Azərbaycan UNESCO-da yenidən komitə üzvlüyünə seçildi

Azərbaycan UNESCO-da yenidən komitə üzvlüyünə seçildi
Oxunma sayı: 646

4-6 iyun tarixində Fransanın Paris şəhərində yerləşən UNESCO-nun Baş qərargahında təşkilatın Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyasına üzv ölkələrin 7-ci Baş Assambleyası keçirilib.

“Qafqazinfo” Xarici İşlər Nazirliyi və Mədəniyyət Nazirliyi birgə bəyanatına istinadən xəbər verir ki, sessiya çərçivəsində Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitədə azad olmuş yerlərə seçki olub.

İkinci qrup üzrə 2 yerə Azərbaycan, Belarus, Gürcüstan, Polşa, Slovakiya, Rumıniya və Makedoniya olmaqla, 7 dövlət namizədliyini irəli sürüb. Aparılmış geniş təbliğat-təşviqat kampaniyası nəticəsində Azərbaycan qrupda 90 səslə namizədlər arasında ən çox səs yığaraq Komitəyə üzv seçilməyə nail olub. Digər yerə isə 52 səslə Polşa seçilib.

Məlumat üçün bildirək ki, Azərbaycan 2010-2014-cü illərdə Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitədə təmsil olunub. Ötən müddətd ərzində Azərbaycan muğamı, aşıq sənəti, Azərbaycan tar ifaçılıq sənəti, kamança lavaş, kəlağayı və digərləri daxil olmaqla, ölkəmizin 11 qeyri-maddi mədəni irs nümunəsi UNESCO-nun siyahılarına daxil edilib.

Bəyanatda qeyd edilib ki, 2018-2022-ci illəri əhatə edən dövr ərzində Komitəyə üzv dövlət olaraq Azərbaycan dünyada qeyri-maddi irsin qorunmasına öz töhfəsini vermək və zəngin təcrübəsini paylaşmaq, üzv dövlətlərlə əməkdaşlıq ruhunda birgə fəaliyyət həyata keçirmək, Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyadan irəli gələn məqsədlərin həyata keçirilməsinə yaxından dəstək vermək, həmçinin, qeyri-maddi mədəni irs incilərimizi beynəlxalq səviyyədə təşviq etmək istiqamətində səylərini əsirgəməyəcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi