Ağzını marçıldada-marçıldada canlı yayım edir...

agzini-marcildada-marcildada-canli-yayim-edir
Oxunma sayı: 1056

Nərmin Dadaşova

Bir gün məni  həbs edəcəklər. Özünə zülm etmə, özünü intihar həddinə çatdırma, özünə qan uddurma  maddəsi ilə.  Bu “facebook”dakı  qadınların toplaşdığı “arvad-uşaq” qruplarını deyirəm. Mənə əzab verirlər, əzab, əzab... 

Ancaq mən bir gün orda ictimai yükü olan, bir balaca intellektual ağırlığı olan mövzu görə bilmək ümidi ilə illərdir onları izləməkdən,  paylaşdıqları postlardan tutmuş, yazdıqları şərhlərə qədər bircə-bircə oxumaqdan, oxuyub depressiyaya düşməkdən,  yerlə- yeksan olmaqdan əl çəkə bilmirəm. Çünki, mənim buna ehtiyacım var, əzizmən.  İQ  səviyyəsi yüksək olan anaların böyütdüyü uşaqlara ehtiyacımız var bizim. Neçə vaxtdır əzabıma əzab qatıblar xanımlar. 

İntellektsizliklərini və bayağılıqlarının dozasını birə -beş artıran “canlı yayım” videoları ilə matımı da, mutumu da qurudublar. Təsəvvür eləyin, 20.000 useri olan məşhur bir səhifədir. Bir də gördün əynində gecə köynəyi, saçı alnından bir az o yanda toppuz olmuş, toppuşmu-toppuş bir xanım bir ovuc tumu töküb qabağına qrupda canlı yayım edir. Başlıq  da belə “Bajılar, gəlin dərdləşəy.”  Allaha and olsun, olub ki dişimi-dişimə sıxıb yarım saat oturub izləmişəm.  Yepyekə bir “heç kimə” oturub dəqiqələrlə qulaq asmışam. Ağzından bircə dənə də cəmiyyət üçün faydalı cümlə cəhənnəm, söz birləşməsi də çıxmayıb zalım balasının. Tumunu bitirib bir boşqab meyvəni qoyub qabagına ağzını marçıldada-marçıldada yeməyə başlayıb, yayına qoşulan digər xanımların suallarına cavab verə-verə.  Mövzu isə həmişə eyni olur. Gəlin-qayınana münasibətləri, intriqalar, qırğın- qiyamət.

İnciməyin xanımlar, sizin böyütdüyünüz, sizin tərbiyə elədiyiniz uşaqlardan qorxuram. Ömründə bircə səhifə kitab oxumayan, üç-beş samballı filmə baxmayan ananın böyütdüyü uşaq cəmiyyət üçün çox təhlükləlidir, xəbəriniz olsun. 20.000  nəfərin  qarşısına çıxmaq cəsarətiniz, özgüvəniniz varsa, niyə bundan başqa məqsəd üçün istifadə edirsiniz? Niyə ölkə gündəmində baş verən yoluşma, bıçaqlaşma, qayınana boğma, yeznə güllələmə xəbərləri çəkir diqqətinizi? Məsələn, bugünkü gündəmdən varmı xəbəriniz? Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun kitab oxumaqla bağlı sərəncamını deyirəm, niyə bircəciyəziniz “canlı yayım”a qoşulub müzakirə etmirsiniz bu mövzunu. Siyahıdakı kitablardan neçəsini oxumusunuz ?

Xəbəriniz varmı ki, sizin ömrünüzdə adını belə eşitmədiyiniz bu kitablar, görmək istəmədiyiniz bu siyahı sizin əks qütbünüz, ölkənin ziyalıları, intellektual gəncləri tərəfindən hansı müstəvidə müzakirə olunur? Vallah, bir maraqlanın, heç olmasa cəhd edin, uduzmayacaqsınız. Məsələn, bir qrup insan bu siyahının kifayət qədər yaxşı tərtib olunmadığını düşünür. O qənaətdədirlər ki, insanın mütləq oxumalı olduğu kitablar siyahısı üçün bu olduqca bəsit tərtibdir. Digər qrup isə siyahının normal olduğunu düşünür. Mənsə, siyahıda nə olmasından asılı olmayaraq, kitab oxutmaq istəyən adamı iki əlli dəstəkləyənlərdənəm.

    Əziz qadın, mən həmişə sənin tərəfində olmuşam. Ancaq əbəsdi-bəsdi!  Bir özünə gəl, silkələn. Gör sən həmişə haqq-ədalət tələb etdiyin bu cəmiyyət üçün kimsən? Mənə, özünə, uşaqlarına, ətrafına vergül boyda köməyin dəymirsə niyə israf  edirsən oksigenimizi?  Bu bəsitliklə nə qədər xoşbəxt ola biləcəksən? Hara qədər?