Antibiotiklər – can düşməni, həkim “dost”u

antibiotikler-can-dusmeni-hekim-dostu
Oxunma sayı: 5432

Yenə qış qapımıza dayanıb. Qar da yağmağa başlayır. Deməli, soyuqla bərabər xəstəliklər daha çox qonağımız olacaq. Elə indi də öskürək, soyuqdəymə, qrip kimi xəstəliklər günlərlə canımızdan çıxmır. Həkimlərsə, ən asan yolu antibiotikdən istifadəni məsləhət görürlər. Yüngül xəstələndikdə antibiotikdən istifadə isə qəsdən canımıza xətər yetirməyimiz deməkdir. Axı bəzi həkimin bu barədə fikirəşməyi nəyinə gərəkdir. Əsas odur ki, xəstə tez sağalsın, şikayəti kəsilsin.

Çörçilin sidiyindən alınan pensilin....

Antibiotikin hərfi mənası, anti-qarşı, biotik isə həyat deməkdir. Bu maddələr təbii və ya yarımsintetik şəkildə bitki, heyvan mənşəli məhsullardan alınır. Orqanizmə daxil olan istənilən antibiotik kənar mikrobların məhvinə hədəflənir. İlk antibiotik olan pensilin birinci dəfə 1929-cu ildə şotlandiyalı Aleksandr Fleminq tərəfindən kəşf olunub. Bakterioloq pensilini kif göbələyindən əldə etmişdi. Sonra pensilinin tərkibi 1942-ci ildə daha da zənginləşdirildi. Z.Vaksman adlı alim onun geniş tətbiqi və effektinə nail oldu. Pensilinin kəşfi və istifdadəsi ötən əsrin əvvəllərində yayılmış və epidemiya təhlükəsi olmuş ağır infeksiyalı xəstəliklərin qarşısının alınmasında böyük rol oynadı. İkinci dünya müharibəsində əsgərlərin xilasına çevrildi. Amma o vaxtlar pensilinin əldə olunması çətin idi. Buna zaman qıtlığı və maddiyyat əksikliyi imkan vermirdi. Bu səbəbdən pensilindən istifadə edən xəstələrin sidiyi yığılır, yenidən ondan pensilin istehsal olunardı. Pensilinin orqnizmdən mikrobları öldürdükdən sonra tərkibinin dəyişmədən ifrazı buna imkan verirdi. Hətta İngiltərənin görkəmli ictimai-siyasi xadimi U. Çörçilin də pensilindən istifadəsindən sonra sidiyinin yığılıb yenidən antibiotikin alınması faktı məlumdur.
Bu gün mindən çox antibiotik istehsal olunsa da, yalnız 200 növü daha çox istifadəyə yarayır. Pensilin, eritromisin, demoklosiklin, streptomisin, gentomisin, tetrasiklin nüfuz qazanmış antibiotiklərdəndir. Antibiotiklərin özləri də müxtəlif mikroba təsir gücünə görə fərqlənir. Bu mənada həkimlərin qoyduğu diaqnoz böyük əhəmiyyət kəsb edir. Bəzi antibiotiklər orqanizmdəki mikrobların tamamilə məhvinə, diğərləri isə onların çoxalması və inkişafının qarşısının alınmasına yönəldilir.

Antibiotik mini atom bombası ola bilər, diqqətli olun!

Qəbul edək ki, bu gün həkimlərin çoxu ən sadə xəstəlik zamanı antibiotikdən istifadəni məsləhət görür. Bunlar arasında qrip, soyuqdəymə, öskürək kimi vəziyyətlər də yer alır. Bu isə yolverilməzdir. Hətta pasiyentlər arasında “antibiotik yazmayan həkim, həkim deyildir” kimi doğru olmayan söhbət gəzir. Halbuki statistika da göstərir ki, həkimlərin 70%-i xəstələrin antibiotiklərlə müalicəsini “effekt alınar, ya alınmaz” kimi proqnozla təyin edirlər. Hətta elə həkimlər var ki, xəstəni tam müayinə etmədən və ya onun vəziyyətini nəzarətdə saxlamadan ona antibiotik yazırlar. Antibiotik ağır xəstəliklərdə( hepatitlərdə, herpes kimi) belə mikrobları öldürmək xüsusiyyətinə malik deyil. Antibiotik zamanında və dozasında təyin olmazsa, o mini atom bombası kimi insan orqanizmini dağıdar. Bəzən insanlar özbaşına, aptekdən oranın işçisinin məsləhəti ilə antibiotiklə müalicəni seçirlər. Bu da böyük səhvdir. İstənilən antibiotikin istifadəsi zamanı onun sınaq olunması vacibdir. Misal üçün, iynəsi vurulmamışdan qabaq bədənə azacıq yeridilən dərman bir müddət gözlənildikdən sonra istifadə olunmalıdır. Əks halda, şok vəziyyət yarana bilər.Ümumiyyətlə, dərmanların allergik reaksiyası barədə məlumatın olması mütləqdir.
Antibiotiklər orqanizmdəki mikrobları öldürsə də, onun uzun müddət və yersiz istifadəsi disbakterioz kimi xəstəliyin yaranmasına səbəb ola bilər. İnsanın orqanlarında 100 trilyondan çox bakteriya var. Xüsusən, mədə-bağırsaqda xoşxassəli bakteriyalar var ki, bunlar həzm prosesini həyata keçirir. Antibiotikdən istifadə zamanı həmin bakteriyaların məhv olunması, orada göbələyin yaranması mədə-bağırsağın fəaliyyətinə zərbə vurar. Bu zaman probiotik deyilən müalicə kurslarına ehtiyac duyulur, mədənin florasını bərpa etmədikdə bu orqanizmin çökməsinə səbəb olur.

Qızım antibiotikdən sonra yerimədi

Antibiotikdən çox istifadə uşaqlarda belə mənfi mənada dəyişikliyə səbəb olur. Araşdırmalara görə, körpələrə yersiz antibiotikin təyini onların piylənməsinə, gec danışması, yeriməsinə, hətta kar və kor olmasına səbəb ola bilər. Bəzən bu halda əlil vəziyyətinə düşmüş uşaqların xəstəliyinin səbəbləri başqa yerlərdə axtarılar, əsil səbəb isə məlum olmaz. Antibiotikdən istifadə qaraciyər, böyrəkdə də iz qoya bilər ki, bu da gələcəkdə orqanın daha tez zədələnməsinə səbəb olar. Hazırda dünyada antibiotikin təsirindən minlərlə insan ölür və ya şikəst olur. Misal üçün, Çin kimi ölkədə hər il 80 min insan antibiotikdən istifadə zamanı ölür. Çin dünyada ən çox antibiotik istehsal və istifadə ölkələrdən öndə durur. Ildə 21 ton antibiotik istehsal edən ölkənin 70%-i antibiotik istifadə etməyə alışıqdır.
Bizdə də sadalanan fəsadlarla qarşılaşan insanlar var. Antibiotikin zərərini görmüş 5 yaşlı qızcığazın anası Elza xanım övladının hələ körpəlikdən antibiotiklərlə müalicə olunduğunu deyir. “Hələ körpə vaxtında öskürürdü, həkim-pediatr da ona tezbazar antibiotik yazmışdı. Biz də hər dəfə bahalı dərmanlar alırdıq. Həkim qızımın güclü soyuqladığını deyirdi, amma heç antibiotikdən sonra da tez sağalmırdı. Beş yaşına qədər hər dəfə ayrı-ayrı həkimlərə getdik, çoxu ona antibiotik yazmağa tələsirdi. Bir dəfə də iynələrdən sonra mədə-bağırsağı pozuldu, yenidən müalicə etməli olduq. Üç yaşına qədər nisbətən gəzirdi. İndi isə ayaqlarını belə yerə tam qoya bilmir. Bakıya gələn xarici həkimə aparmışdıq, dedi ki çox antibiotik vurdurmuşuq, uşağın sinir sistemi zədələnib. Baş beyinin bərpası isə ağır prosessir.
Onu da qeyd edim ki, antibiotiklərdən yersiz və çox istifadə immun sisteminə də zərbə vurur. Bədənin müqavimətini azaltmaqla yanaşı, növbəti dəfə antibiotikdən istifadənin belə effekti olmur. Artıq antibiotikə qarşı mikroblarda dayanıqlıq yaranır. Bu səbəbdən Avropanın inkişaf etmiş ölkələrində belə, antibiotikdən istifadə olunan xəstəliklər zamanı effekt alınmır. Bu ilin ortasında Dünya Səhiyyə Təşkilatının rəhbəri Marqaret Çen də dünya ölkələrinə xəbərdarlıq edib. Təşkilat rəhbəri bütün ölkələrin səhiyyə orqanlarına antibiotikdən yalnız çarəsiz qaldıqda istifadə edilməsini tövsiyyə edib. Onun hesabatına görə, artıq antibiotikdən istifadə belə 50% effekt vermir. Xanım Çen belə getsə, on il sonra insanların ən sadə dəri zədələnməsindən öləcəyini xəbərdar edib.

Saxta dərman bazarının bahalı antibiotikləri

Bizdə vəziyyət heç ürəkçan deyil. İnsanlar bəzən lazımı dərmandan çox, istifadə etdikləri dərmanın saxta olduğunun fərqinə belə varmırlar. Halbuki dərman bazarının 30%-i saxta məhsullardan ibarətdir. Elə bu səbəbdən də çox adam dərmandan istifadədən sonra sağlamlığının bərpa olunmadığından şikayət edir. Bəs ən çox alıcısı olan antibiotiklər necə? Antibiotiklərin ölkəyə istehsalı və istifadəsində hanıs qaydaların tətbiqini bilmirəm, amma Dərmanlara Nəzarət inspeksiyası və dərmanların ekspertizası laboratoriyaları vəziyyətin qənaətbəxş olduğunu bəyan edirlər.
Apteklərdə satılan antibiotiklərin qiyməti təxminən bir manatdan başlayaraq 20-30 manata qədər artır. Bəzən həkimlər pasiyentin üst-başına baxıb ona ucuz dərman olduğu halda, bahalı firma(faiz məsələsi) dərmanı təyin edirlər. Aptekdə işləyən Nərminə xanıma görə, həkimlər “sovetin vaxtında” istifadə edilən və Rusiya istehsalı olan dərmanlara üstünlük vermirlər. “Halbuki bu dərmanlar həm effektiv təsirə malikdir, həm də pasiyentin cibinə uyğundur. Bəzən, məlumatlı xəstələr bizə bahalı dərmanların ucuzuyla əvəzlənməsini xahiş edirlər. Bir də alıcılar bilməlidir ki, qapağı açılmış su və ya sirop formasında olan antibiotiklər təkrar istifadə olunmamalıdır. Dərmandan istifadə zamanı onun təlimatı mütləq oxunmalıdır. Saxta dərman, antibiotikə gəlincə, biz bəzən heç özümüz də bunu aşkar edə bilmirik.”

Təbii antibiotiklərə nə gəlib ki...

Çox adam təbiətin, yaradanın bəxş etdiyi antibiotikləri(dazıotu, kəklikotu, çaytikanı, arı südü(propolis), itburnu və .s) yaxşı tanıyır. Onlar arasında ən güclüsü sarımsaq və soğandır.
Kəskin qoxulu bu tərəvəzlərin hər zaman istifadəsi xəstəliklərdən uzaq olmaq deməkdir. Bu elmi araşdırmalarla da dəfələrlə sübuta yetirilib. Amma çoxu qoxusu səbəbindən sarımsaq və soğandan istifadəni seçmir. Amma artıq farmokologiyanın sarımsaq kapsulları, soğan yağı kimi möcüzələri var.
Təbii antibiotikdən istifadəylə razılaşırsınızsa, bu maraqlı reseptdən də istifadə edə bilərsiz. Yarım litr qaynadılmış suya bir baş sarımsaq doğranılır, yarım limon qabıqla birlikdə əlavə edilir. Sonra qarışdırılaraq qabın üzəri aliminium falqa ilə sıx örtürülüb dörd gün qaranlıq yerdə saxlanılır. Sonra hər gün yeməkdən 15 dəqiqə əvvəl bir xörək qaşığı içilir. Zərəri xeyirindən çox olan olan dərmandansa, təbii məhsuldan istifadə daha təhlükəsizdir.

Raminə Eyvazqızı