Arvadına zülm verən imanlı və qeyrətli kişi...

arvadina-zulm-veren-imanli-ve-qeyretli-kisi
Oxunma sayı: 4800

Nərmin Dadaşova

Hər axşam  türk telekanallarındakı  “Haber” proqramlarına baxmaq kimi əvəzolunmaz bir vərdişim var. Baxıram, baxdıqca da dəhşətə gəlirəm. Ölkədə nə qədər cinayət, nə qədər qətl, nə qədər dava- dalaş olar, İlahi.  Günü -gündən hadisələrin dozası artdıqca,  cinayətkarların xəyal gücləri genişləndikcə insanların reaksiyaları adiləşir olaylara.  Elə dünən bir qatilin törətdiyi dəhşətli cinayət hadisəsi haqqında  olduqca soyuqanlılıqla  danışan aparıcıya  baxıb “Bəs emosiya? Olaydı sənin yerində Xoşqədəm xanım, necə lərzəyə gətirərdi o studiyanı. Qaşlarını çatardı, baxışları donardı xəbərin kulminasiya anında, əlini alnına aparıb dərin bir nəfəs alardı, lazım gələrdi kövrələrdi, ağlayardı, Doğuşu studiyaya dəvət edərdi”  dedim öz-özümə.  Nə isə, sözüm onda deyil, deməli dəhşət içində izlədiyim xəbərin təsirindən  gecə boyu çıxa bilmədim. İnsanların və insanlığın bütün dünyada gəlib çıxdığı yer – “qırmızı xətt” i keçib artıq. Hərəmiz bir ədəd “əl vurma öldürər” xəbərdarlığı kimi dolanırıq ortalıqda, xəbəriniz varmı? 

Gözəlim məmələkətimin yağışlı günündə  yolla- irizlə didişə-didişə çatdıq işimizə-gücümüzə. Sosial mediyaya  pəncərəmizi açan kimi  meyit şəkli, qan ləkəsi, araq iyi bürüdü ətrafımızı. Bir də Xoşqədəm xanımın şəkli boylandı o biri pəncərərlərdən. Bildim yenə aləm bir-birinə qarışıb, səbrlə aram-aram oxudum xəbərləri.  İçim ürpəndi, oxucu dost. Deməli, Salyan rayonunda, üç il bundan qabaq Fərhad adlı ata ailə münaqişəsi zəminində arvadını və 3 qızını qətlə yetirib, yataq otaqlarının altında üzü qibləyə bir metr dərinliyində quyu qazıb mərhumələri də düzüb ora. Üstlərinə ədəb-ərkanla  köhnə bir örtük çəkib torpaqla basdırıb. Gözünün ağı-qarası oğlu da atasından köməyini əsirgəməyib proses zamanı. Ana və dörd qızını görməyən qonum-qonşu harda olduqlarını soruşanda  Fərhad onların evdən çıxıb getdiklərini deyib.  Kişinin içki düşkünü olduğunu, evin xanımının və qızlarının olduqca sakit, ağlıbaşında adamlar olduğunu nəzərə alan tanış-bilişlər qadının  qaçıb canını qurtarmasına inanıblar. Aylar günləri, illər ayları əvəz edib, və  bacısı və qızlarından xəbər tuta bilməyən böyük bacı Xoşqədəm xanıma müraciət edir. Tragikomediyaya baxın, siz Allah. Əvvəlcə polisə müraciət edilir, itkin düşmüş  qadınların sərhədi keçməmələri, ərin tufeyli həyat keçirməsi, qızları və həyat yoldaşını axtarmaması aidiyyatı qurumlarda heç bir şübhə oyatmır və onları “itkin düşmüş şəxs”olaraq qeydiyyata almaqla məsələni bağlayırlar.  

Bacının müraciəti əsasında axtarışlara başlamış  Xoşqədəm xanım efirdə itkin düşmüş ana və qızlarının Türkiyəyə qaçmış  olmaları  ehtimalını səsləndirər -səsləndirməz  qatilin sağ əli olan oğlu aparıcı xanıma zəng edir ki, bəs “danışığına fikir ver, mən elə-belə oğlan deyiləm ki mənim “anam-bayım” Türkiyəyə getsin” deyibən, cinayəti etiraf edir. Bununla da məlum olur ki, ata üç il bundan qabaq  həyat yoldaşını və qızlarını dəmir parçası ilə döyərək öldürüb, sonra başlarını kəsib müsəlman adət-ənənəsi ilə, üzü qibləyə basdırıb. Budur, gözəl nümunə: İmanlı və qeyrətli kişi...

Nə qəribə taledir. Üç ildir ortlalıqda görünmə, heç kimin qabağına çıxma, gözünə sataşma, heç kimə zəng etmə - heç kimin də ağlına gəlməsin səni axtarmaq.  Ancaq indi, cinayətin üstü açılandan sonra danışmağa başlayırlar tanış-bilirşlər, Fərhad onlara zülm edirdi deyirlər, içirdi, döyürdü deyirlər, qadın evlərdə təmizlik edib pul qazanıb uşaqlarına baxırmış deyirlər, zülm çəkirmiş deyirlər əyyaş ərlə.  Nə imişsə çəkdiyi zülmün adı, olmamaları, yox olmaları daha uyğun görünüb hamının gözünə...