Ali məktəblərə sənəd qəbulu başlayır

ali-mekteblere-sened-qebulu-baslayir
Oxunma sayı: 646

Trend-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə cümə axşamı keçirdiyi mətbuat konfransında bildirib ki, sənəd qəbulu mayın 17-dək aparılacaq. Ərizələrin təsdiqi isə aprelin 15-dən mayın 17-dək keçiriləcək.

Abbaszadə bildirib ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün abituriyentlər internet vasitəsilə TQDK-nın rəsmi saytında "Abituriyentin elektron ərizəsi"ni doldurmalı və tələb olunan sənədləri TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komis­si­yalarına (SQK) şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər. Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komis­siya­larına (QİK) tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işlərini təqdim etməklə seçmə turda iştirak edəcəklər. QİK-də abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxlamadan müvəffəqiyyətlə keçənlər qeydiyyata alınırlar. Qeydiyyata alınmış abitu­ri­yentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən test imtahanlarında iştirak edir və test imtahanlarında topladıqları ümumi balları TQDK tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olduqda qabiliyyət imtahan­larına buraxılırlar. Qabiliyyət imtahanlarının keçirilməsi TQDK tərəfindən müəyyən edilən qaydalarla tənzimlənir.