını isə yaşadıqları yerlərdən didərgin salıb. Bundan başqa, Vaqif Xaçatryan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus 5 milyon 496 min 900 manatlıq əmlakı məhv edib.

Göstərilən əməllərə görə, Xaçatryan Vaqif Çerkezoviçə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 116.0.1, 116.0. 6. , 116.0.11 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə ittiham irəli sürülüb.

***

Vaqif Xaçatryan verilmiş ittihamlara münasibətdə özünü təqsirli bilməyib:

“İttihamla razı deyiləm. Özümü günahkar hesab etmirəm”.

“Mən bu deyilən döyüşlərin heç birində iştirak etməmişəm. Heç bir qrupa qoşulmamışam. Burda deyildi ki, hansısa qruplar, atışmalar olub. Mən onların heç birində olmamışam. Orada yaşayan azərbaycanlılar hamısı mənə yaxın adamlar olub”, - ittiham olunan şəxs bildirib.

***

Daha sonra V.Xaçatryan tərəflərin suallarını cavablandırıb.

Prokuror Xaçatryandan zərərçəkmişlər - Məmməd Kazımov və Zakir Novruzovu haradan tanıdığını soruşub. Təqsirləndirilən şəxs adı çəkilən zərərçəkmişləri yalnız kənd sakini kimi tanıdığını deyib: “Üzdən xatırlayıram. Ramin İbrahimin oğlu idi. İbrahim isə mənim qardaşımla kirvədir”.

Prokurorun növbəti sualı zərərçəkmişlərdən birinin idarə etdiyi təcili tibbi yardım avtomobilinə silahlı hücumla bağlı olub. Təqsirləndirilən şəxs bu hadisəni də boynuna almayıb. V.Xaçatryan hadisələrdə iştirak edən erməniləri də kənd sakini kimi tanıdığını deyib.

***

V.Xaçatryanın işi üzrə zərərçəkmiş qismində tanınmış Nemət Rəcəbov: “Vaqif bu işlərdə iştirak edib və kəndə hücuma rəhbərlik edənlərdən olub”.

Zərərçəkmiş hadisələr vaxtı Meşəli polis şöbəsində işləyib. Eks-polisin sözlərinə görə, həmin vaxt kənd sakinləri dəhşətli işgəncələrə məruz qalıb: 

“Biz inanmazdıq Badara kəndindən bizə hücum eləsinlər. Bunlar ömür boyu Meşəli kəndinin camaatının çörəyini yeyiblər. Yedikləri çörəyə dəyər vermədilər. Kənd ağsaqqalları qərar verdi ki, ilk olaraq qadın, qoca, uşağı çıxartmaq lazımdır. Sonradan kolxozun idarəsini də vurdular. Biz orada müqavimət göstərməyə çalışdıq. Kənddən 28 nəfəri öldürdülər, meyitlərinə işgəncə verdilər.

Azərbaycan demokratik dövlətdir. Qanun necə deyirsə, Xaçatryanın o cür cəzalandırılmasını istəyirəm”.

***

Zərərçəkmiş Arzu Qasımovanın atası şəhid olub, anası yaralanıb. O, məhkəmədən Xaçatryana ən ağır cəza verilməsini xahiş edib:

“Mənim 25 yaşım var idi. Düzü danışmaq çox ağırdır. O hadisəni xatırlamaq belə dəhşətdir. Elə yara vurublar ki, heç vaxt sağalmaz. Bizim körpələrə, gəlinlərə, qocalara rəhm etmədilər. Atam şəhid oldu, anam ağır yaralandı. Anam yaralı halda meşənin içi ilə ərazidən çıxdı. Cammat onun qan izi ilə gedirdi”.

Zərərçəkmiş Şakir Qonaqov da məhkəmədə ifadə verib:

“Qardaşım Musa Qonaqov 1991-ci ildə Meşəlidə öldürülüb. Qardaşım yaralı olan bir neçə hərbçini xilas edib, özünü güllələyiblər. Bundan sonra da ürəkləri soyumayıb, meyitini güllələyiblər. Bunlar Azərbaycanın çörəyini yeyib, başımıza oyun açıblar”.

***

“Vaqif Meşəlidə də, Xocalıda da iştirak edib. Bunun əli qandır”.

Bu sözləri zərərçəkmiş Sadiq Hacıyev deyib.

Zərərçəkmiş deyib ki, Meşəli sakini Ramil Kazımovu Vaqif Xaçatryan güllələyib:

“Həmin vaxt bundan başqa Vaqif yox idi. Hadisə şahidlərindən biri də demişdi ki, Ramili Vaqif vurub. Bunun əli tamamilə qandır”.

***

Zərərməkmiş Ramil Sadıqovun gözünün qarşısında babasını və nənəsini öldürüb, özünü girov götürüblər.

R.Sadıqov deyib ki, babasını və nənəsini öldürdükdən sonra meyitlərini güllələyiblər: “Mişa adlı erməni məni Badara kəndinə apardı. Yaxınları ilə dəyişmək istəyirdi. Sonradan məni onun əlindən aldılar, Əsgəranda 3 erməni ilə dəyişdilər”.

***

Zərərçəkmiş Təhmiraz Məmmədov Vaqif Xaçatryanı şəxsən tanıdığını deyib:

“Bunu yaxşı tanıyıram. Laçında saxlanılma videosunu görən kimi qışqırdım ki, bu, Vaqifdir. Yadıma gəlir, o vaxt bir gəlini yandırmışdılar. Ermənilər də deyirdilər ki, Vaqif yandırıb. Ən ağır cəza hansıdırsa, o cəza verilsin”.

***

Proses oktyabrın 18-də davam etdiriləcək.

Sail Ağasəlim

Foto: Pərvin Zeynal