Yasamalda uşaq musiqi məktəbi təmirdən sonra açıldı

yasamalda-usaq-musiqi-mektebi-temirden-sonra-acildi
Oxunma sayı: 2862

Bu gün paytaxtın Yasamal rayonundakı Kövkəb Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbinin əsaslı təmirdən sonra açılışı olub. 

"Qafqazinfo" xəbər verir ki, açılış mərasimi Milli Musiqi Gününə təsadüf edib. Tədbirdə Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.

Açılışdan sonra sinif otaqlarına baxış keçirilib. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov məktəbdə görülən təmir və yenidənqurma işləri haqqında məlumat verib.

Qeyd edilib ki, sözügedən uşaq musiqi məktəbi 1 iyun 1961-ci il tarixindən Yasamal rayonu, H.Cavid prospekti, 4 ünvanında, yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Ümumi sahəsi 449 kvadratmetr olan məktəb 56 nəfərlik zaldan, 27 sinif otağından, 2 inzibati otaqdan ibarətdir.

Fortepiano, simli və nəfəsli alətlər, xalq çalğı alətləri, nəzəriyyə, ümumi fortepiano şöbələrinin fəaliyyət göstərir. Burada fortepiano, violin, fleyta, truba, tar, kamança, qanun, qarmon, nağara, vokal, violonçel, gitara kimi ixtisaslar tədris edildiyi məktəbdə 126 nəfərdən ibarət müəllim heyəti və 500 nəfərlik şagird kontingenti mövcuddur.

Sonda musiqi məktəbinin müəllim və şagird kollektivinin ifasında konsert proqramı təqdim edilib.