“Xaliq Faiqoğlu”dan “Qarabağ-Roma” oyununa görə jest - Sürücülər mükafatlandırıldı - Fotolar

xaliq-faiqogludan-qarabag-roma-oyununa-gore-jest
Oxunma sayı: 6457

Məlum olduğu kimi, “Qarabağ” futbol klubu Azərbaycanın futbol tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Bu məqsədlə 27 sentyabr 2017-ci il tarixində Bakı Olimpiya stadionunda baş tutan “Qarabağ-Roma” oyununu izləyən azarkeşlərin rahat və təhlükəsiz daşınması məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən təşkil olunmuş X-2 Express xəttində “XALİQ FAİQOĞLU” şirkəti müasir avtobuslarla peşəkar sürücü və dispetçer heyəti ilə fəal iştirak edib.

"Qafqazinfo" xəbər verir ki, bu məqsədlə saat 16.30-dan etibarən şirkətin istismarında olan 20 ədəd ən müasir avtobuslarla 10 000 nəfərə yaxın azarkeşlərin Gənclik metro stansiyasının yaxınlığından BAKI Olimpiya stadionuna, oyun bitdikdən sonra isə 120 ədəd ən müasir avtobuslarla 11 000 nəfərə yaxın sərnişinlərin əks istiqamətə daşınması təşkil olunmuşdur. Prosesə şirkətin 120-dən çox sürücüsü, 20 nəfər dispetçer heyəti, 10 nəfər icraçı şəxs cəlb olunub.

Təxmini hesablamalara görə, “Xaliq Faiqoğlu” şirkəti tərəfindən həmin gün 21 mindən artıq azarkeşə pulsuz nəqliyyat xidməti göstərilib.

Bu məqsədlə tədbir günü sərnişindaşıma xidmətinin təşkilində nümunəvi fəaliyyətinə görə seçilən sürücü və dispetçerlərin mükafatlandırılması üçün şirkətin inzibati binasında media nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan “Xaliq Faiqoğlu” şirkətinin baş direktoru Faiq Seyidov dövlət başçısının diqqət və qayğısı nəticəsində ölkəmizdə idmanın sürətlə inkişaf etdiyini və bunun nəticəsi olaraq artıq bir neçə ildir Azərbaycanın dünyanın ən mötəbər idman yarışlarına uğurla və yüksək təşkilatçılıqla ev sahibliyi etdiyini bildirmişdir. F.Seyidov demişdir: “Bu yarışların təşkili prosesində gələn qonaqların, idmançıların, oyunların izləyicilərinin rahat və təhlükəsiz şəkildə daşınmasında peşəkar sürücü və dispetçer heyəti ilə “Xaliq Faiqoğlu” şirkəti hər zaman nümunəvi fəaliyyəti ilə seçilmişdir. I Avropa Oyunlar, IV İslam Həmrəyliyi oyunları və digər tədbirlərdə “Xaliq Faiqoğlu” şirkəti müasir avtobuslarla istər qonaqların, istərsə vətəndaşların daşınmasında aktiv və təmənnasız xidmət göstərmişdir. Nümunəvi fəaliyyətinə görə şirkət müvafiq dövlət qurumları tərəfindən dəfələrlə mükafatlandırılıb”.

Sonda oyun zamanı azarkeşlərin daşınmasında fəal iştirak etmiş sürücü və dispetçerlər şirkət rəhbərliyi tərəfindən təşəkkürnamə ilə təltif olunublar.