Yevlaxda şagirdlərin olduğu avtobus qəzaya uğradı - 20 nəfər yaralandı + Fotolar + Yenilənib

yevlaxda-sagirdlerin-oldugu-avtobus-qezaya-ugradi
Oxunma sayı: 7162

Yevlaxda məktəbliləri daşıyan mikro avtobus qəza törədib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Aran -1 qəsəbə məktəbinin şagirdlərini sınaq imtahanına aparan mikroavtobus “QAZ-53” markalı yük maşını ilə toqquşub.

Toqquşma nəticəsində mikroavtobusda olan 15 şagird, 1 müəllimə, 1 katibə və sürücü müxtəlif bədən xəsarəti alıblar.

Yaralıların bir qismi Yevlax rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Daha ağır yaralılar isə - Əliyev Ədalət Əbülfət oğlu, Mehdiyeva Manana Firdovsu qızı, İlyasov Tavat Səyyaf qızı, Qoşqarlı Əntiqə Qardaşxan qızı və Əhmədov Rəvan Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib

Xəsarət alan məktəblilərin hamısı 2003-cü il təvəllüdlüdür.

***

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 20 nəfər xəsarət alıb.

Yevlax rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, 15 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstaxanaya yerləşdirilib.

Onlara ilkin tibbi yardım göstəriləndən sonra ambulator müalicə üçün evə buraxılıb.

Ağır xəsarət alan 5 nəfər isə Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib.

Mİngəçevir şəhər Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yaralılardan 3-nün vəziyyəti stabilləşib, 2 nəfərin isə vəziyyəti ağır olaraq qalır.