ABŞ, Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağla bağlı bəyanatla çıxış ediblər

abs-rusiya-ve-fransa-prezidentleri-dagliq-qarabagla-bagli-beyanatla-cixis-edibler
Oxunma sayı: 1182


ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olan ABŞ, Rusiya və Fransanın prezidentləri “Böyük səkkizlər”in sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı birgə bəyanatla çıxış ediblər. “Qafqazinfo”nun  APA-ya istinadən verdiyi məlumata görə, Barak Obama, Vladimir Putin və Fransua Ollandın imzaladığı bəyanatda münaqişə tərəflərinin danışıqlar prosesində problemin həllinə nail ola bilməməsindən dərin təəssüf hissi ifadə olunur: “Biz münaqişə tərəflərinin danışıqlar prosesinin gedişində hər iki tərəfin maraqlarına uyğun həll yolu tapmaq əvəzinə, birtərəfli fayda əldə etmək cəhdlərini davam etdirməsindən dərin təəssüf hissi keçirdiyimizi ifadə etmək istəyirik. Əminik ki, münaqişənin sülh yolu ilə həllinə aparacaq balanslaşdırılmış çərçivə razılaşmasının əldə olunmasının bundan sonra da gecikdirilməsi qəbuledilməzdir. Biz Ermənistan və Azərbaycan liderlərini güclərini yenilənmiş enerji ilə həlli açıq qalmış məsələlərin həllinə cəmləşdirməyə çağırırıq”.

 Prezidentlər inandıqlarını bildiriblər ki, son 4 ildə bu mövzuda verdikləri bəyanatlar Dağlıq Qarabağ münaqişəsinin ədalətli və dayanıqlı həlli üçün təməl təşkil etməlidir. Onların fikrincə, bu müddəalara vahid bir tamlıq kimi baxılmalıdır, çünki müddəalardan birinə digərləri qarşısında üstünlük vermək balanslaşdırılmış həll yolu tapmağa mane olar: “Biz bütün tərəflərin rəhbərlərini Helsinki prinsiplərinə, xüsusən güc tətbiq etməmək və güc tətbiqi ilə hədələməmək, ərazi bütövlüyü, bərabərlik və millətlərin öz müqəddəratlarını təyinetmə hüququna sadiqliklərini bir daha təsdiqləməyə qətiyyətlə çağırırıq”.