Müharibənin fəsadları təkcə itirilmiş əl-ayaq, işğal olunmuş torpaq, dağıdılmış yurd-yuva, itgin düşmüş qız-oğul, qanına bələnmiş insanlar olmadı. Müharibə həm də keçmişin qanayan yarası üzərində gələcək qurmağa vadar etdi bizi. Nə qədər ört-basdır eləsək də o qan gələcəyin altından bir yol tapıb yenə də axır. Ötən əsrin 93- cü illəri idi.
Mübarək və yalın qədəmlərimizi Bakının neft iyi verən küçələrinə yenicə qoymuşduq. Bakı küçələrindəki rus, erməni qoxulu bir -iki mənzildən mitilimizi bayıra atdı-tutdu oyunundan bezib özümüzü verdik Bilgəhin kəhrəba kimi sarı qumluqlarında yeni salınmış “Qaçqın”ların "Bombey" məhəlləsinə. Beş il sürüdük ömrümüzü Xəzərin sahilində. Azərbaycan köklü rus avazlı “xanımların”, “bəy- bəyzadələrin” minnətinə dözə- dözə vətənə dönəcəyimiz günün uzaq olmadığını xəyal etdik. Altı yırtıq ayaqqabımıza, rəngi solub, dəbi ötmüş əyin-başımıza baxıb gülən, hərdən “xoxan” görən uşaq kimi ürkən havalı həmyaşıdlarımızın ağzında çeynədiyi saqqız kimi çeynədi qaçqınçılıq bizi.
Bir qonşumuz vardı Kəlbəcər rayonundan köçkün düşmüşdülər. Ailə 12 ildən sonra bir oğlan tapmışdı sevnidiriyə düşüb uşağın adını Sevindik qoymuşdular. Sevindik doğulan ilin üstündəki ili qəfil müharibə başlayır və atası itgin düşür. Sevindiyin sevinci doğum haqqında şəhadətnaməsindəcə donub qalır. Atasız nə Sevindik ey… O uşağın üzündə həmişə bir kədər vardı. Əslində elə bizim “Bombey” məhəlləmizdəki uşaqların hamısı vaxtından tez qocalmışdılar. Biz hələ sonralar anlayacaqdıq ki, adamı illər deyil dərd böyüdür.
Riyaziyyat dəqiq elmdir. Zəncirvari elm də deyirlər. Əgər bu zəncirin bir halqası qopdusa əlaqə itir. Belə deyirdi müəlliməmiz. Mən riyaziyyatdan çox zəifəm. Olduqca zəif. Çünki bizim riyaziyyat dərslərimiz üç il suyun gələn vaxtına düşdü və müəlliməm Sənubər müəllimə qaçıb su növbəsində dayanırdı. Biz bir az tez ayılmışdıq. Müəllimlərin yemək yediyini, ayaqyoluna getdiyini, məktəbdə qalmadıqlarını artıq bilirdik. Hətta direktorumuz Natiqə müəllimənin bir dəfə su növbəsində ürəyi getmişdi.
Bizim ən çox qorxuduğumuz paraqraflar 20 yanvar, 26 fevralla bağlı olan paraqraflar idi. Biz oxumurduq o dərsləri. Çünki biz müharibə uşaqları idik və yaşamışdıq yazılanları əzbər bilirdik. Bizim heç sevmədiyimiz dərs tarix dərsi idi, xüsusilə də “Ata Yurdu” dərsliyi. Çünki bizim Ata yurdumuza erməni təcavüz eləyirdi. Biz rus dili kitabının üzünə də baxmazdıq. Çünki biz rusları 20 Yanvardan yaxşı tanıyırdıq və bilirdik ki, bu müsibətləri başımıza rus açıb. Rus dili müəlliməmiz bizə əmək təlimi dərsi deyirdi. Biz əslində çox yaxşı uşaqlar idik vallah…
Məktəbdə oğlanların ən çox oynadığı oyun “dava-dava” oyunu idi. Uzun bir taxtanın hər iki tərəfinə nisbətən balaca taxta parçası mismarlayıb düzəltikləri “avtomatları” ilə atalarının, analarının, bacı-qardaşlarının, Vətənin heyfini çıxırdılar erməni adı verdikləri daşdan- divardan.
Çox gözəl bir qız vardı adı Bahar idi. Bənizi sap-sarı olardı həmişə. Bəzən aramsız, bəzən də fasilələrlə içini döyərdi. Saçlarını adətən boyunun ardından kəsdirər, ağzı geri darayardı. Amma anası deyirdi ki, əvvəllər Baharın saçları çox uzun və qalın olub. Gözləri hər nə qədər çuxura düşsə də o yenə gözəl görünürdü. Günortalar bacısı Baharın narıncı paltosunu geyindirib həyətdə gəzdirərdi. Bahar o vaxtlar üçün sağalmaz sayılan xəstəliklərdən birinə tutulmuşdu- vərəmə. Onun solğun bənizi, aramsız öskürəyi bizi qorxutmazdı. Mən dəfələrlə Baharın əlindən “barbaris” alıb yemişdim. Baharın uşaqlığı ilə gəncliyi arasındakı körpüsü çoxdan od tutmuşdu. Bahar o körpünü keçə bilmədi bir çox müharibə uşaqları kimi… Bir bahar səhəri eşitdim ki, Bahar elə öskürə-öskürə ölüb. Uzun müddət harada narıncı paltolu qız görsəm Bahar zənn edib arxadan çağırırdım. Lap sonralar bir şeyi öyrəndim ki, onu vərəmli halı ilə sevən bir oğlan varmış. Araya öncə müharibə sonar da ölüm girməsəydi o bəlkə də Baharla evlənəcək, onu xoşbəxt edəcəkdi.
Yardım maşınlarının gəldiyi günü əzbər bilirdi müharibə uşaqları. “Unicef” in maşınlarını səsindən tanıyırdıq. Bir kisə un, bir balon duru yağ, bir kilo qənd, bir kilo şəkər üçün ən sevdiyimiz oyunları yarımçıq qoyub növbədə dayanmış anamızın böyrünə qısılardıq.
Bütün cəhdlərimə rəğmən müharibənin gözümün ağına saldığı qara qırmızı kədərdən xilas ola bilmirəm. Çünki o kədər qan kimi sağalıb gözümün ağına. Belə görünür ki, heç bir vasitə ilə sovurulmayacaq o laxta. Uşaqlığıma boylanan zaman görürəm ki, bizim gülüşümüz belə kədərli olub. Bizim üzümüzdə təbəssüm yaradan şeylər tapdığımız bir parça çörək, geyindiyimiz “Unicef” yazılı köynəklər olub. İndi üstümüzə-başımıza baxıb bizə bəxtəvərçilik verən yerlilər əslində nə qədər bədbəxt olduğumuzu, hər şeyimizə rəğmən hələ də heç nəyimizin olmadığını bəlkə də heç vaxt anlamayacaqlar. Çünki uşaqlıq yaşamadıq biz. Birdən -birə arvadlaşdıq, birdən -birə kişiləşdik.
Mən gələcəkdə övladlarıma qorxulu nağıllar danışmaq istəməzdim, amma nə yazıq ki, danışacaq başqa nağılım yoxdur. Mən müharibəyə nifrət edirəm… (Ardı var)