ADP Putini dəstəkləməyi yanlış sayır

adp-putini-desteklemeyi-yanlis-sayir
Oxunma sayı: 632

ADP-nin mətbuat xidətindən “Qafqazino”ya verilən məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.

Xocalı soyqırımının 20 illiyi ilə bağlı keçirilən tədbirlərə münasibət bildirən İdarə Heyəti üzvləri əvvəlki illərdən fərqli olaraq bu tədbirlərin daha geniş miqyasda və mütəşəkkil qaydada keçirilməsini təqdir edib. İdarə Heyəti üzvləri bəşəriyyətin yaddaşına XX əsrin ən dəhşətli beynəlxalq cinayəti kimi daxil olan bu genosid faktının dünya ictimaiyyətinə çatdırılması üçün hakimiyyətin bu istiqamətdə daha geniş layihələrlə çıxış etməsinin vaxtı çatdığını bildirib və bunun üçün ermənilərin törətdiyi 1918-ci il mart qırğını ilə Xocalı soyqırımını özündə əks etdirən memorial abidənin qoyulmasının, eləcə də bu cinayətləri törədənlərin cəzalandırılması üçün beynəlxalq məhkəməyə müraciət etmənin vacibliyini diqqətə çatdırıb.

İdarə Heyəti üzvləri İran Azərbacan münasibətlərinin gərginlik fazasına daxil olmasından bir daha narahat olduğunu ifadə edərək, mehriban qonşuluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın bu gərginliyin aradan qaldırılmasında müsbət rol oynaya biləcəyinə əminliyini qeyd edib.

İdarə Heyəti üzvləri Suriyada minlərlə insanın həlakına yol açan, bu gün də səngimək bilməyən qanlı olaylardan bir daha narahatlığını ifadə edərək dünya ictimaiyyətini "Suriyanın Dostları" konfransında Suriya müxalifətinin ölkənin rəsmi təmsilçisi kimi tanınması ilə bağlı qərarla həmrəy olmağa və Əsəd rejiminə müqavimət göstərən müxaliflərə dəstək olmağa çağırıb. Eyni zamanda diktatura rüejimlərinə qarşı effektli mübarizə vasitəsi kimi bu tipli rejimlərdə qanlı hadisələrdən sonra deyil, inqilablarından əvvəl demokratik qüvvələrə lazımi dəstəyin verilməsinin vacibliyi də qeyd edilib.

Azərbaycan və Ermənistanın bir qrup ziyalılarının Moskvada keçirilən görüşünə, eyni zamanda bir qrup Azərbaycan millət vəkillərinin Ermənistana səfərinə münasibət bildirən toplantı iştirakçıları layihədə iştirak edən şəxslərin düzgün müəyyənləşməsi şərti ilə xalq diplomatiyasının işə salınmasının problemlərin həllində vasitə olacağına inamını ifadə edib.

İdarə Heyəti üzvləri Rusiyada Azərbaycan diasporunun Xocalı soyqırımı ilə bağlı nümayişlər keçirilməsinə məhdudiyyət qoyulmasını qətiyyətlə pisləyib və bu cür mövqenin arxasında Rusiyanın Xocalı soyqırımında bilavasitə iştirak etməsinin durduğunu diqqətə çatdırıb

İdarə Heyəti üzvləri Rusiyada yaşayan azərbaycanlıların bu ölkədə keçiriləcək prezident seçkilərində Putini dəstəkləməsi siyasətinin yanlış olduğunu bildirib və həmyerlilərimizi onların gələcək mühacir yaşamına mənfi təsir göstərə biləcək bu mövqedən geri çəkilməyə, yalnız Rusiyanın demokratikləşməsinə xidmət edən qüvvələrin yanında yer almasına çağırıb.