Yuxulu sürücü ağır qəza törətdi, sərnişin öldü - Video - Yenilənib

yuxulu-surucu-agir-qeza-toretdi-sernisin-oldu
Oxunma sayı: 2405

Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1966-cı il təvəllüdlü İmişli rayon sakini Əliyev Mahmudun sükanı arasında olduğu “Isuzu” markalı yük maşını yol kənarında dayanmış “Mercedes” markalı yük maşınına çırpılıb.

Nəticədə “Isuzu” markalı yük maşınında olan sərnişin - 1980-ci il təvəllüdlü İmişli rayon sakini Cabbarov Taleh hadisə yerindəcə həyatını itirib, sürücü isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

***

Baş DYP İdarəsindən bildirilib ki, hadisəyə sürücünün yuxulaması səbəb olub: “Bu gün saat 05:00 radələrində Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən 207-ci kilometrində Mahmud Əliyevin idarə etdiyi “İsuzu” markalı, avtokran tipli avtomobil yol kənarında dayanan Uğurlu Pənəliyevin idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində Mahmud Əliyevin sərnişini, İmişli şəhər sakini 1980-ci il təvəllüdlü Taleh Cabbarlı hadisə yerində həyatını itirib. Əraziyə YPX Alayının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

İlkin məlumata görə, hadisənin baş verməsinə səbəb M.Əliyevin sükan arxasında yuxulaması nəticəsində avtomobilin idarəetmədən çıxması göstərilir.

Baş Dövlət Yol Polisi İdarəsi oxşar səbəbdən ağır yol-nəqliyyat hadisələrinin təkrarlanmasından ciddi narahatlığını ifadə edir və sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, yol hərəkəti qaydalarına, iş və istirahət rejiminə ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə, həyat və sağlamlığına  biganə yanaşmamağa çağırır”.