“Akkord” tunel kompleksinin tikintisini yekunlaşdırır - - Fotolar

akkord-tunel-kompleksinin-tikintisini-yekunlasdirir-
Oxunma sayı: 1712


 Nəqliyyat Nazirliyinin sifarişi ilə “Gənclik” metrostansiyasının ətrafındakı “Qələbə meydanı” adlanan ərazidə və onunla kəsişən yollarda nəqliyyatın hərəkətinin nizamlanmasını, tıxacların aradan qaldırılmasını və işıqforsuz hərəkət rejiminin təminini nəzərdə tutan layihənin icrasını “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 2010-cu ildən etibarən həyata keçirir.

Layihə ərazidə 6 tunelin, 8 piyada keçidinin inşasını və əlaqədar yolların genişləndirilməsini nəzərdə tutur. Ötən müddət ərzində Korporasiya tərəfindən “Gənclik” metrostansiyasının Atatürk prospektinə çıxan girişinin “Qələbə meydanı”nın mərkəzinə doğru yerdəyişməsi həyata keçirilib və Həsən Əliyev küçəsində bir tunelin tikintisi tamamlanıb. 546 metr uzunluğu. 16,5 metr eni olan bu tunelin açılışında ölkə Prezidenti İlham Əliyev cənabları iştirak edib. İtaliyanın tanınmış dizayn şirkətləri tərəfindən hazırlanan daxili işıqlandırma sistemli tunel paytaxtın simasına daha bir gözəl ştrix əlavə edib.
Hazırda “Qələbə meydanı” layihəsi üzrə digər işlər sürətlə davam etdirilir. Nəqliyyat naziri Ziya Məmmədov tikinti işlərinin gedişi ilə tanış olmaq üçün əraziyə gəlib. “Akkord” Korporasiyasının Direktorlar Şurasının sədri Xaqani Quluzadə görülən işlərlə bağlı nazirə məlumat verib. İşlərin indiki mərhələsində Ataturk prospektindən gələn və ərazi üzrə yol hərəkətini 3 müxtəlif istiqamətdə paylayan tunelin tikinti işlərinin tam sürətlə getdiyi, tunellərdə digər işlərlə yanaşı, üzləmə, işıqlandırma işlərinin də yüksək Avropa standartlarına uyğun şəkildə aparıldığı nazirin diqqətinə çatdırılıb.

X.Quluzadə bildirib ki, tunelin daxili işıqlanma sistemi dünyada keyfiyyət, səmərəlilik, təhlükəsizlik və uzunömürlülük baxımından özünü təsdiqləmiş olan və yarimkeçirici diodlar əsasında ( LED) işləyən ən müasir işıqlandırma sistemidir. Bu sistemdə işıqlanma kompyuter vasitəsilə idarə olunur. İşıqlandırıcılar çeviricilər vasitəsi ilə 12 volta çevrilmiş gərginliklə işlədiyi ücün enerjiyə 3 dəfə qənaət etməklə yanaşı, həm də təhlükəsizlik və uzunömürlülük baxımından çox effektiv bir sistem sayılır. Tunelin tavanında quraşdırılan projektorlar bir neçə rejimdə - gündüz , gecə və qəza rejimlərində çalışır.
Tuneldə fasiləsiz enerji təminatı məqsədi ilə 90 –p 120 kW gücündə generatordan və düzləndiricidən istifadə olunub. Tuneldə istifadə edilən elektrik kabelləri alışmayan və yüksək temperaturlarda yanmayan izolə materiallardan hazırlanmışdır.

Nazirin diqqətinə o da çatdırılıb ki, tuneldə istifadə olunan bütün işıqlandırıcı avadanlıqlar İngiltərə, kabel və idarəedici avadanlıqlar isə, Almaniya və ABŞ istehsalıdır.  
Baş direktor eyni zamanda nazirə tulellərin girişində yol hərəkəti haqqında dolğun məlumatın alınması, birbaşa vizual müşahidə və hadisələr haqqında məlumatların sürətli ötürülməsini təmin edəcək intellektual kameraların qiraşdırılacağı barədə də məlumat verib.   
Bu çoxşaxəli tunelin də dizayn işlərinin İtalyan şirkətləri tərəfindən həyata keçirildiyi, üzləmə işlərində yüksək keyfiyyətli fibrobeton məhsulundan istifadə olunduğu bildirilib. “Akkord” rəhbəri tunelin yaxın aylarda paytaxt sakinlərinin istifadəsinə verilməsi üçün növbəli iş rejiminə keçirildiyini bildirib. Öz növbəsində, nazir tikinti işlərinin gedişi ilə əyani şəkildə tanış olub və görülən işləri yüksək qiymətləndirib.

Qeyd edək ki, ərazidə layihə üzrə tikintisi nəzərdə tutulan tunellərin qapalı hissəsi 748.2, ümumi uzunluqları 2065 metrdir. Tunellərin eni 8-19 metr arası dəyişir. Ərazinin ümumi asfalt sahəsi 110 min kvadratmetrdir. Layihə tamamlandıqdan sonra “Qələbə meydanı” adlanan ərazidə hərəkətin intensivliyi xeyli artacaq və bu kompleks paytaxtda tıxac probleminin aradan qalxmasına əhəmiyyətli dərəcədə yardımçı olacaq.

 “Qələbə meydanı” layihəsi üzrə işlərin aparılmasına, ümumilikdə, “Akkord” Korporasiyasının 400-ə yaxın işçi qüvvəsi, müvafiq mütəxəssislər qrupu və 40-a yaxın xüsusi texnikası səfərbər olunub.
Tikinti işləri tam başa çatdıqdan sonra buradakı park əsaslı şəkildə yenidən qurulacaq.