“Azərbaycan-Türkiyə qardaşlığı bundan sonra da möhkəmlənəcək” - İlham Əliyev

azerbaycan-turkiye-qardasligi-bundan-sonra-da-mohkemlenecek
Oxunma sayı: 5224

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.

“Qafqazinfo” xəbər verir ki, məktubda aşağıdakılar qeyd edilib:

“Əziz qardaşım, Türkiyənin aparıcı siyasi qüvvəsi olan Ədalət və İnkişaf Partiyasının sədri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Qurucusu olduğunuz partiyanın yenidən Sədri seçilməyiniz partiya üzvlərinin Sizə olan sonsuz inam və etimadının aşkar təzahürü, Türkiyənin inkişafı və rifahı naminə göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir.

Bu gün Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri hərtərəfli inkişaf edir və regionda əmin-amanlığın və sabitliyin bərqərar olmasına, inkişafa töhfələr verir.

Qarşılıqlı faydalı əməkdaşlığımız, birgə gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji tərəfdaşlığımızı səciyyələndirən mühüm məqamlardır. Əminəm ki, birgə səylərimizlə Azərbaycan-Türkiyə müttəfiqliyi və qardaşlığı bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim sülh və firavanlıq arzulayıram”.