Qızmar yaya qalsa da, artıq havada uçuşan ağcaqanadların aktivliyini müşahidə etmək olar. Etiraf edək ki, şəhərimizin elə yerləri var ki, orada( binanın suyla dolu zirzəmisi səbəbindən) ilin bütün fəslində ağcaqanad əlindən “imdad” edirlər. Köməyə gələnsə yoxdur.
Artıq mağazalar ağcaqanadla mübarizədə istifadə olunan vasitələrini satışa çıxarıb. Maraqlısı ondadır ki, bu vasitələrin çoxunun yararlıq müddətinə diqqət də göstərən yoxdur, yenə bu məsuliyyət qalır alıcıların boynuna. Alıcılar neyləsin, rahat yatmaq, şirin yuxunun pozulmaması üçün əlinə keçən dərmanları almağa çalışır. Dərmanların tərkibindənsə nə xəbərimiz var, nə də ağcaqnadla birgə “öldüyümüz” barədə məlumatımız. Bəli, istifadə etdiyimiz müxtəlif formada olan dərmanlar kimyəvi tərkibli olub, toksiki təsirə malikdir. “Qafqazinfo” bu barədə araşdırma aparıb.
Ağcaqanadla birgə uyuşan beynimiz
Ağcaqanad dərmanları müxtəlif formada olur. Son illər daha çox elektriklə işləyən adapter şəkilli aparatlardan istifadə olunur. Bu aparatlar da ya tablet şəkilli, ya mayeşəkilli dərmanla işlənənlərdir. Bir də xüsusi ağcaqanad qaçıran losyonlar, kremlər də dəbə minib. Hələ saxta məhsulları demirəm.
Dərmanların nəticəsinin effektiv olması onların tərkibinə qatılan kimyəvi maddələrin bolluğundan asılıdır. Ağcaqanad dərmanlarının tərkibində daha çox “deet”(dietolyamid, ya da əsil adı diethyl meta-tolamide) və permetrin adlı kimyəvi maddələr var. “Deet” adlı maddə 1953-cü ildə kəşf olunmuş maddədir, bu maddə demək olar ki, həşəratlar əleyhinə istehsal edilən məhsulların tərkibində var. Bir müddət əvvəl fransalı Bruno Laped adlı alim bu maddənin insan beyni hüceyrəlinə məhfi təsiri barədə araşdırmasını ortaya qoydu. Nevrotoksik təsirə malik maddə sinir sistemini tədricən dağıtmaq gücünə malikdir. Necə ki, ağcaqnadlar dərmanın təsiri altında sadəcə zərərsizləşdirilir, onların idarəetməsi itir, amma ölmürlər. Amma bu araşdırmanın nəticəsi dərman istehsalçılarının işinə xələl gətirəcək deyə, araşdırmaya qarşı cavablar gəldi. Elə bu məsələylə bağlı yerli mütəxəssislərin də fikrini bilmək məqsədiylə onlara sual ünvanladım. Təəssüf ki, adına kimyaçı deyilən bir neçə şəxs bu barədə eşitmədiyini bildirdi. Kimyəvi maddə barədə başqa yerdən xəbər almağımı məsləhət gördülər. Uşaq Nevroloji Xəstəxanasının baş həkimi Məhərrəm müəllimsə, zəhmət çəkib həmin dərmanın tərkibini oxumağımı məsləhət gördü. Məhərrəm həkim tablet, maye şəkilli dərmanların istifadəsinə qarşı olduğunu bildirdi, azyaşlı uşaqların orqanizminin zəif olduğunu nəzərə almaqla onların bu dərmanın təsiri altında yatmalarının doğru olmadığını qeyd etdi. Sualların yarımçıq cavabları, bəzən elə sual şəkilində qalması onu göstərdi ki, bizim tibb, eləcə də ümumiyyətlə elmlə məşğul olan şəxslərimizin çoxu ətrafa laqeyd münasibət göstərirlər. Nə isə... Əlimə keçən bir neçə marka dərman preparatının üzərini oxumağa çalışdım. Amma dərman qutularının üzərində yazılan xəbərdar xarakterli göstərişlər ona işarə edir ki, bu dərmanların tərkibində çox zərərli maddələr var. Yəni konkret tərkib barəsində məlumat yoxdur. “Uşaqlardan çox uzaqda saxlayın. İstifadəyə hazırlayandan sonra əllərinizi yaxşıca yuyun. Dəriyə düşməsin” kimi xəbərdarlıqdan sonra maraq oyadan məhsulun haradan gəlməsi sualına cavab axtarırıq. Əlbəttə ki, “made in china”. Azərbaycana bolluca ayaq açan, yeriyən, evlərimizə rahatca daxil olan digər zərərli çin məhsulları kimi ağcaqanad dərmanları da bu ölkədən gəlir. Müxtəlif ətirli bu dərmanların tablet şəkilli, yandırılan forması daha çox təhlükəli hesab edilir. Yanan dərmanın dumanı, tüstüsü ağcaqanad kimi insanın da halını dəyişir. Yəqin ki, çoxu bunun mənfi təsirini görüb. Ürəkbulanma, baş ağrısı kimi əlamətlər, xüsusən uşaqlarda bu xüsusiyyətlər büruzə verir. Pediatrlar azyaşlı uşaqların, körpələrin dərmandan istifadə olunan otaqlarda yatmalarını məsləhət görmürlər. Allerqoloq Nailə həkim körpələrin təmiz havada yatmasının əhəmiyyətli olduğunu deyir. “ Dərmandan istifadə edilsə belə, mütləq pəncərə açıq olmalı, uşaqlar qapalı yerdə saatlarla yatmamalıdır. İndi doğulan uşaqlar allergik olurlar. Həmin dərmanlar uşaqların tənəffüs sistemində fəsadlar törədə bilər, öskürək, boğulma, dərisində qızartılar meydana gətirə bilər. Bu əlamətlər tədricən də olar. Valideynlər diqqətli olmalıdır. Dəriyə çəkilən ağcaqanad əleyhinə kremlər isə həssas dərili uşaqlara vurulmamalıdır. Yaxşı olardı ki, uşaqların yatağı xüsusi tor pərdələrlə örtülsün.”
Respublika Toksikoloji Mərkəzinin həkimi Tünzalə Daşdəmirova xəstəxanaya müraciətlərin az olmadığını deyir. Amma uşaqlar dərmanların təsirindən çox, onu bilmədən yedikləri səbəbindən Mərkəzə gəlirlər. “Valideyn nəzarətsizliyi ucbatından azyaşlı uşaqlar tablet şəkilli dərmanları yeyir, zəhərlənmə baş verir. Yaxud mayeşəkilli dərmanla oynayırlar. Vaxtında tibbi yardım olmasa, zərərgörmüşün mədəsi yuyulmazsa, digər tibbi müdaxilə olmasa bu ölümə də gətirə bilər.”
Araşdırmalar göstərər ki, sprey şəkilli ağcaqanad dərmanları daha zərərlidir. Bu dərmanın tərkibindəki birləşmələr insan orqanizmi ilə daha tez təmasa keçir, nəticədə toksik təsirin gücü yüksələr. Bir də o da qeyd olunur ki, ağcaqanad dərmanı işlədilən otaqda qəfəsdə quş, akvariumda balıq varsa onların üzəri örtülməli və ya başqa yerə qoyulmalıdır. Əks halda canlıların ölümünə səbəb ola bilər.
Hamilə xanımların dərmanlardan istifadəsi isə qəti qadağan edilir. Həkimlər dölün inkişafına, hamilənin vəziyyətinə mənfi təsiri sübuta yetiriblər.
Təbii dərman hazırlamaq olmaz ki...
Bu barədə oxuyanda mənə də gülməli gəldi. Amma sən demə, Almaniyada Ağcaqanada Nəzarət adlı Araşdırmaçı Birlik fəaliyyət göstərirmiş. Bu birlik hər il mövsüm yaxınlaşdıqda yeni araşdırmalar, mübarizə metodlarını bəyan edir. Ağcaqanad təkcə Asiya, Afrikanın deyil, həmçinin Avropanın da qorxduğu həşəratdır.
1989-cu ildə ağcaqanad əleyhinə “citrosa” adlı bitki icad edilib. Bundan başqa isveçrəli kəndli Rolf Lündenin sarımsaq bostanları ilə ağcaqnada meydan oxuması da yeni bir kəşfə yol açıb. Keçmiş zamanlarda olduğu kimi insanlar sarımsaqdan istifadəni ağcaqnadla ən yaxşı mübarizə metodu kimi seçiblər. İndinin özündə sarımsaq yağından bu məqsəd üçün geniş istifadə edilir. Lavanta, okaliptus, nanə, limon kimi bitkilərdən istifadə, dəmlənmiş çayı ağcaqanadın sizə yaxın durmağına ənğəl olar. Mütəxəsislər bu bitkilərin yağının( zeytun yağı da) dəriyə sürtülməsinin də əhəmiyyətli olduğunu deyir. Türkiyəli bioloq, Ağdəniz Universitetinin mütəxəsisi Hüseyn Çətin adlı şəxs bir neçə müddətdir ki, kəklikotundan hazırlanmış təbii dərmanlarının effekt verdiyindən danışır. Doğrudan da, saxta dərmanların zərərindənsə, kəklikotu ilə ağcaqanadın qaçırılması elmi şəkildə sübuta yetirilib.
Bir də deyirlər, dərinin sodalı suyla yuyulması da sizi ağcaqanad qurbanı olmaqdan qoruyar.
Ağcaqanad da qadınları sevir
Hər il dünyada 3 milyona yaxın insan ağcaqanadın sancması nəticəsində ölür. Bu ən çox da xəstəlikyayan( malyariya ağcaqnadı kimi) ağcaqandların “işi” nəticəsində baş verir. Bəzən ciddi yanaşmadığımız, yalnız yuxumuza mane olan, bizi sancıb qaçan həşərat kimi baxsaq da, ağcaqanad daha təhlükəli vəziyyət yarada bilər. Ən maraqlısı odur ki, araşdırmaçılar ağcaqanadın maraqları, övçuluğu barədə az da olsa məlumat əldə edə biliblər. “Vampir” sayılan ağcaqanadlar daha çox sarışın insanlara, qadınlara hücum edirlər. Açıq rəngli geyimli adamları sevmirlər. Çoxkilolu adamları qurban kimi seçirlər. Bu həşəratlar daha çox tərləyən, ayağından pis qoxu gələn adamları sancmağı sevirlər. Bu həşərat daha çox nəm havada, rütubətli yerdə bol olur. Fikir vermisinizsə, kənd, rayon yerində( dağlıq ərazilərdə) yaşayanlar ağcaqanad hücumundan yaxşı mənada məhrumdurlar.
Müqəddəs Qurani –Kərimin ayələrinin birində ağcaqnaddan söhbət açılır. Bunu ilahiyyatçılar müxtəlif cür izah edirlər. Əsas fikirlərdən biri odur ki, ağcaqanad acgöz insanla müqayisə olunur. Belə ki, ağcaqanad qan soran zamanı doymaq bilmir. Dozasını bilməyən həşarat nəticədə şişir, partlayır. Ya da, özünü ağır olduğundan havaya qaldıra bilmir, nəticədə özü qurbana çevrilir, məhv olur.
Bütün hallarda İlahinin yaratdığı bu həşərat insanların əsəbləri ilə oynamağa davam edir. Belə ki, bu vaxta qədər dünyanın bir çox ölkəsində ağcaqanada hirsi tutan yüzlərcə insan onun üzündən evini yandırıb. Bu xırda həşaratın “fərasəti”ni yox etmək üçün, ən yaxşısı ona ciddi yanaşmaq, ondan uzaq durmaq lazımdır.
Raminə Eyvazqızı