Bu gün səhər saatlarında Zərdab rayonunda ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, Kəndəbil kəndindən keçən yolda “Toyota Prius” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb və ağaca çırpılıb.
Nəticədə avtomobildə olan şəxslərdən biri hadisə yerində ölüb, digər şəxs isə xəstəxanaya çatdırılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Ölən və yaralananın şəxsiyyəti müəyyənləşdirilir.
***
Məftun Məmmədovun sükanı arxasında olduğu “Toyota Prius”un idarəetmədən çıxaraq aşması nəticəsində onun atası İntiqam Məmmədov həlak olub.
Hadisə nəticəsində onun 3 ailə üzvü də xəsarət alıb. Onlardan sürücünün oğlu 2 yaşlı Tunar Məmmədovun vəziyyəti ağır qiymətləndirilir.
Qəzanı törədən Məftun Məmmədovun muğam ifaçısı olduğu bildirilir. Belə ki, o, “Muğam müsabiqəsi”nin iştirakçısı olub və yarışda üçüncü yeri tutub.
***
Qəzada xəsarət alan azyaşlı Tunar Məmmədov vəfat edib.
***
Zərdab Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 10:20 radələrində Zərdab rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3-ü uşaq olmaqla ümumilikdə 7 nəfər (2 qadın, 5 kişi) Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və qabırğaların çoxsaylı sınığı, qapalı kəllə beyin travması və müxtəlif nahiyələrin sıyrılmış, əzilmiş yaraları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
2016-cı il və 2017-ci il təvəllüdlü azyaşlıların (hər ikisi kişi) vəziyyətləri stabil qiymətləndirilir, müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Vəziyyətləri orta ağır qiymətləndirilən digər pasiyentlərin müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Vəziyyəti ağır qiymətləndirilən 2023-cü il təvəllüdlü (kişi) azyaşlıya göstərilən bütün reanimasiyon tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 13:50 radələrində azyaşlının bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zərdab rayon şöbəsinə təhvil verilib.
Qeyd edək ki, hadisə zamanı 1966-cı il təvəllüdlü (kişi) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb”.




Son xəbərlər
Son Xəbərlər