Dəyərli oxucular unutmayıblarsa, bir neçə gün əvvəl “Qafqazinfo” portalı Azərbaycanda baş verən ağır yol-nəqliyyat hadisələri ilə bağlı sorğu keçirmişdi. “Azərbaycanda baş verən yol terrorunun məsuliyyəti kimin üzərinə düşür?” adı altında keçirilən sorğuda yol qəzalarına görə hansı qurumun, kimlərin günahkar olmasına dair ictimai rəy öyrənilmişdi. İştirakçılar yol qəzalarının baş verməsində əsasən Respublika Baş Dövlət Yol Polisi İdarəsi ilə Nəqliyyat Nazirliyini günahkar bilmiş, məsuliyyətin bu iki qurumun üzərinə düşdüyünü iddia etmişdilər. Sözügedən sorğunun nəticələrini açıqlayandan sonra məsələyə Daxili İşlər Nazirliyi tərəfindən reaksiya gəldi.
Nazirliyin məsul şəxsləri “Qafqazinfo” portalı ilə əlaqə saxlayaraq, daxil işləri naziri, general-polkovnik Ramil Usubovun bu sorğunun nəticələri ilə tanış olduğunu və müvafiq qurumlara məsələni araşdırmağı tapşırdığını qeyd ediblər. Nazirin tapşırığına əsasən Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov rəhbərlik etdiyi qurumun məsul şəxslərlə birlikdə portalın əməkdaşını qəbul edərək məsələni geniş şəkildə müzakirə edib.
Həmin müzakirədə general Ramiz Zeynalov və əməkdaşları isbat etməyə çalışıblar ki, bu gün Azərbaycanı lərzəyə gətirən yol terroruna görə məsuliyyət onların üzərinə düşmür. Yol polisi özünə necə haqq qazandırır, onların haqqını tanımaq lazımdırmı, əsl günahkarlar kimlərdir, yol polisinin bu prosesdə iştirakı nə qədərdir? Bir sözlə, biz indi ittiham olunan tərəflərdən birini dinləyirik. Onların arqumentləri ilə tanış oluruq. Və yol polisinin arqumentlərinə, günahsızlığına, bu işdə məsuliyyət daşıyıb-daşımamasına qərar vermək siz oxuculardan asılıdır.
Beləliklə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov cavab verir:
“Yol hərəkətinin təhlükəsizliyi məsələsi cəmiyyətdə çox aktual olan bir problemdir. Hətta, deyərdim ki, bu cəmiyyəti beynəlxalq səviyyədə narahat edən məsələdir. Bu hadisələr haqqında sensasiyalı yazı hazırlamaq düzgün deyil, əksinə cəmiyyəti bu sahədə maarifləndirmək, düzgün istiqamətləndirmək lazımdır. Biz məsələnin bu cür yazılmasında cəmiyyəti intizama dəvətdən çox, günahkar axtarışı kimi görürük. Təqsirkar sükan arxasında olan adamlardır. Baş verən qəzaya avtomobili idarə edən şəxslər cavabdehdir. Mətbuatda ictimai qınağı işıqlandırmaq əvəzinə təqsirkar axtarırlar. Polisdən də tələb etmək olar, amma baxır nəyi. Bu işdə cəmiyyətin üzərinə düşən məsuliyyət polisinkindən az deyil.
Mən demirəm ki, bizim işçilərimizin hamısı yaxşıdır. Xeyr, bizim əməkdaşlarımızın da içərisində pisləri var. İldə neçə nəfər orqandan xaric olunur. Yanaşma gərək elə olsun ki, bunun xeyri ilə ziyanını camaat bilsin. İldə 20 000 sərxoş sürücüyə protokol yazılır. Elə elementar yol hərəkəti qaydaları var ki, ona riayət etmək üçün heç bir məktəbə getmək lazım deyil. Sürət həddinin aşılması, ötmə qaydasının pozulması, yol ayrıcının keçmə qaydasının pozulması, sərnişin daşıma qaydalarının pozulması, avto-xuliqanlıq və bu tip bir neçə elementar yol hərəkəti qaydaları var. Bu qaydalara polis oldu-olmadı hər kəs özü əməl etməlidir. Lakin yol polisi ilə bağlı məsələlərdə qərəzli bir münasibət var. Bu cür münasibət də insanlara qarşı icra olunan inzibati tədbirin görülməsindən irəli gəlir. Yəni polis qayda pozan sürücünü cəzalandırır əvəzində isə vətəndaşın qəzəbini, nifrətini qazanır. Sürücü hesab edir ki, yol polisi onu cəzalandırırsa, pis adamdır.
Ancaq polis də bu cəmiyyətin üzvüdür və onun da səhvləri ola bilər. Bəzən polislərin kobudluğu qaydalara riayət etməkdən irəli gəlir. Polis vətəndaşı da ona görə cəzalandırır ki, səhvlər təkrar olmasın. Maraqlıdır, bizim polislər nə üçün yollarda ölməlidirlər? Yollarda olan o dəm qazını, zəhərli maddələri niyə qəbul etməlidir axı bu polis? Sonra da hamısı təqaüdə çıxan kimi, 2-3 ilə rəhmətə gedirlər. Neçə işçimizi maşın vurub öldürüb, neçəsi şikəst olub. Axı necə demək olar ki, hadisənin baş verməsinə səbəb yol polisidir? Bu bizim əməyimizə olan hörmətsizlik deyilmi?
Gəlin göstəriş verək və yol polisləri 1-2 gün vəzifə başında olmasınlar. Onda Bakı şəhərindən tıxacdan hərəkət etmək mümkün olmaz. Əslində polissiz də normal olmalıdır, amma bizim insanlar bu hərəkətləri tənzim edə bilmirlər. Vətəndaşlarımız polis varsa asta sürəcəklər, yoxsa heç bir qaydaya əməl etməyəcəklər. Əgər onlar normal şəkildə qaydalara əməl etsələr, polis də öz otağında əyləşər, monitorlar vasitəsilə hərəkətləri müşahidə edər. Onsuz da biz texnologiyanın imkan verdiyi qədəri ilə bu hərəkətləri kameralar vasitəsilə müşahidə edirik. Müəyyən vaxtdan sonra biz onların bütün cəzalarını ünvanlarına göndərəcəyik. Ümumiyyətlə, elə bir kollegiya, müşavirə olmur ki bizim cənab nazir yol qəzaları ilə bağlı ciddi narazılığını ifadə etməsin. Bu məsələ həmişə nazirliyin, şəxsən cənab nazirin diqqətindədir. Biz yol hərəkəti qaydaları ilə bağlı kitablar çap etmişik bağçalara, məktəblərə paylamışıq, məktəblərdə bu mövzu ilə bağlı dərslər keçirilir. Hətta Gürcüstanda olan Azərbaycan məktəblərində də bunu təqdim etmişik”.
Ramiz Zeynalov yol-nəqliyyat hadisələri ilə bağlı cəmiyyəti maarifləndirmək, indanların psixologiyasına təsir etmək üçün mütəmadi şəkildə psixoloqlarla, mütəxəssislərlə görüşlər, dəyirmi masalar keçirildiyini, müzakirələr aparıldığını deyir. Onun sözlərinə görə, istər psixoloqlar, istər universitet müəllimləri, istər Qeyri Hökumət Təşkilatları, istər adi vətəndaşlarla kifayət qədər ünsiyyətdə olurlar: “Hər gün bir neçə saat efirlərdə oluruq. Gündə 4 dəfə kameralar vasitəsilə Bakı şəhərində maşınların hərəkətinin təşkilini göstəririk. Bütün xəbərlərdə yol hərəkəti ilə bağlı süjetlər yayımlanır. Həftədə bir dəfə özümüzün 1 saatlıq proqramımızdan başqa o gün olmaz ki, şəhərin təbliğat üzrə şöbə rəisi efirə çıxmasın. Nə qədər mətbuat sualları, nə qədər müraciətlər var, cavablandırırıq. Hadisə yerindən birbaşa reportajlar təqdim edirik. Jurnalistlərin könüllü çəkib verdiyi informasiyalar var. Neçə illərdir biz yol qəza hadisələrinin baş vermə səbəblərini göstərən roliklər çəkmişik və mütəmadi olaraq yayımlanır. Amma təəssüflər olsun ki, maariflənəcək insanlar qalsın bir tərəfə, ziyalı təbəqə özü bunu anlamaq istəmir, yol hərəkətini pozmaq istəyir”
Müzakirələrin bu yerində DYP əməkdaşları beynəlxalq təcrübələrdən də misallar gətirilər: “Gürcüstanda nəqliyyatın sayı bizdən 4 dəfə azdır, yol-nəqliyyat hadisələrinin sayı isə bəlkə 2 dəfə çoxdur, ölümün sayı bizdən təxminən 30 faiz azdır, yaralananların sayı 100 faiz çoxdur. Orada polisdən razıdırlar, çünki polis qayda pozuntusunu görür və göz yumur. Ümumiyyətlə, bütün ölkələrdə insanların qanunlara əməl edənə qədər müəyyən mərhələ keçir. Hər il qəzalar artdıqca insanlar məcbur olub bütün qaydalara riayət etməli olur. Biz humanist insanlarıq, insanları incitməməyə çalışırıq. Heç biz özümüz də polisin belə sərt olmasının tərəfdarı deyilik. Amma ora qədər əleyhinəyik ki, bu insanlar qaydalara əməl etməyi xoşluqla başa düşsün. Biz əvvəlcə heç olmasa ziyalılarda, televiziya işçilərində, jurnalistlərdə bu fikri formalaşdıra bilsək, adi vətəndaş da yavaş-yavaş maariflənər. Biz reyd keçiririk avto-xuliqanları yığırıq, camaat bizi qınayır ki, niyə belə edirsiniz? Sonra da deyirlər ki, polis hara baxır?”
Bu yerdə məsələ bir neçə gün əvvəl ölümlə nəticələnən qəza törətməkdə ittiham olunaraq həbs edilən müxalifətçi gənc xanım Nigar Yaqublunun üzərin gəlir. DYP əməkdaşları N. Yaqbulu ilə bağlı məsələni misal çəkərək cəmiyyətin məsələyə reaksiyasını anlamadıqlarını deyirlər: “Nigar Yaqublunun məsələsi ilə bağlı da müzakirələr mətbuatda geniş işıqlandırılır. Nigar xanımın sürücülük vəsiqəsi yoxdur. Onun yanında olan adam da elmli adam olub. O bu qıza sürücülük öyrətmək istəyirdisə maşını bunun üçün ayrılan xüsusi yerlərdə, nəqliyyatın az olduğu ərazilərdə etməli idi, daha maşınların intensiv hərəkət etdiyi yerlərdə yox. Sonra da deyirlər ki, sükan arxasında Nigar olmayıb. İndi o xanımın müdafiəsinə nə qədər adam qalxıb. Bu halda biz nəyin istintaqını aparaq? Düzdür, istintaq gedir. Ən azı yollarda quraşdırılan kameralarda görüntülər var. Biz o görüntünü verə bilmirik istintaq sirridir, iş məhkəməyə gedəndə təqdim edərik, yayımlayarsınız. Sonuncu məhkəmə iclasında xanımın vəkili Osman Kazımov deyib ki, qız mənə təcridxanada bildirdi ki, qəfildən Aydın müəllimin ürəyi getdi, yıxıldı mənim üstümə və idarəetmədə problem yarandı. O variantı yaxşı vəkili olan sürücülərin hər biri deyir” .
Müzakirələrimizdə daha sonra qayda pozuntularına görə cinayət məsuliyyətinin deyil, inzibati cərimələrin olmasına, qanunların cəzalandırma sahəsində yumşaqlığı mövzusuna da təsadüf edir. DYP əm əməkdaşları qanunların yumşaqlığından gileylənsələr də, insanlara verilən ağır cəzaların əleyhinə olduğunu bildirilər: “Məsələ təkcə qanunla həll edilə bilməz. Bizim milli xüsusiyyətlərimiz, milli yanaşmamız düzgün deyil. Bizdən soruşurlar ki, radar nəyə lazımdır? İnspektor olanda qaydaya əməl edirlər, olmayanda əməl etmirlər. Yol polisi, radar görəndə sürəti azaldırlar, sonra yenə surət həddini aşırlar. Axı öz taleyinə, təhlükəsizliyinə bu şəkildə münasibət göstərən bir cəmiyyət necə deyə bilər ki, yol terrorunun məsuliyyəti polisin üzərinə düşür. Axı yeraltı piyada keçidləri qala-qala yolun üstündən əlində qaça-qaça keçən bir valideyn bizini niyə ittiham etməlidir? Bax görürsünüzmü, məsələ hansı yerdədir. Ötən il Almaniyada Roma Papasını sərnişin kimi kəməri taxmadığına cərimələyib, məsuliyyətə cəlb ediblər. Və ya eyvandan hansısa sürücünün qırmızı işıqda keçdiyini görən vətəndaş tez onun nömrəsini götürərək polisə şikayət edir. Bizdə isə qırmızı işıqda keçən adamlara az qala pərəstiş edirlər, yol polisinə əl qaldırdığına görə məhkəməyə verilən sürücünü qəhrəman kimi qarşılayırlar. Və bütün bunların baş verdiyi cəmiyyətdə yol qəzasında ölənlərin məsuliyyəti bizim üzərimizdə qalır. Bu ədalətsiz bir yanaşmadır və biz səhvi cəmiyyət olaraq özümüzdə axtarmalıyıq” .
Söhbətimiz zamanı bəzi statistik rəqəmlər də səslənir. DYP əməkdaşları deyirlər ki, respublikada 10 milyon insan, 1 milyon 100 min maşın var. Yol patrul xidməti ilə isə 1750 nəfər məşğul olur: “Əlbəttə ki, 1750 nəfər bunu heç cür çatdıra bilməz
Bilirsiniz, biz çox narahatıq. Hər il 1000 adamın ölməsinə biz laqeyd yanaşa bilmərik. Bu çox böyük rəqəmdir. Hazırda Azərbaycana insan ordusu lazımdır, çünki düşmənlərimiz var. Biz heç nədən qurban verməyin tərəfdarı deyilik” .
Dəyərli oxucular, DYP-nin məsələdə nə qədər haqlı olub-olmadığına özünüz qərar verin...