6 milyardlıq zərərdən bizə düşən pay...

6-milyardliq-zererden-bize-dusen-pay
Oxunma sayı: 647

Dünya Sakit

Kənddəkilərin adətidir, onları maraqlandıran, yaxud narahat edən hər hansı məsələni Bakıya – bizə zəng vurub dəqiqləşdirirlər. Biz də jurnalist imkanlarından istifadə edərək, onları maraqandıran suallara cavab tapmağa çalışırıq...

Dünən də qardaşım zəng vurdu – səsindən hiss etdim ki, dilxordur, o üzdən hal-əhval tutan kimi qanıqaralığının səbəbini soruşdum. Məlum oldu ki, kəndə (Tovuzda) bir gündə üç dəfə dolu düşüb – bütün əkinləri, meyvələri vurub: “Tərəvəzin ştillərini (ting – D.S.) təzə basdırmışdıq, kartof da çiçəyin içindəydi. Dolu hamısının axırına çıxdı. Taxılın boynunu qırdı...” Daha sonra xahiş etdi ki, bu sahəyə baxan hansı nazirlikdirsə, oradan xəbər tutum, görüm, doluya qarşı toplardan istfadə etmək məsələsinə baxılırmı-baxılmırmı...

Qeyd edim ki, Sovet dövründə biz tərəflərdə doluya qarşı istilik toplarından geniş istifadə olunurdu. Ermənistan tərəfdən qara buludlar qalxan kimi bilirdik ki, bir azdan top atəşləri başlayacaq: hamımız təpələrin başına qaçırdıq... O topların sayəsində mən dolunun nə olduğunu ilk dəfə müharibə illərində gördüm – o zaman ki, artıq həmin toplardan dolu dağıtmaq üçün deyil, düşmənə qarşı istifadə olunurdu...

Müharibə və ondan sonrakı 10-15 il ərzində dolu çox nadir hallarda yağırdı. Amma son 5-6 ildə intensivləşib, xüsusilə Qərb bölgəsi və Naxçıvan dolunun əlində əsir-yesir qalıb. Camaatın min bir əziyyətlə yetişdirdiyi əkin-biçin bir neçə dəqiqənin içindəcə məhv olur: heç bir sığortası olmayan kəndlinin bir illik qazancı sıfırlanır.  

Mütəxəssislər dolu, güclü yağışlar və sair halların artmasının qlobal istiləşmə və iqlim dəyişikliyi ilə bağlı olduğunu bildirirlər. Bildiyim qədəriylə, Azərbaycanın müxtəlif dövlət qurumları son illərdə iqlim dəyişkənliyinin yaratdığı fəsadlara qarşı mübarizə layihələrinə iri həcmdə dövlət və xarici qrant vəsaitləri xərcləyiblər. Dolu yağıntılarının artması kimi bir fəsada qarşı ən effektiv mübarizənin bu layihələrə salınıb-salınmadığı bəlli deyil.

Bəlli olan odur ki, son 4-5 ildə mətbuatda bu mövzuda onlarla material dərc olunub, mütəxəssislər, aqrar istehsalçılar problemin həllinin vacibliyini deyiblər, hər dəfə də Kənd Təsərrüfatı Nazirliyindən məsələyə baxılacağı bildirilib. Lakin hələlik ortaya real iş qoyulmayıb. Hansı ki, ölkə rəhbərliyi aqrar sektoru iqtisadi inkişafın əsas prioritetlərindən biri elan edib, dövlət dəstəyini əsirgəmir, bu sahəyə baxan qurumlar “qa” deyəndə, anındaca “qu” cavabı alırlar. Xüsusilə Kənd Təsərrüfatı Nazirliyinin irəlü sürdüyü təkliflər yetərincə dəstək alır, bu quruma istədiyi qədər maliyyə ayrılır. 

Bu şəraitdə, necə olur ki, Çindən tut tingi almağa pul istəyən nazirlik illərdir böyük bir bölgənin bitkiçiliyinə ağır zərbə vuran doluya qarşı mübarizə tədbirlərini yada salmır? Əminəm ki, problem vaxtında ölkə rəhbərliyinə çatdırılsaydı, doluya qarşı müdafiə sistemi çoxdan yaradılmış olardı. 

Dünya Meteorologiya Təşkilatının məlumatına görə, dolu hər il dünyada  kənd təsərrüfatına  6 milyard dollar zərər vurur ki, bunun da 740 milyon dolları MDB ölkələrinin “payına” düşür. Bu 740 milyon dolların nə qədərinin Azərbaycanda itirildiyini söyləmək mümkün deyil, çünki belə bir statistika açıqlanmır.  Bildiyim odur ki, dolu hər il minlərlə ailənin əlini bir illik qazancdan boşa çıxarır.

Son olaraq qeyd edim ki, doluya qarşı mübarizə  sisteminin yaradılması “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulub. İcrası isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilib. Ümid edirəm ki, heç olmasa gələn mövsüm camaatın gözü buludlarda qalmayacaq...