Ağ şəkər haqqında ağ yalan...

ag-seker-haqqinda-ag-yalan
Oxunma sayı: 1795


Azərbaycanda milli iqtisadiyyatın formalaşmasını, güclü istehsal müəssisələrimizin yaranmasını istəməyən qüvvələr müəyyən yollarla əhali arasında əsassız şayiələr yayır, onlarda yerli məhsullar barədə inamsızlıq yaratmağa cəhd edirlər. Məqsəd Azərbaycanı idxaldan asılı vəziyyətə gətirmək, xarici məhsulların Azərbaycan bazarında mövqeyinin daha da möhkəmlənməsinə nail olmaqdır.

Təəssüf ki, jurnalistikamızın nüfuzunu aşağı salan, asan gəlir götürmək istəyən bir sıra şəxslər milli maraqlarımızı düşünmədən yalan şayiələri daha da qabardaraq, çalışdıqları kütləvi informasiya vasitəsində yayımlayırlar. Belə məlumatlar adətən “adının çəkilməsini istəməyən ekspertlərin” fikirləri kimi təqdim olunur. Əslində isə, həmin məlumatlar yazını hazırlayan və ya yazının dərc edilməsində maraqlı olan şəxslər tərəfindən işlənilir.

Bir neçə gün öncə saytların birində Azərbaycanın iqtisadi inkişafında, ərzaq təhlükəsizliyinin təmin olunmasında, minlərlə iş yerlərinin açılmasında böyük xidmətləri olan “Azərsun Holdinq” barəsində qərəzli bir məqaləyə rast gəldim. Holdinqin Mətbuat xidmətinin dəfələrlə media işçiləri üçün zavodlara təşkil etdiyi ekskursiyalarda iştirak etmiş bir jurnalist olaraq həmin yazını oxuduqda çox təəssüfləndim və mövzu barədə öz fikirlərimi yazmaq qərarına gəldim.

Məqalədə yenə “adının çəkilməsini istəməyən” ekspertə istinadən iddia olunur ki, guya holdinqə məxsus İmişli Şəkər Zavodunda şəkər tozu istehsalında heyvan sümüyü tozundan istifadə edilir. Hətta qeyd olunur ki, İmişli Şəkər Zavodunun istehsal etdiyi şəkərin tərkibinin 50 faizi üyüdülmüş sümükdür. Bundan başqa zavodun texnoloqunun verdiyi məlumat kimi təqdim olunur ki, respublikanın dörd bir tərəfindən hər gün yüzlərlə ton sümük İmişli Şəkər Zavoduna gətirilər, buradakı xüsusi sexdə üyüdülərək daha sonra şəkərə qarışdırılaraq satışa göndərilir.

İlk növbədə qeyd edim ki, İmişli Şəkər Zavodu Qafqazda ən böyük şəkər zavodudur və onun sutkalıq istehsal gücü 2000 tondur. Zavodda istehsal olunan şəkər tozunun yarısı heyvan sümüyünün tozu olsaydı, bu zaman hər gün 1000 ton (!) sümük almaq lazım olardı. Haradadır bu qədər sümük? Kim bu günə kimi Azərbaycanda qəssablardan, ət və kolbasa müəssisələrindən, restoranlardan sümük yığıldığını eşidib? Kiloqramı 80 qəpik olan şəkər tozu üçün sümük yığan işçilər tutmaq, onlara maaş vermək, sümüyü almaq, onu daşımaq sizcə heç sərfəli ola bilərmi?

Digər tərəfdən şəkər tozunun tərkibinin 50 faizi heyvan sümüyünün tozu olsaydı, şəkər tozunu çay ilə qarışdırdıqda, mürəbbələr bişirildikdə məlum olardı. Hər birimiz gündəlik şəkər tozundan istifadə edirik və hər hansı qeyri-adi dad, rəng və çöküntü ilə üzləşmirik.

İmişli Şəkər Zavodu şəkər tozunu Azərbaycanın öz torpaqlarında yetişdirilən çuğundurdan və xam şəkərdən alır. Ekskursiyalar zamanı zavodda gəzərək istehsal prosesi ilə tanış olmuşam. Belə ki, zavod minlərlə fermerlərlə müqavilə bağlayıb, onlara maliyyə və texnika yardımı göstərərək şəkər çuğundurunun yetişdirilməsini təşkil edir. Fermerlərdən alınan çuğundur zavodun ərazisində yuyularaq tamamilə torpaqdan və qumdan təmizlənir. Növbəti mərhələdə çuğundurlar avadanlıqla xırda hissələrə doğranaraq su ilə qaynatma prosesinə verilir. Bu proses zamanı, şəkər çuğundurdan suya keçir və nəticədə xam şərbət əldə edilir. Həmin şərbət sönməmiş əhəng və karbondioksit qazı ilə bir sıra proseslərdən keçirilərək bəzi lazımsız

maddələrdən təmizlənir və süzülür. Sonra şərbət buxarlandırılaraq tündləşdirilir və bir daha təmizləndikdən sonra bişirilməyə verilir. Bu proses zamanı kristal şəkər əmələ gəlir. Yüngül rütubətli olan bu şəkər, isti hava ilə isidilərək qurudulur və quru kristal şəkər əldə edilir. Qurudulan şəkər ələklərdən keçirilərək təmizlənir. Ən son prosesdə təmizlənmiş və qurudulmuş şəkər kisələrə doldurularaq satışa verilmək üçün anbara göndərilir.

Qeyd edim ki, İmişli Şəkər Zavodu adamda qürur hissi yaradan iri sənaye müəssisələrimizdəndir. Ən müasir avadanlıqlarla təchiz edilmiş İmişli Şəkər Zavodunda istehsal olunan şəkərin keyfiyyəti dünya standartlarından da yüksək olduğundan bir sıra tanınmış alkoqolsuz içkilər istehsalçıları (Coca Cola, Pepsi) Azərbaycanın şəkər tozundan istifadə edirlər. Şəkər zavodu daxili tələbatı ödəməklə bərabər Gürcüstana, Tacikistana, Ukraynaya, Əfqanıstana və digər ölkələrə şəkər tozu ixrac edir. Zavodda 1000 nəfərdən çox işçi çalışır. Zavod İSO 9001-2000 keyfiyyətin idarə olunması və 14001 ətraf mühitin idarə olunması standartları üzrə sertifikatlara malikdir.

Dəfələrlə İmişli Şəkər Zavodunda fermerlərdən şəkər çuğundurunun qəbulunun başlaması münasibətilə təşkil edilən “Şəkər” bayramlarında da iştirak etmişəm. Tonlarla şəkər çuğundurunun zavoda gətirilərək təhvil verildiyinin şahidi olmuşam. Xüsusilə, “Şəkər” bayramında bölgələr üzrə ilk məhsul gətirən fermerlərə bir neçə kisə şəkər tozu hədiyyə verilir.

Qısası, məqalədə yazılanlar reallığı əks etdirmir. Məqalə ifrat qərəzli şəkildə hazırlanmışdır. Əgər belə olmasaydı, gizli saxlanılan ekspertin dedikləri araşdırılardı. İmişli Şəkər Zavoduna gedib iddia olunanları dəqiqləşdirmək, məqalədə qida sahəsində tanınan mütəxəssislərin fikirlərini vermək olardı. Lakin bunların heç biri edilməyib. Çox təəssüf....

Bu gün Azərbaycanda media və jurnalistika yeni mərhələyə qədəm qoyur. Hədə-qorxu gələrək, yalan məlumatlar yazaraq insanlardan və şirkətlərdən pul tələb etmək dövrü keçmişdə qalır. Artıq oxucu peşəkar və qeyri-peşəkar yazıları bir-birindən gözəl ayırd edir. Bu cür yazılar oxucularda ikrah hissi doğurur və həmin mətbuat orqanını gözdən salır. Eyni zamanda reket jurnalistlər, həqiqi jurnalistikanı özünə əsl peşə seçən jurnalistlərin işini çətinləşdirir, bu peşənin nüfuzunu aşağı salır.

Seymur Yunusov