Xəstəxana rəhbəri əlilliyin təyinatındakı səhvlərinə görə işdən çıxarıldı

xestexana-rehberi-elilliyin-teyinatindaki-sehvlerine-gore-isden-cixarildi
Oxunma sayı: 7013

Füzuli Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Şükürov vəzifəsindən azad edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb.

R. Bayramlı həmkarlar ittifaqına təqdimat verərək bildirib ki, Şükürov Natiq Əli oğlu tibb müəssisəsində əlilliyin təyin edilməsi ilə bağlı işi düzgün təşkil etməyib, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsini təmin etməyib və tabeliyində olan işçilərin funksiyalarına uyğun olaraq fəaliyyətini lazımi qaydada təşkil və nəzarət etməyib.

TƏBİB sədri Füzuli Rayon Mərkəzi Xəstəxanasında aparılan yoxlama zamanı aşkarlanan pozuntuları da qeyd edib.

Mayın 21-də xəstəxananın direktoru Natiq Şükürovla bağlanan müqaviləyə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilib.

***

Füzuli Rayon Mərkəzi Xəstəxanasından “Qafqazinfo”ya bildirilib ki, hazırda direktorun səlahiyyətlərini müavini Aygün Nağıyeva icra edir.

Murad Əhməd