“Xalqımızın içindən barmaqla sayılacaq qədər Hafiz Hacıyev çıxır”

xalqimizin-icinden-barmaqla-sayilacaq-qeder-hafiz-haciyev-cixir
Oxunma sayı: 729



AXCP sədri Əli Kərimli “Obyektiv TV”yə müsahibəsində mərhum prezident Əbülfəz Elçibəyi onun zəhərlədiyi ilə bağlı iddianı və cinayət işinin başlanmasını “absurd” adlandırıb. Xatırladaq ki, Müasir Müsavat partiyasını sədri Hafiz Hacıyevin iddiası əsasında Bakı Şəhər Prokurorluğunda Elçibəyin ölüm səbəbi ilə bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb. Prokurorluq cinayət işinin fakta görə açıldığını bildirsə də, Hafiz Hacıyev iddiasında Ə.Kərimlinin adını hallandırıb. Ə.Kərimli “Obyektiv TV”yə deyib ki, bu baxımdan cinayət işinin məhz ona qarşı hazırlandığı şübhə doğurmur.



- Prokurorluqda Elçibəyə qarşı zəhərlənmə iddiası ilə cinayət işi başladılıb. Bu qərarı necə qiymətləndirirsiniz?

- Həddindən artıq absurd və qeyri-ciddi. Əslində bu məsələ bir neçə ay idi müzakirə olunurdu. Hafiz Hacıyev neçə müddət idi ki, müraciət etmişdi. Guya indi bunlar göstərmək istəyirlər ki, cinayət işini fakta görə qaldırırlar, sonra fakta görə araşdırma aparacaqlar. Ancaq orada söhbət, cinayət işini mənə qarşı qaldırmaqdan gedir. Bu da absurd bir şeydir. Bu hökumət bir tərəfdən Əbülfəz Elçibəyi - böyük dövlət adamını devirib, onun qurduğu respublikanın yerində monarxiya qurub, bütün dəyərlərini, onun hörmət etdiyi, uğrunda mübarizə apardığı idealları ayaqlayıb. O biri tərəfdən də, indi guya Elçibəyi sevən olublar, Elçibəy davası aparırlar. Hamı bilir ki, rəhmətlik Əbülfəz Elçibəy uzun sürən xəstəlikdən - xərçəng xəstəliyindən dünyasını dəyişib. Hamı bilir ki, Heydər Əliyev də xərçəng xəstəliyindən dünyasını dəyişib. Bu xəbəri eşidəndə birinci reaksiyam bu oldu ki - İlham Əliyev daha niyə utanırdı, birbaşa deyəydi ki, atamı da sən öldürmüsən. Bir halda ki, mən xərçəng xəstəliyi yarada bilirəm, Heydər Əliyevin öldürülməsi ittihamını da mənə qarşı irəli sürmək olardı. Bunu ciddiyə alıb təhlil etmək də çətindir. Görün, hökumət hansı vəziyyətdədir ki, belə bir absurda gedib.

- Bu məsələ ortaya atılanda mətbuat yazdı ki, prezident seçkiləri başladı. Namizədliyinizi irəli sürəcəksinizmi? İctimai Palatada da vahid namizədlə bağlı müəyyən müzakirələr aparılmışdı. Bu məsələyə aydınlıq gətirməyin vaxtı deyilmi?

- Sualınızın bu hissəsinə cavab verəcəm. Ancaq ondan qabaq bir məqama aydınlıq gətirmək istəyirəm. Dediniz ki, mətbuat bu çirkin kampaniyanı 2013-cü ildə keçiriləcək seçkilərə ünvanlamış kampaniya kimi qiymətləndirdi. Həqiqətən bu belədir. Bizim danışdığımız bu absurdu hökumət nümayəndələri də bilir. Onlar düşünüb-daşınıb bu qərarı veriblər. Neçə aydır bu, hökumətyönlü saytlarda müzakirə mövzusu idi. Deməli, bunlar şüurlu şəkildə bu absurda gediblər. Niyə gediblər? Belə məntiqsiz, absurd, beynəlxalq aləmdə gülüşə səbəb olacaq bir addımı kim atar? O adam atar ki, qorxu və təşviş içindədir, isterikadadır, çox narahatdır. Ortalığa bu çıxdı ki, hakimiyyət böyük bir gərginlik keçirir. Niyə bu gərginliyi keçirir? Özlərini tox tutmağa çalışsalar da, bütün diktatorların taleyini görürlər. Domino daşları kimi bir-bir devirilirlər, xalqlar hər yerdə öz bayraqlarını qaldırırlar, qalib olurlar. Növbə gəlib çatır deyə, qorxu içindədirlər. Nə qədər insanı məhv eləyiblər, ölkənin nə qədər var-dövlətini talan ediblər. Artıq görürlər ki, xalq da bunların nə etdiklərindən xəbər tutub. Buna görə qorxu içindədilər. Bu, 2013-lə bağlı bir ssenaridir. Nələrə hesablamışdılar bunu? Bu söhbəti ortaya atmaqla müxalifət düşərgəsində mənasız bir intiriqa yaradacaqlar, müxalifət 12 il əvvələ qayıdacaq və yenidən “kim Elçibəyə yaxın olub” kimi söhbətlər müzakirə olunacaq. Seçkilər qalacaq arxa planda, müxalifət özüylə məşğul olacaq. Alınmadı. Niyə alınmadı? Xalqımızın doğrudan da gözü tərəzidir. Xalqımız o qədər yaxşı xalqdır ki, onun içindən barmaqla sayılacaq qədər Hafiz Hacıyev çıxır. Heç kim Hafiz Hacıyev olmaq, onunla bir sırada olmaq istəmir. Hətta mənə siyasi opponent olan insanlar da bu çirkin oyunda iştirak etmək istəmədilər. Hökumətin bu kampaniyası alınmır. Əksinə, müxalifət düşərgəsində birləşmə daha da güclənir. İkinci məqsədləri nədən ibarət idi? 2013-cü ildə İctimai Palatanın və müxalifətin imkanlarını məhdudlaşdırmaq. Baxaq görək, bu plan baş tutacaqmı? Əlbəttə, müəyyən zorakılıq göstərə, zorakılıqla istədikləri qərarı verə bilərlər. Məni nəinki həbs edə, istəsələr lap öldürə də bilərlər. Ancaq bu onları qələbəyə aparıb çıxaracaqmı? Mən qəti əminəm ki, yox. Əksinə, bəlkə də, insanların mübarizəyə daha aktiv qoşulmasına gətirib çıxaracaq. Bizim ölkədə yanlış bir şey var ki, cəmiyyət ayrı-ayrı şəxslərdən çox şey gözləyir. Bizdən imkanımızdan artığını gözləyirlər. Xalqımıza izah etməliyik ki, ayrı-ayrı şəxslərin rolu nə qədər böyük olsa da, ümumxalq hərəkatı olmadan böyük nəticələrə, böyük dəyişikliklərə nail olmaq olmaz. Ona görə də ayrı-ayrı müxalifət liderlərinə qarşı absurd ittihamlar cəmiyyətə mesajdır. Nədir bu mesaj? Baxın, içərinizdə bir-iki nəfər cəsarətli lider olsa da, hökumət onu istənilən vaxt bir absurd ittihamla təcrid edə bilər. Deməli, bu xalqın taleyi hansısa bir-iki nəfərdən asılı olmalı deyil. Bu xalq özü öz taleyinə sahib çıxmalıdır. Ona görə, bu hesab da özünü doğrultmur. Və nəhayət, hökumət hər kəsdən çox maraqlı olmalıdır ki, bu ölkədə hakimiyyət dəyişikliyi seçki yolu ilə olsun. Onsuz da, dəyişiklik labüddür. Bir sülalənin hakimiyyəti nə qədər ola bilər? Məni bu şəkildə seçkidən kənarda qoysalar, o cümlədən başqalarına qarşı da buna bənzər hərəkətlər olsa və nəticədə seçki prosesi tıxansa, nə olacaq? Xalq artıq başqa yollar axtaracaq. Məgər Misirdə, başqa ölkələrdə məsələlər seçki yolu ilə həll olundu? Gözümüzün qabağında Qubada xalq nümunə göstərmədi ki zalım başçıdan necə xilas olmaq olar? Ona görə seçki yolunun tıxanmamasına hakimiyyət özü maraqlı olmalıdır.

Namizədliyimə gəlincə, əlbəttə ki, mən prezidentliyə potensial namizədlərdən biri sayılıram. Əgər Azərbaycan xalqı bu məsuliyyəti mənim üzərimə qoysa, onu məmnuniyyətlə daşıyaram. Amma bir məqamı açıq və birmənalı deyirəm - hazırda vahid namizədlə bağlı müzakirələr yersizdir.. İctimai Palatanın bununla bağlı qərarı var. Bu qərarın qəbulunun təşəbbüskarı da mən olmuşam. Çünki biz xalqı səfərbər etməliyik. Biz qələbəni ayrı-ayrı şəxslərin, partiyaların deyil, bütün xalqın gücü ilə əldə etməliyik. Bunun üçün də bizə böyük birlik lazımdır. Qoy, bu böyük birlik yaransın və ortaya ciddi bir müqavimət, xalq hərəkatı çıxsın. O xalq hərəkatı da içindən bir namizəd çıxarsın. O namizəd mən olaramsa, məmnuniyyətlə o missiyanı yerinə yetirərəm. Həmin o birlik içindən başqa bir namizəd çıxaracaqsa, tərəddüdsüz həmin namizədi dəstəkləyərəm.
Bu sülalə hakimiyyətinin dəyişməsi mənim üçün Əli Kərimlinin prezident olmasından daha üstün prioritetdir. Ona görə özümdən asılı olan hər şeyi etməyə hazıram ki, ilk növbədə Azərbaycan bu sülalədən azad olunsun. Ondan sonra xalq öz seçimini edər. Birinci seçkidə də olmasa, ikincisində edər.

- Əli bəy, mən təkrarən soruşuram, namizəd olmaq istəyirsinizmi? Artıq hakimiyyət bu hərəkətləri ilə sizi özünə rəqib gördüyünü göstərir.

- Mən böyük bir siyasi partiyanın rəhbəriyəm. Neçə ildir peşəkar siyasətlə məşğulam. Daxilən əminliyim var ki, xalq demokratik yolla məni özünə dövlət başçısı seçərsə, Azərbaycanı indiki ilə müqayisəolunmaz dərəcədə yaxşı idarə edərəm. Mənim ölkənin gələcəyi ilə bağlı çox ciddi planlarım və proqramlarım var. Mən buna daxilən hazıram. Amma bir daha vurğulayıram ki, gərək bu, mənim ambisiya məsələmə çevrilməsin. Hər birimiz bacarmalıyıq ki, şəxsi planlar və istəklər ümumi istəklərin arxasında olsun. Açıq deyirəm ki, bu gün Əli Kərimli və başqaları öz namizədliklərini hər şeyin fövqündə qoysalar, bütün mübarizəni “mən hamıdan yaxşı namizəd olaram” fikrinin üzərində qursalar, bu, bizi seçkidən qabaq məğlubiyyətə aparar.

- Ötən seçkilərdə də sizə və partiyanıza qarşı təzyiqlər oldu. Partiyanızın və evinizin önünə gəlib piketlər keçirdilər. Bu yolla sizə qalib gələ, seçkilərdə mövqeyinizi zəiflədə bilərlərmi? Bu mübarizədə kim qalib gələcək?

- Xalq qalib gələcək. Buna heç bir şübhəniz olmasın. Yalnız halal, mərdanə, xalqa, hüquqa söykənən mübarizə aparanlar qalib gələcək. Heç bir diktatura, heç bir ailə hakimiyyəti əbədi olmur. Bu yaxınlarda həyasızcasına 40 illiklərini atəşfəşanlıqla qeyd etdilər. Bununla Qəddafinin də rekordunu qırdılar. Ona görə bu, sonsuza qədər davam edə bilməz. Bizi də məğlub edə bilməyəcəklər. Çox şeylər ediblər, hazırda xəstə qayınım bunların girovluğundadır, qərargahımızı əlimizdən alıblar, pasport vermirlər və s. Amma məni apardığım bu haqq mübarizəsindən döndərə bilməzlər. Məni həbs etmək, öldürmək olar, amma məğlub etmək olmaz. Çünki mən azadlıq idealına söykənirəm. Azadlıq idealı məğlub olmaz. Bu bir ruhdur, istəkdir. Onu daşıyan tək mən deyiləm ki. Mən olmasam, yeni-yeni Əli Kərimli çıxacaq ortaya. Mən heç vaxt konkret proqnozlar vermirəm - bir ay, bir il. Amma bu məsələdə sizə əminliklə deyirəm, bu sülalə məğlubiyyətə, milli-demokratik qüvvələr isə qalib gəlməyə məhkumdur. Biz qalib gələcəyik və bu cür çirkin kampaniyalar bu gün hakimiyyətdə olanların talelərini pisləşdirir. Ona görə bu gün nə edirlərsə, bumeranq kimi özlərinə qayıdacaq.

- Qayıdaq zəhərlənmə məsələsinə. Bu iddiadan sonra sizə İsa Qəmbər, Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu zəng edibmi? Mirmahmud bəy Elçibəyin son nəfəsinə qədər onun yanında olub. Onların fikirləri nədir?

- Bilirsiniz ki, İsa bəy burada yoxdur. Amma İctimai Palatanın Koordinasiya Şurası tam tərkibdə toplandı. Pənah bəy və digərləri də orada olublar. İctimai Palatanın bu məsələ ilə bağlı birmənalı bir bəyanatı var. Digər ictimai-siyasi xadimlər, o cümlədən Elçibəy ailəsinin mövqeyi də mətbuatda var. Elçibəyin kürəkəni, ailənin rəsmi təmsilçisi olan Aqil Səmədbəyli mənə zəng edərək mövqeyini bildirib. Ondan əvvəl də mətbuatda bəyanatla çıxış edərək iddianı absurd adlandırıb. Onlar bunu hamılıqla Elçibəyin ruhuna olan təhqir kimi qiymətləndiriblər. Ciddiyyətə getsək, Əbülfəz Elçibəy Gülhanə kimi böyük bir tibbi akademiyada niyə müalicə oluna bilmədi? Çünki müalicəsi gecikmişdi. Onu vaxtında bu ölkədən buraxmamışdılar. Kim buraxmamışdı? Kim onu Kələkiyə sürgün etmişdi? Heydər Əliyev. Ona görə də onların məsuliyyəti var ki, Elçibəy vaxtında müalicə olunmayıb. Onun xəstəliyi artıq qarşısıalınmaz vəziyyətə gəlib çıxmışdı. Bu barədə həkimlərin də açıqlaması olmuşdu. Bu adamların indi Elçibəyin bayrağını daşıyan Azərbaycan Xalq Cəbhəsinə, Elçibəy, Rəsulzadə yolunda yürüyən İctimai Palataya qarşı belə çirkin kampaniya aparması Elçibəy ailəsini və elçibəysevərlərin hamısını narahat edir. Bu həm də Elçibəyə qarşı kampaniyadır.

- Bu kampaniyanı niyə indi - seçkilərə bir ildən çox vaxt qaldığı bir vaxtda başladılar?

- Bu, hökumətin birbaşa 2013-cü illə bağlı seçki hazırlığıdır. Hökumətin əsas məqsədi bizim başımızı qatmaq, seçki hazırlığını pozmaq və mümkün olsa, mənim seçkidə iştirakımı əngəlləməkdir. Amma burada dolayı məqsədlər də ola bilər. Ola bilsin ki, hökumət gündəmi dəyişmək istəyir. əgər bu hadisə olmasaydı, siz məni bura çağıranda nədən danışacaqdıq. Ölkədən çıxarılmış 48 milyarddan, Çovdar qızıl yataqlarından, bankların bir əldə cəmləşməsindən, İlham Əliyevin hətta Obamanın da maşınından bahalı maşında gəzməsindən və s. İndi gündəmi dəyişdilər. Düzdür bu, müvəqqətidir və uzun müddət davam edə bilməz. Yenə də strateji səhvə yol veriblər. İnternetin inkişaf etdiyi dünyada bu korrupsiya əməllərini gizlətmək və onu gündəmdən çıxarmaq mümkün olmayacaq.