Azərbaycana qaçqın statusu üçün müraciətlərdə 53 faiz artım var

azerbaycana-qacqin-statusu-ucun-muracietlerde-53-faiz-artim-var
Oxunma sayı: 825

Bu gün Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2019-cu ilin 6 ayının yekunlarına dair mətbuat konfransı keçirir. 

“Qafqazinfo” xəbər verir ki, V.Hüseynov qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin I yarımilində ölkəyə daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 6 faiz, ölkədə müvəqqəti yaşayanlarda 0,4 faiz, iş icazəsi alanlarda 14 faiz, qaçqın statusu üçün müraciətlərdə 53 faiz artım müşahidə olunur: “Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı qəbul edilmiş qərarların sayında 34 faiz azalma var”.

V.Hüseynov Miqrasiya Məcəlləsinə edilən dəyişikliklər barədə də məlumat verib. Onun sözlərinə görə, dəyişikliklərin gətirdiyi əsas yenilik əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olma müddətinin artırılmasıdır: “Belə ki, artıq onların ailə üzvləri də vizanın uzadılması üçün müraciətlər edə bilərlər. Bundan əlavə, müvəqqəti yaşamaq üçün icazənin alınması üçün şəxsin 100 min manat məbləğində bank hesabında vəsaiti  olmalı idi. Bu prosesə nəzarət imkanları genişləndirilir. Bu 100 min manat əmanət müqaviləsi əsasında artıq yerləşdirilməlidir. Digər problem isə yaşamaq və iş icazələrinin hazır olduğu təqdirdə uzun müddət onları əcnəbilərin götürməməsi idi. Yeni dəyişiklikdə 1 ay müddətində bu ərizələr götürülmədikdə həmin ərizələr qüvvədən düşmüş hesab ediləcək”. 

V. Hüseynov bildirib ki, bu ilin 6 ayı ərzində Azərbaycanda 75 nəfər vətəndaşlığa qəbul edilib. Eyni zamanda, daimi yaşamaq üçün icazələrin sayında 31 faiz azalma müşahidə olunub. 

Qeyd edək ki, bu icazələrin alınması üçün əsasən Gürcüstan, Rusiya, Türkiyə, İran, Ukrayna və digər ölkələrdən müraciətlər daxil olub. Daimi yaşamaq üçün ümumilikdə 1694 nəfərə icazə verilib. Onlardan 347 nəfəri Gürcüstan, 225 nəfəri Rusiya, 95 nəfəri Türkiyə, 43 nəfəri Ukrayna  və İran vətəndaşları olub.

Günel Türksoy