“Ata, sən yaltaqsan?”

ata-sen-yaltaqsan
Oxunma sayı: 2474


Mənim həyatımda “Reytinq” qəzetinin özünəməxsus yeri var. Azərbaycanın ən istedadlı jurnalistlərindən biri olan Xalid Kazımlı 1999-cu ildə bu qəzeti təsis edəndən sonra biz iki il çiyin-çiyinə işlədik. 

O vaxt “Reytinq”də çalışmağı mənə Müsavat başqanı İsa Qəmbər məsləhət görmüşdü.

Dostum Afiq Mirzəbəyli qısa fasilədən sonra “Reytinq” qəzetinin fəaliyyətini bərpa edəndə, mən yenidən bu mətbu orqanla əməkdaşlığa başladım. Yeddi ildən çoxdur ki, “Reytinq”də redaktor işləyirəm. “Reytinq” sayı bir əlin barmaqlarını ötməyən əməkdaşların fədakarlğı sayəsində ayaq üstdə dayanır. Biz dünyanın hansı ölkəsində olursa-olaq, 6-cı günlər ancaq “Reytinq” üçün işləyirik. Şənbə günü övladlarına toy edən bir neçə qohumum bu üzdən məndən əməlli-başlı inciyib...

Nüfuzlu bir tədbirdə iştirak etmək üçün ötən ilin dekabrında Şimali Kipr Türk Respublikasına getmişdim. Təsadüf elə gətirdi ki, şənbə gününü Lefkoşada yaşayan kıbrıslı dostum Salih Dəmirdağın evində qarşılamalı oldum. Həmin gün dostlar mənim şərəfimə ziyafət təşkil etsələr də, arada onların gözündən yayınıb, “Reytinq” üçün köşə yazmağa başladım. Salih bəyin həyat yoldaşı Elza xanım yazı prosesini fotokameranın yaddaşına köçürdüyü üçün mən bu fürsəti əldən verməyib, Bakıdakı iş yoldaşlarımı ruhlandırmaq məqsədilə onun çəkdiyi şəkli facebook səhifəmdə paylaşdım. Mənə çox doğma olan bir qəzet üçün başqa necə fədakarlıq edə bilərdim?..

Üç gün sonra səfərimi başa vurub, vətənə döndüm. Gözlədiyimin əksinə olaraq, oğlum məni çox soyuq qarşıladı. Əvvəlcə elə bildim ki, Şahin xəstələnib, ya da dərslərində problem var. Buna görə də ondan özünü necə hiss etdiyini soruşdum. Oğlum sualıma sualla cavab verdi: “Ata, sən yaltaqsan?”

Mən, heç bir ataya övladının qarşısında bu vəziyyətə düşməyi arzulamıram. Həmin vaxt keçirdiyim hissləri təsvir etməyə çətinlik çəkdiyim üçün aramızdakı dialoqu yazmaqla kifayətlənirəm:

- Şahin, niyə belə düşünürsən?

- Sinif yoldaşlarım deyir ki, atan “Reytinq” qəzetinə yaltaqlanır...

Məsələnin nə yerdə olduğunu yalnız indi başa düşdüm. Təəssüf ki, əksər həmyaşıdları kimi Şahin də vaxtından əvvəl facebook istifadəçisinə çevrilib. Şahinin və sinif yoldaşlarının cəmi 13 yaşları olsa da, onların əksəriyyəti facebookda mənimlə dostluq edirlər. Sən demə, sinif yoldaşları Lefkoşada yazdığım statusun mənasını düzgün başa düşmədikləri üçün öz aralarında Şahini məzəmmət ediblər. Nə yaxşı ki, izahat verəndən sonra oğlum mənim hərəkətimə haqq qazandırdı və onun üç gündən bəri çatılmış qaşları yenidən təbii vəziyyətinə qayıtdı...

Bilirsiniz, bunları niyə yazıram? Son illər Azərbaycanda məddahların sayı fantastik həddə çatıb. Təkcə karyera qurmaq istəyən gənclər deyil, saçı-saqqalı ağarmış qocalar da vəzifəcə özlərindən böyüklərə yaltaqlanır, onların qarşısında ikiqat əyilirlər. Təəssüf ki, bu mənfi tendensiya təkcə dövlət qurumları üçün xarakterik deyil. Yaltalıq özəl müəssisələrdə də əməlli-başlı “çiçəklənib”. Görəsən, bu adamların övladları yaltaqlığın yaxşı əməl olmadığını niyə bircə dəfə öz atalarına xatırlatmırlar? Tutaq ki, həmin adamların uşaqları yaxşı yaşamaq üçün atalarının həyat tərzinə göz yumurlar. Bəs, qohum-əqraba, dost-tanış niyə susur? Axı, yaltaqlıq edən adam təkcə özünün deyil, həm də onların başını aşağı edir... Həmişə məni bir sual düşündürür: işdə müdirin qabağında ikiqat olan, beş manat pula görə min sifətə düşən adamlar evdə arvad-uşağın gözünün içinə necə baxılrlar?

Ağır taledir. Allah heç düşmənimə də qismət eləməsin!