Atəşkəsi kim və niyə pozur?

ateskesi-kim-ve-niye-pozur
Oxunma sayı: 3011


“Atlas” Araşdırmalar Mərkəzi son günlər cəbhə bölgəsində baş verənlərlə bağlı məlumat yayıb.

"Qafqazinfo" həmin şərhi təqdim edir:

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında 24 yanvarda Parisdə keçirilən görüşdən nəticə çıxmayacağı əvvəlcədən bəlli idi. Çünki, görüş ərəfəsində cəbhə bölgəsində vəziyyət gərginləşib, atəşkəs intensiv şəkildə pozulur. 20 yanvar tarixindən başlayaraq təmas xəttində və Azərbaycan-Ermənistan sərhədi boyunca atışma ara vermir.

Günün ən aktual sualı budur: “Atəşkəsi kim və niyə pozur?” Atəşkəsin pozulmasına görə Azərbaycan Ermənistanı, Ermənistan isə əksinə Azərbaycanı ittiham edir. Qarşılıqlı ittihamlar içində həqiqəti müəyyənləşdirmək çətindir. Atəşkəsi pozmaqda tərəflərdən hər birinin açıqlamadığı fərqli motivləri ola bilər:

Azərbaycanın motivi: Ermənistan ilkin addım atmadığına, Dağlıq Qarabağ ətrafında torpaqları boşaltmadığına və danışıqları uzatdığına görə daima təzyiq altında saxlanılmalıdır. Dağlıq Qarabağ istiqamətində atəşkəsin pozulması və ermənilərin itki verməsi Ermənistana qarşı hərbi, siyasi və psixoloji təzyiq vasitəsi sayıla bilər.

Ermənistanın motivi: Azərbaycanın hərbi büdcəsi artır, ordu yeni silahlarla təchiz olunur. Ermənistanın isə yeni silah almağa və hərbi büdcəsini artırmağa, bu mənada Azərbaycanla yarışmağa imkanı yoxdur. Buna görə də, Ermənistan-Rusiya tandemi atəşkəsi pozaraq, Azərbaycan tərəfini itkiyə məruz qoymaqla Bakıya onu anlada bilər ki, hərbi paritet Yerevanın xeyrinə olmasa da, Ermənistan ordusu çevikliyini itirməyib və lazım olan halda bunu Azərbaycana əyani şəkildə nümayiş etdirməyə hazırdır.

Buna baxmayaraq, hər iki tərəfin motivi ölkələrdən hər hansı birini cəbhə bölgəsindəki mövqeyini gücləndirmir. Məsələ burasındadır ki, Azərbaycan ordusu Dağlıq Qarabağda hər hansı uğurlu əməliyyat keçirərək, qarşı tərəfi itkiyə məruz qoyuraq hər hansı coğrafi yüksəkliyi ələ keçirirsə, bir neçə gün sonra Ermənistan fərqli məkanda cavab aksiyası həyata keçirməyi hədəfləyir. Məsələn, son atəşkəsin pozulması nəticəsində Dağlıq Qarabağda bir erməni zabiti həlak oldu, bir neçə gün sonra Azərbaycan zabiti Tovuz istiqamətində həlak oldu. Və ya əksinə. Ermənistan hansısa istiqamətdə atəşkəsi pozaraq üstünlüyünü göstərməyə çalışırsa, qısa müddətdən sonra Azərbaycan tərəfi əks-həmlə ilə yenidən pariteti saxlayır. Digər tərəfdən Dağlıq Qarabağda pozulan atəşkəs, Qarabağdan uzaq ərazidə, Ermənistan-Azərbaycan sərhədi boyunca da özünü göstərir. Bu isə o deməkdir ki, Dağlıq Qarabağda başlaya biləcək müharibənin başqa ərazilərə keçmə ehtimalı yüksəkdir.

Atəşkəsin intensiv pozulması halında 3 amili diqqətə almalıyıq:

Birinci amil - Rusiya bu durumda özünü necə aparacaq? Rusiyanın Ermənistandakı hərbi heyəti Azərbaycanın itkisini çoxaltmaq məqsədilə cəbhə bölgəsində Ermənistana nə kimi dəstək verə bilər? Azərbaycan Müdafiə Nazirliyinin atəşkəsin pozulmasıyla bağlı yayınladığı son açıqlamada belə bir cümlə var: “Ön xəttə yerləşən bölmələrimiz tərəfindən aparılan müşahidələrdə düşmənin geri çəkilməsi zamanı verilən əmr və komandaların yalnız erməni dilində deyil, qeyri-erməni dilində də səsləndirilməsi qeydə alınıb”. Aydındır ki, söhbət rus dilində verilən əmrlərdən gedir. Bu cümlə ilə rəsmi Bakı atəşkəsin pozulması prosesində rusiyalı hərbçilərin bu və ya digər şəkildə iştirakı mümkünlüyünü səsləndirir.

İkinci amil – atəşkəsin pozulmasıyla və itkilərlə bağlı müxtəlif xəbər və şayiələr yayılır. Şayiələrin və dezinformasiyaların geniş yayılmasında sosial şəbəkələr neqativ rol oynayır. Bunun qarşısını almaq çətindir. Yəni yanvarın 20-dən başlayan atəşkəsin pozulması faktiki Azərbaycanla Ermənistan arasında informasiya müharibəsini gücləndirib.

Üçüncü amil – aydındır ki, atəşkəs əmrlə pozulub, bu və ya digər tərəf nəbz yoxlaması həyata keçirib. Ancaq cəbhə bölgəsində intensiv atışmanı dayandırmaq mümkün olmazsa və itkilər artarsa, atəşkəsin pozulmasına əmr verənlər bir anda nəzarəti itirə bilərlər. Əmrlə pozulan atəşkəsin daha sonra lokal və genişmiqyaslı toqquşmalara çevrilməsi təhlükəsi yarana bilər. Əsəblərin tarıma çəkildiyi hansısa anda yerlərdəki hərbçilərdən bir qrupu əmr gözləmədən fəaliyyətə keçə bilərlər.

1994-cü ildə Bişkəkdə Azərbaycanla Ermənistan arasında atəşkəs sazişinin imzalanmasından 20 il keçir. Azərbaycanın bəzi rəsmiləri 20 ili saziş müddətinin bitməsi kimi dəyərləndirirlər. Yəni atəşkəsin 2014-cü ildə də davam etməsi üçün Azərbaycanla Ermənistan arasında ya Bişkək sazişinin uzadılmasına, ya da yeni sazişin imzalanmasına ehtiyac var. Bu ideyanı irəli sürənlər ancaq bu dəfə şərtlərin fərqli olması vacibliyini bildirirlər. Arqument bundan ibarətdir ki, 1994-cü ildə Azərbaycan zəif idi, Bakı Bişkəkdə sazişi məcburiyyət qarşısında imzaladı, son 20 ildə isə Azərbaycan bütün iqtiqamətlərdə güclənib, Ermənistan isə zəifləyib. Buna görə də elə bir saziş imzalanmalıdır ki, status-kvonun sonsuzadək uzanmasına şərait yaradılmasın və Ermənistanı sülh sazişinə məcbur etsin. Bu yanaşmanın Azərbaycan prezidentinin təlimatıyla gündəmə gətirilib-gətirilmədiyini söyləmək çətindir. Ancaq o da aydındır ki, İlham Əliyev indiki status-kvonun dəyişilməsinə çalışır.