ANS-Nuşirəvan Məhərrəmli davası səngimir

ans-nusirevan-meherremli-davasi-sengimir
Oxunma sayı: 3497


Daha əvvəl korlanan münasibətlər ANS ÇM radiosunda erməni musiqisinin səslənməsi ilə bir daha ortalığa çıxıb. “ANS rəhbərliyi qanunvericiliyin nə olduğunu bilmir. Onlar yalnız özlərinə lazım olanda qanunvericilikdən, vətənpərvərlikdən danışırlar”, - deyə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli baş verənlərə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, o, aktual.az-a açıqlamasında  deyib ki, ermənilərin işğalçılıq siyasətinin qurbanı olan Azərbaycan xalqına qarşı bu hörmətsizlik qəbuledilməzdir: “Bu həssas məsələyə hər bir insan diqqətlə yanaşmalıdır. Yəni belə məsələlərdə insanların hissiyyatı nəzərə alınmalıdır”.

Milli Televiziya və Radio Şurasının sədrinin fikrincə, ANS ÇM radiosunda erməni mahnısının səsləndirilməsinə qurumun irad bildirməsinə ANS rəhbərliyinin cavabı heç bir məntiqə sığımır: “Bilirsiz, onların məntiqi ilə yanaşsaq, deməli onda gərək Azərbaycanda erməni filmləri də göstərilsin, malları da satılsın”.

Xatırladaq ki, ANS ÇM radiosunda “Qafqazın TOP-20 mahnısı” adlı verilişdə erməni mahnısı səsləndirilməsinə MTRŞ-nın Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov münasibət bildirilib: “ANS ÇM-də erməni mahnılarının səsləndirilməsi və aparıcının bunu açıq şəkildə bəyan etməsi barədə arayış hazırlanaraq rəhbərliyə məlumat verilib?”


Buna cavab olaraq ANS prezidentinin media üzrə müşaviri Mais Məmmədov deyib ki, ANS ÇM radiosunda erməni mahnısının səsləndirilməsində hər hansı problem yoxdur: “Ona qalsa İrəvanda da hər gün Azərbaycan mahnıları oxudurlar. Hələ mahnı bir tərəfə, millət Ermənistana gedib-gəlir, dünyadan xəbəriniz yoxdur. İstəməyən qulaq asmasın, soyuq su içsin”.

ANS Şirkətinin vitse-prezidenti Mirşahin Ağayev isə elə öz telekanallarının efirindən MTRŞ sədrinə cavab verib. Bu məsələdə medianı da ittiham edən ANS rəsmisi deyib ki, qurum ətrafında yaradılan ajiotajın səbəbi çox sadədir: “Son zamanlar bəzi kütləvi informasiya vasitələri, sayt və portallarda ANS-ə münasibətdə Roma Papasından artıq katolik olmaq həvəsi özünü büruzə verməkdədir. Bu qüvvələr ANS-in məhz ana xəttini- vətənpərvərlik ruhunu şübhə altına almağa yönələn mövqe sərgiləyirlər”. O, “Qafqazın TOP-20 mahnısı” hit-paradında erməni mahnısının səsləndirilməsində qeyri-adi heç nəyin olmadığını vurğulayıb: “Bu, adicə bir radio layihədir və onu yaradanlar heç bir siyasi məqsəd güdməyiblər”. Onun sözlərinə görə, əksinə, bu cür layihələr ermənilərin Azərbaycan və azərbaycanlılarla bağlı apardıqları təbliğat və siyasətini ifşa edir. ANS isə hətta düşməni bir millət kimi dünyaya çıxarır.

M.Ağayev N.Məhərrəmlinin verdiyi açıqlamaları adekvat hesab etmədiyini də vurğulayıb: “ANS bununla heç kimin heysiyyətinə toxunmur. Adi radio layihələrdən birini həyata keçirir”. O bildirib ki, MTRŞ-nin münasibətindən təxminən bəzi şeylər anlayır: “Biz Şuranı məhkəməyə vermişik və qurum əsəbidir...”

ANS rəsmisinin sözlərinə görə, mediada ANS-lə bağlı mənfi rəy yaratmağa çalışanlar Nuşirəvan Məhərrrəmliyə yaxın olanlar, yaxud da onun təsiri altında olanlardır: “Hər kəs öz işi ilə məşğul olsun”.

M.Ağayev son olaraq deyib ki, Azərbaycan düşmənlə mübarizə aparır, mədəniyyətlərlə yox: “Bizə vətənpərvərliyi öyrətmək lazım deyil. Biz kimin kim, nəyin nə olduğunu yaxşı bilirik. Elə dövlətimiz də bizi başqalarından daha yaxşı tanıyır və bizə inanır. Bilir və inanır ki, ANS nə edirsə düz edir”. 

Nuşirəvan Məhərrəmli də bu cavabdan sonra susmayıb. O bildirib ki, ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin həmin kanalın radiosunda efirə gedən “Qafqaz Top 10" verilişində erməni mahnısının verilməsinə haqq qazandırması təəssüf doğurur: ”Və bu, məndə gülüş doğurur". AzNews.az-a açıqlamasında Nuşirəvan Məhərrəmli bununla bağlı Mirşahin Ağayevin “ANS nə edirsə, düz edir” fikirlərinə cavabında belə deyib. 

ANS-in vitse-prezidentinin “Milli Televiziya və Radio Şurasını anlayıram. Ona görə ki, biz Şuranı məhkəməyə vermişik və qurum əsəbidir” sözlərinə isə Şura sədrinin cavabı belə olub: “Bu ANS kanalının iş üslubudur və onlardan bundan artıq heç nə gözləmirəm. ANS öz nöqsanını gizlətmək üçün ucuz vasitələrdən istifadə edir”.

N.Məhərrəmli əlavə edib ki, ANS ÇM radiosunda erməni mahnısının verilməsi və bunun ANS-in “mədəniyyətin sərhəddi olmur” kimi təqdim etməsi normal düşüncə deyil və absurddur: “Azərbaycan və Ermənistan müharibə vəziyyətindədir. Bu məntiqə görə, gərək Azərbaycan teatrlarında da erməni əsəri tamaşaya qoyulsun, ölkəmizin sərgilərində isə erməninin hazırladığı incəsənət nümunələri nümayiş etdirilsin. Hesab edirəm ki, bu düşüncə və yanaşma yanlışdır”.