Ayağı səhv kəsilən qadının günahı nə imiş?

ayagi-sehv-kesilen-qadinin-gunahi-ne-imis
Oxunma sayı: 3793

Azər Qismət

Biz anlaqlı insanlar həmişə anlayır və bilirik ki, tarixin müxtəlif dönəmlərində həkim səhvləri olub və bundan sonra da olacaq. Buna tibb aləmində “xeyirxah aldanış” da deyilir. Bəzən UZİ-nin, yaxud laboratoriyanın analizləri həkimi müalicəni səhv istiqamətdə aparmağa təhrik edir. Tibbi səhvləri həkimdən başqa tibb bacısı, anestezioloq da törədə bilər. Həkim səhvini cinayət saymayanlar da var. Hesab edilir ki, bu, qeyri-peşəkarlıqdır və həmin həkimə insan həyatını etibar etmək olmaz. Amma şəkər xəstəsinin sol ayağının yerinə sağ ayağının kəsilməsini isə nə UZİ avadanlığının, nə də laboratoriya analizinin üstünə atmaq mümkün deyil. Həkim burada bağışlanmaz səhlənkarlığa yol verib.

Şəkər xəstəsi Tərlan Əliyevanın qanqrena olmuş sol ayağının yerinə sağ ayağının kəsilməsi gündəmi zəbt etdi. Həkimin bu hərəkətinə hec cür haqq qazandırmaq mümkün deyil. Elə şeylər var ki, ona haqq qazandırmaq olur. Salyanda üçəmlərin ikisinin ölməsini elektrik cərəyanının kəsilməsi ilə deyil, dölün yaxşı inkişaf etməməsi ilə əlaqələndirmək mümkündür. Hamilə gəlinin ölməsini ərinin onu vaxtında həkim müayinəsinə aparmaması ilə bağlamaq olar. Amma bir insanın qanqrenalı ayağının yerinə sağlam ayağının kəsilməsinə hec cür haqq qazandırmaq mümkün deyil.

Axı, tibb aləmindən məlumatlı olmayan şəxs də elementar məntiqə söykənərək bilir ki, həkim əməliyyata girməzdən əvvəl onun xəstəlik tarixçəsinə nəzər salır, personalla kiçik toplantı keçirir, “snimka”lara nəzər salır. Ondan sonra xəstənin yanına keçib əməliyyatın yaxşı keçəcəyinə dair ürək-dirək verir. Ancaq tam açıq-aşkar görünür ki, Tərlan Əliyevanın həkimi əməliyyatdan əvvəl lazım olanları etməyib. Nəticədə, bir insan sağlam ayağından məhrum olub. Xəstə ayağını da qanqrena səbəbindən kəsməli olsalar, bir yaşlı qadın iki ayağını itirəcək.

Belə məsuliyyətsizlik müharibə dövründə - səhra hospitallarında da azlıq təşkil edib. Cəbhə bölgəsindən ardı-arası kəsilmədən yaralıların gəlişini təsəvvür edirsinizmi? Araşdırmalara əsasən Böyük Vətən Müharibəsi dövründə yaralılar əsasən belə hallara görə həyatlarını itiriblər: sarğı olmayıb ki, xəstənin yarası sarınsın. İkincisi, tikiş üçün sap çatışmayıb. Üçüncüsü, xəstənin lazımi qrupu üçün qan tapılmayıb. Amma indiki dinc şəraitdə, hər şeyin mövcud olduğu bir durumda həkimin belə hərəkəti çox acınacaqlıdır.

Həkimin qaçması əvvəlcə məni sevindirdi. Düşündüm ki, vicdan əzabı çəkib. Amma sonra deməsi ki, ananın bu vəziyyətə gəlməsində uşaqları günahkardır, anladım ki, yox daha həmin həkimə əlac yoxdur. Sadə adamları belə məsuliyyətsizlik və ananın ağrıları çox yandırdı. Haradasa, həkim layiqli şəkildə cəzalandırılsaydı, bu əsəbə su səpmək olardı. Lakin məlumat veriləndə ki, həkim müvəqqəti olaraq cərrahiyyə əməliyatlarından uzaqlaşdırılır, bu, bir az ədalətiz qərardır. Son illər belə cəzalandırma metodu üstünlük təşkil edir ki, həkimin səhvi ucbatından baş verən ölüm hadisələrinə görə o, 1-2 aylığa işindən uzaqlaşdırılır. Ya hansısa poliklinikaya göndərilir, ya da baş həkimə tapşırılır ki, ona müvəqqəti olaraq əməliyyat etibar edilməsin. Bəzən həkimlə baş həkim gizli razılığa da gəlirlər. Müvəqqəti uzaqlaşdırılan həkim gizli şəkildə əməliyyatları həyata keçirir.

Mən heç bir insanın ən əziz şəxslərinə edilən qarğışları qəbul etmirəm, bunu şiddətlə qınayıram. Bir insanın etdiyi məsuliyyətsizliyə görə onun yaxın və doğmalarının nə günahı var?! Ancaq şəkər xəstəsi olan qadının sol ayağının yerinə sağ ayağının kəsilməsindən sonra adamların facebook-da yazdığı statuslar məni çox kədərləndirdi. Başa düşdüm ki, adamlar sosial şəbəkə vasitəsi ilə bu hərəkətin qarşılığını həkimin yaxınlarına edilən qarğışla verirlər.

Beləliklə, Angioloji və Mikrocərrahiyyə Mərkəzində əməliyyat olunan Tərlan Əliyeva sağ ayağından məhrum oldu. Yasamal rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə gəldilər. O həkimi hansı cəzanın gözləyəcəyindən asılı olmayaraq, belə səhvlərin təkrarlanmaması üçün Tibb Universitetində “Vicdan və məsuliyyət” adlı dərslər keçirilməlidir. Görünür, Hippokrat andı dəyərdən düşüb. Niyə də düşməsin?! Üstündən, neçə əsr keçib. Yeni anda ehtiyac yoxdur. Vicdanı təzələmək lazımdır.