“Akkord” 2011-də beynəlxalq sertifikatlara layiq görülüb

akkord-2011-de-beynelxalq-sertifikatlara-layiq-gorulub-
Oxunma sayı: 663

Azərbaycanın inşaat-tikinti sektorunun liderlərindən olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin cəmi iki il öncə elan etdiyi “ölkə xaricində tanınan və qəbul edilən şirkət” məqsədinə doğru inamlı irəliləyişi davam edir. Yaranmasından ötən 6 il ərzində əldə etdiyi nailiyyətlərlə nəinki ölkə daxilində, həmçinin yaxın və uzaq xarici ölkələrdə tanınan və qəbul edilən Korporasiya öz fəaliyyətində ən yüksək beynəlxalq standartlar səviyyəsinə nail olmaq üçün səylə çalışmaqda və uğurlarının sırasını gündən-günə genişləndirməkdədir.

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin İctimaiyyətlə Əlaqələr və Reklam Departamentinin Direktoru Afaq Quliyevanın “Qafqazinfo”ya verdiyi məlumata görə, bu məqsədlə davamlı şəkildə Avropanın aparıcı biznes strukturları, reytinq agentlikləri, keyfiyyət və idarəetmənin müasir standartlarını müəyyənləşdirən qurumlarla qarşılıqlı münasibətlər yaradan Korporasiya artıq bu əməkdaşlığın real nəticələrini əldə edir.
2007- ci ildən etibarən beton, asfalt, kərpic və təbii daşlardan məmulatlar istehsalı, körpü-tunel və yol tikintisi, sənaye-mülki təyinatlı binaların layihələndirilməsi və tikintisi sahəsində beynəlxalq İSO 9001:2008 standartının tətbiqinə nail olmuş Akkord Korporasiyası bu gün də müxtəlif fəaliyyət istiqamətlərini ən yüksək tələblərə cavab verəcək səviyyədə qurmaq əzmini nümayiş etdirir.
2011-ci ilin ortalarında korporativ idarəetmə standartlarının tətbiqini davam etdirməklə yeni təşkilati idarəetmə strukturunun formalaşdırılmasını başa çatdıran “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC cari ilin sonlarına doğru beynəlxalq standartların tətbiqi istiqamətində daha bir uğura imza atıb və beynəlxalq SGS şirkəti tərəfindən keçirilmiş sertifikatlaşma auditinin nəticələrinə əsasən Əməyin Mühafizəsinin İdarəetmə Sistemləri üzrə OHSAS 18001:2007 və Ətraf Mühitin Mühafizəsi İdarəetmə Sistemləri üzrə İSO 14001:2004 sertifikatlarına layiq görülüb. Bu sertifikatlar Korporasiyaya müvafiq sahələrdə əldə etdiyi yüksək nailiyyətlərə görə təqdim edilib.

Məlumdur ki, xüsusilə son illər ərzində əməyin və ətraf mühitin mühafizəsi məsələləri demokratik dəyərlər və müasir standartlar sisteminə böyük önəm verən dünya ölkələrində ciddi şəkildə diqqət yetirilən mühüm mövzulardandır və prioritet inkişaf istiqaməti dünya bazarlarına çıxışdan ibarət olan hər bir biznes qurumu bu standartlara mühüm əhəmiyyət verir. Bu baxımdan sözügedən məsələlər artıq dünyanın 6 xarici ölkəsində geniş miqyaslı infrastruktur layihələrinin icrasına qoşulan Akkord Korporasiyası üçün də mühüm əhəmiyyət daşıyır.

Əməyin Mühafizəsinin İdarəetmə Sistemləri üzrə OHSAS 18001:2007 və Ətraf Mühitin Mühafizəsi İdarəetmə Sistemləri üzrə İSO 14001:2004 sertifikatlarının alınması üçün SGS şirkətinin nümayəndələri Korporasiyaya 2011-ci ilin oktyabr ayında dəvət olunublar. Sözügedən məsələlər üzrə real vəziyyətin öyrənilməsi üçün “Akkord”un müxtəlif tikinti və istehsal sahələrində olan nümayəndə heyəti araşdırılan məsələlər üzrə Korporasiyaya tövsiyyə xarakterli sənəd təqdim edib. Bundan sonrakı bir ay ərzində bu tövsiyyələrin yerinə yetirilməsi istiqamətində ciddi iş aparılıb və noyabr ayının 21-23-də SGS nümayəndələri tərəfindən keçirilən yekun audit “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin öz fəaliyyətini Əməyin Mühafizəsinin İdarəetmə Sistemləri üzrə 18001:2007 və Ətraf Mühitin Mühafizəsi İdarəetmə Sistemləri üzrə 14001:2004 sertifikatlarının tələblərinə tam şəkildə uyğunlaşdırdığını rəsmi şəkildə təsdiq edib. Beləliklə, Korporasiya bütün dünyanın qəbul etdiyi ali standartlar səviyyəsində fəaliyyət göstərmək məqsədinin nə qədər ciddi olduğunu bir daha nümayiş etdirib.

Qeyd edək ki, ötən il SGS şirkəti tərəfindən “Akkord”un 2007-ci ildən bəri beton, asfalt, kərpic və təbii daşlardan məmulatlar istehsalı, körpü-tunel və yol tikintisi, sənaye-mülki təyinatlı binaların layihələndirilməsi və tikintisi sahəsində beynəlxalq İSO 9001:2008 Sertifikatının tələblərindən doğan fəaliyyətinin də auditi aparılıb. Yekun nəticəyə əsasən, resertifikasiya aparılaraq bu fəaliyyətin sözügedən sənədin tələblərinə tam şəkildə uyğun olduğu təsdiq edilib və sertifikatın müddəti 2014-cü ilədək uzadılıb.
Diqqətəlayiq faktdır ki, hər zaman yenilikçi ruhu ilə seçilən və mütərəqqi istiqamətlərin dəyərləndirilməsində xususi ilə seçilən “Akkord”un 2011-ci ilin sonlarına doğru əldə etdiyi beynəlxalq sertifikatlar bir növ, son iki il ərzində əldə edilən uğurların məntiqi davamına çevrilib. Belə ki, hələ ötən ilin ortalarından etibarən “Akkord”un struktur və idarəetmə sistemlərində tətbiq edilən müxtəlif yeniliklər qısa vaxt ərzində icra edilən layihələrin keyfiyyət və sürətinin daha da yüksəlməsinə səbəb olub.

Yeni strukturda Səhmdarların Ümumi Yığıncağının, Direktorlar Şurasının, İdarə Heyətinin, Audit Komitəsinin, Risklərin İdarəedilməsi Komitəsinin və digər struktur vahidlərinin fəaliyyət qaydaları əsasnamələrə və qaydalara müvafiq həyata keçirilməklə müasir tələblərə uyğunlaşdırılıb. Risklərin idarəedilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə Akkord Korporasiyası daxili nəzarət funksiyasını gücləndirərək daha da genişləndirmişdir. Həmçinin, maliyyə və İT risklərinin, əməliyyat risklərinin, layihə idarəetmə və s. risklərin qiymətləndirilməsi, tənzimlənməsi mexanizmləri tətbiq edilib. Bundan başqa, Korporasiyada investisiya siyasətinin təkmilləşdirilməsi və açıq tender prosedurlarının tətbiqi həyata keçirilib.

Korporasiyada Daxili Audit Funksiyası da əsaslı təkmilləşdirilib. Cari ildə ASC-nin 2010-cu il üzrə illik və 2011-ci ilin altı ayı üzrə yarımillik maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun hazırlanması və Mak Azerbaijan Ltd. (Crowe Horwath Business Alliance üzvü olmaqla audit və konsaltinq şirkətlərinin qlobal reytinqində böyük onluğa daxildir) tərəfindən yoxlanılması müvəffəqiyyətlə başa çatdırılıb. Ümumilikdə, Akkord Korporasiyasının 2007, 2008, 2009, 2010-cu illərin və 2011-ci ilin 6 (altı) ayının yekunlarına görə maliyyə hesabatları MHBS-a uyğun hazırlanıb və Mak Azerbaijan Ltd. audit firmasının yoxlamasından keçib.

Eyni zamanda, maliyyə hesabatlarının növbəti auditini aparmaq məqsədilə Akkord Korporasiyası tərəfindən dünyanın audit və konsaltinq şirkətlərinin “böyük dördlüyü”-nə daxil olan Deloitte & Touche şirkəti ilə müqavilə bağlanıb.
Cari ilin ortalarına doğru bir çox istiqamət üzrə əldə edilən nailiyyətlərlə Avropanın aparıcı biznes qurumlarının da diqqətini cəlb etmiş Korporasiya nüfuzlu beynəlxalq mükafatlara - Böyük Britaniyanın Oksford şəhərində Avropa Biznes Assambleyasının və Paris şəhərində Biznesin Liderləri Klubunun ali diplomlarına, Korporasiyanın rəhbəri Xaqani Quluzadə isə, “İlin top meneceri” diplomuna və medalına layiq görülüb.

Xüsusilə önəmli fakt kimi qeyd edilməlidir ki, 2011-ci ildə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə beynəlxalq reytinqin alınması üçün danışıqlara da başlanılıb və bu məqsədlə “Fitch” reytinq agentliyi ilə müqavilə bağlanıb. Noyabr ayının 29-da Akkord Korporasiyasının baş ofisində “Fitch” agentliyinin London ofisindən olan analitiklər qrupu Akkord Korporasiyasının İdarə Heyəti ilə işçi görüşü (“management meeting”) keçirib. Görüşdə Akkord Korporasiyasının İdarə Heyətinin üzvləri Korporasiyanın bütün fəaliyyət istiqamətləri, hazırkı durumu, inkişaf planları və s. mühüm məsələlər üzrə intervyü ediliblər. Hazırda “Fitch” reytinq agentliyi tərəfindən Akkord Korporasiyasının fəaliyyətinin təhlili davam etdirilir və təhlil başa çatdırıldıqdan sonra 2011-ci il dekabr ayının sonunadək Korporasiyanın reytinqi açıqlanacaq.

Nigar Məmmədli