“Yaşamaq yanmaqdır, yanasan gərək...”

yasamaq-yanmaqdir-yanasan-gerek-
Oxunma sayı: 73107


“Qafqazinfo” bu məqamda xalq şairi Bəxtiyar Vahabzadənin “Ömür” və “Azərbaycan oğluyam” adlı şeirlərini təqdim edir:




Ömür

Deyirlər, çox azdır yüz il, əlli il,  
İnsana bir ömür kifayət deyil.  
Hələ isitməmiş öz yerimizi  
Ölüm cəllad olub haqlayır bizi. 

Deyirlər, şirindir dadı dünyanın,  
Kaş iki olaydı ömrü insanın.  
Nola, çalışsaydıq ömrün birində, 
Sonra əylənəydik biz digərində. 

Hərə öz ömrünə bir cürə baxmış,  
Hərə bu dünyanı bir cürə anlar.  
Cahanda bəs nədən zövq alacaqmış  
Zəhmətin özündən zövq almayanlar? 

Yüz-yüz ömür belə azdır doğrusu  
Bir ömrü insana az sayanlara  
Haramdır bu hava, haramdır bu su  
Əylənmək eşqilə yaşayanlara. 

Yaşamaq-yanmaqdır, yanasan gərək,  
Həyatın mənası yalnız ondadır 
Şam əgər yanmasa, yaşamır demək  
Onun da həyatı yanmağındadır. 

Ömrü az olsa da, qartal yenmədi  
Dedi, səmalarda öz oylağım var.  
Ömrün azlığından gileylənmədi  
Ömrü insan kimi başa vuranlar.

"Bu dünya beş gündür",- deyib hər yerdə
Sağ ikən qəbirdə uzanan da var. 
Öz alın tərilə bircə ömürdə
Yüz insan ömrünü qazanan da var.


Azərbaycan oğluyam

Azərbaycan oğluyam, 
Odu Allah sanmışam. 
Anam torpaq, 
Atam od, 
Mən oddan yaranmışam: 
Od kimi istiqanlı,  
Seltək dəliqanlıyam.  
Həyat qədər qədiməm,  
Torpaq qədər şanlıyam.  
Od kimi yandıranam.  
Su kimi söndürənəm  
Məni yandırsalar da,  
Suda batırsalar da,  
Yenə mənəm, mən mənəm! 

Köküm üstə bitmişəm,  
Şöhrətim var,  
Şanım var.  
Mənim gələcəklə də  
Öz əhdi-peymanım var. 
Azərbaycan oğluyam,  
At belində doğuldum;  
Zamanın qazanında  
Neçə dəfə dağ oldum. 
Mənim damarlarımda  
Gur sellər çağlamışdır.  
Anam cəngilər üstə  
Məni qundaqlamışdır. 

Azərbaycan oğluyam,  
Min ildir,  
öz adımın  
Keşiyində durmuşam, 
Silahım olmayanda  
Nifrətimi barıttək  
Qəlbimə doldurmuşam... 
Hünər göstərməyincə  
Adsız yaşamışam mən.  
Dədəm Qorqud ad verdi  
Mənə öz hünərimdən. 
Yoluma nur çiləyən, 
Qoluma qüvvət verən 
Eşqim, 
ustadım oldu; 
Adım doğdu hünərdən 
Hünərim, adım oldu. 

Azərbaycan oğluyam,  
Yaşım adımdan qədim.  
Heç kəsin toyuğuna  
Ömrümdə "kiş" demədim. 
Kimsənin torpağında  
Gözüm yox; bilsin aləm 
Torpağımdan bir çərək  
Kimsəyə də vermərəm. 
Mən bir qədim mahnıyam  
Xallarım əlvan-əlvan.  
Musiqim - Qarabağdır,  
Sözlərimsə - Naxçıvan.  
Bu torpaqda yaranmış  
Koroğlunun cəngisi, 
Qıratın üzəngisi! 
Özümə vurulmadım, 
Sevinc də görmüşəm mən,  
Sitəm də, Dərd də, Qəm də...  
Sabirin göz yaşıyla  
Özümə gülmüşəm də. 
Çənlibeldən düşəli  
Cığırları dağıdıb  
Geniş yollar salmışam  
Çənlibeldən də uca  
Dağlara ucalmışam. 
Ucalsam da günbəgün,  
Dünənki son zirvəmə  
Bu gün yenə "az" dedim.  
Tarixin kölgəsində  
Daldalanan millətin  
Sabahı olmaz dedim!..
Neyləyəkki... zamanın 
Uğursuz yollarında  
İkiyə bölünmüşəm.  
İki başlı, bir qəlbli  
Bir bədənə dönmüşəm. 
Həm Təbriz, həm Bakıdır  
Məkkəm, Mədinəm mənim.  
Pasportsuz yaşar bu gün  
İki Vətəni olan Azəroğlum,  
Qafarım, Əlim, Mədinəm mənim. 
Balaş, biz ikimiz də  
Bir ananın oğluyuq,  
Biz ki, Azəroğluyuq.  
Hər ikimiz əzəldən  
Bir arzunun quluyuq.  
Elimiz də bir bizim,  
Dilimiz də bir bizim. 

Vətənimiz bir bizim,  
Dünənimiz bir bizim,  
Olmuşuq bir Vətəndə  
Biz bu gün başqa-başqa.  
Bizim talelərimiz  
Bəs neçün başqa-başqa?  
Öz məsləkim, öz eşqim  
Daim məndən öndədir.  
Azərbaycan bayrağı  
Başımın üstündədir!.. 
Əqidəmin, eşqimin,  
Qanımın rəngi bayraq,  
Bütün arzularımın,  
Qızıl çələngi bayraq.  
Hər şeydən bu dünyada  
Şərəf uca Şan uca, 
Zamanın yollarında  
Mən ki, səni tutmuşam,
Daim başımdan uca!