“XI Qlobal Bakı Forumu Azərbaycanın artan nüfuzunun təqdimatı oldu”

xi-qlobal-baki-forumu-azerbaycanin-artan-nufuzunun-teqdimati-oldu
Oxunma sayı: 772

“Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləməkdədir. Ölkəmizin ənənəvi olaraq ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərə diqqətin və marağın artması dünyaya təqdim etdiyimiz inkişaf modelinin nümunəviliyini təsdiqləyir. Martın 14-16-da Bakıda Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunda müzakirə olunan məsələlər, dövlət başçımızın çıxışında əksini tapan çağırışlar hazırda ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır”​.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat deyib ki, Azərbaycan çağırışları ilə biri-birinə əks olan qütbləri belə bir araya gətirir:

“Ölkəmizin birləşdirici, sabitləşdirici aktor kimi rolu dövlət başçısı İlham Əliyevin XI Qlobal Bakı Forumundakı çıxışında da önə çəkildi. Belə ki, diqqəti Azərbaycanın bu il ev sahibliyi edəcəyi COP29-a yönəldən İlham Əliyev bildirdi ki, bu tədbir müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkənin uğurla inkişaf etdiyini göstərməyə geniş inkanlar yaradacaq. Bu, həm də Azərbaycanın son 30 ildə apardığı düzgün siyasəti nümayiş etdirir. Praktiki nöqteyi-nəzərdən isə bu, bizim üçün həmrəyliyə töhfə vermək fürsəti olacaq”.

M. Həsənov Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan roluna diqqəti yönəldərək qeyd edib ki, dördillik sədrliyimiz nəticəsində 120 üzvlə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatında xüsusi ab-hava yarandı.

Millət vəkili vurğulayıb ki, tarixi Zəfərimizdən sonra Azərbaycanın sözünün imzası qədər dəyərli olduğu diqqətdən kənarda qalmır.

Parlamentari bu qənaəti xüsusi qeyd edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib

“Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Bu dəfə “Parçalanmış dünyanın bərpası” mövzusuna həsr olunan XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatıldılar. Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak etdi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların siyahısı baxımından  həqiqətən də görürük ki, hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir. Ötən il X Qlobal Bakı Forumunda müzakirə olunanlarla bu il müzakirə edilənləri müqayisə etdikdə nəzərəçarpacaq dəyişiklikləri görürük. Bu, bir daha onun təsdiqidir ki, dövr dəyişir, mütəmadi olaraq qarşıya yeni hədəflər qoyulur”.

Malik Həsənov xarici siyasət uğurlarımızdan bəhs edərkən Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin, NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana rəsmi səfərlərini qeyd edib:

“Azərbaycanın regional inkişafın aparıcı qüvvəsi, dünya birliyinin fəal üzvü kimi möhkəmlənən mövqeyi uğurlu siyasətimizin təqdimatında öz sözünü deyir. Bir daha təsdiq olunur ki, çoxşaxəli xarici siyasət həyata keçirən Azərbaycana inam və etimad yüksək səviyyədədir”.