Zəlzələ ilə bağlı göndərilən yardımdan niyə ƏDV tutulur? - Açıqlama

zelzele-ile-bagli-gonderilen-yardimdan-niye-edv-tutulur
Oxunma sayı: 6527

Məlum olduğu kimi, Türkiyədə ötən gün baş verən dəhşətli zəlzələ nəticəsində dağıntılardan əziyyət çəkən insanlara yardım kampaniyası başladılıb. Xilasetmə əməliyyatlarının aparıldığı ərazilərdə kömək etmək üçün Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin hesab nömrələrinə ödənişlər olunur. 

“Qafqazinfo” xəbər verir ki, ötən gündən bəri Azərbaycan vətəndaşları tərəfindən də sözügedən hesaba ödənişlər olunsa da, ödəmələrdən ƏDV tutulur və bu, narazılıqla qarşılanır. Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Məsələn, 500 lirə dəyərində yardım edərkən 8, 45 AZN ƏDV tutulur. Vətəndaşlar ianə və yardımlardan vergi tutulmasının nə dərəcədə qanunauyğun olması ilə maraqlanır. Eyni zaman hazırkı vəziyyətdə bu tutulmaların etik olmadığını qeyd edirlər. 

Problemlə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycan vətəndaşları tərəfindən qardaş ölkədə yaradılmış xüsusi fondlara maddi vəsait və ianələr şəklində dəstək göstərilir. Maddi yardım təqdim edən vətəndaşlar elektron ödəniş sistemlərindən istifadə edirlər ki, bu zaman vətəndaşların pul köçürmələrindən vergi tutulması kimi hallar barədə ictimaiyyət arasında məlumatlar yayılıb. 

"Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir ki, vergi qanunvericiliyinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir. Eyni zamanda “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, İnternet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir.

Hazırda vətəndaşlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə elektron qaydada aparılan ödənişlər hər hansı elektron ticarət qaydasında göstərilən iş və xidmətlərin alışı ilə bağlı olmadığından həmin ödənişlərdən ödəməni həyata keçirən banklar tərəfindən 18 faiz dərəcə ilə ƏDV tutulmur.

Bu baxımdan vətəndaşların aparılan belə köçürmələr zamanı onların hesablarından artıq tutulmuş vergi məbləğlərinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduqları banklara müraciət etmələri tövsiyə olunur.

Qeyd edək ki, ötən gün Türkiyədə 7,7 bal gücündə zəlzələ baş verib. Son məlumata görə, 3381 nəfər həyatını itirib, 20 mindən çox yaralı var. 10 vilayətində hiss olunan zəlzələ nəticəsində 5775 bina dağılıb, yaralı və ölü sayının daha da artacağı istisna edilmir.

***

Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib ki, zəlzələlərdən zərər çəkmiş vətəndaşlara yardım etmək istəyən şəxslər Ziraat bankın Azərbaycandakı filiallarından komisyon haqqı tutulmadan fəlakət və fövqəladə halların idarə olunması başqanlığına (AFAD) ianə edə bilərlər.

Hesap Adı  :                 T.C. İçişleri Bakanlığı Afet ve Acil Durum Yönetimi Başkanlığı 

Alıcı Banka:                T.C. ZİRAAT BANKASI A.Ş.

Alıcı Şube  :                 ANKARA KAMU KURUMSAL ŞUBESİ

TL              :                 TR73 0001 0017 4555 5555 5552 04

USD           :                  TR 46 0001 0017 4555 5555 5552 05

EURO        :                 TR 19 0001 0017 4555 5555 5552 06

Banka Swift Kod No : TCZBTR2A

 

Gülnar Əliyeva

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.