Azərbaycanda antierməni qanunu

azerbaycanda-antiermeni-qanunu
Oxunma sayı: 641

“Azərbaycan Respublikasının işğal edilmiş əraziləri” haqqında qanun layihəsinin yeni 7-ci maddəsi təsbit olunub. Qanun layihəsində bir sıra maraqlı məsələlər var. Belə ki, maddədə bildirilir ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı aparılan sülh danışıqlarında iştirak edən mərkəzi icra strukturlarının, diplomatik nümayəndəliklərin təmsilçiləri, Milli Məclisin qərarı ilə müvafiq səlahiyyət verilmiş şəxslər istisna olmaqla, təcavüzkar dövlətin dövlət və qeyri-dövlət qurumları, məhkəmə və qanunverici orqanları, siyasi partiyaları, ictimai birlikləri, kütləvi informasiya vasitələri, dövlət və özəl sahibkarlıq və qeyri-sahibkarlıq subyektləri və onların təmsilçiləri ilə əməkdaşlıq edən Azərbaycan Respublikası vətəndaşları Cinayət Məcəlləsinə görə cinayət məsuliyyəti daşıyacaqlar.

Maraqlıdır ki, bu gün Rusiyada yaşayan çox sayda Azərbaycan vətəndaşları var. Onlar zaman-zaman orada Ermənistan vətəndaşları ilə biznes əlaqələri qururlar. Qanun qəbul olunarsa, bundan sonra onlar cinayət məsuliyyəti daşıyacaqlar. Belə olan halda onların Rusiya ərazisində bizneslərini inkişaf etdirmək imkanları məhdudlaşa bilər.
Kütləvi informasiya vasitələri də informasiya almaq baxımından işğalçı dövlətin müəyyən qurumları ilə əməkdaşlıq edə bilərlər. Qeyri hökumət təşkilatları öz missiyaları etibarilə bu sıraya daxildir.

Məsələnin ciddiliyini nəzərə alaraq “Qafqazinfo” müvafiq qurumların bu yeni maddəyə münasibətini öyrənib.

Müsavat başqanı İsa Qəmbər
bildirib ki, qanun layihəsi ilə tanış deyil: “Tanış olandan sonra bu qanun haqqında ətraflı məlumat verə bilərik. Amma bütün hallarda görünən odur ki, hakimiyyət bütün sahələrdə olduğu kimi bu sahəni də inhisara almaq istəyir”.

APA Holdinqin baş direktoru Vüsalə Mahirqızı
qanunda istisnaların olduğunu hesab edir: “Yəqin ki, müvafiq dövlət qurumuna xəbərdarlıq etmək istisnası daha doğru olar. Ola bilər ki, biz dövlət marağı ilə hansısa qurumdan informasiya almalı olduq. Zaman-zaman da belə təcrübələrimiz olub. O zaman müvafiq dövlət qurumuna müraciət edən KİV öz sorğusunda yazılı olaraq bunun səbəbini izah edə bilər. Məsələn, mən filan sualıma cavab almaq istəyirəm, yaxud kimləsə müsahibə götürmək, yaxud hansısa beynəlxalq qurumun tərkibində ekspedisiya etmək istəyirəm. Dövlət maraqlarını gözləmək və icazəni almaq şərtilə bunu etmək mümkündür. Bunun edilməsi də lazımdır. Çünki biz informasiya mühitində yaşayırıq. Bəzən elə informasiya olur ki, qarşı tərəf kimi soruşmaq lazım gəlir”.

Vüsalə Mahirqızı tamamilə hər kəsin əməkdaşlıq etməsinin qarşısını almağı doğru hesab etmir: “Eyni zamanda hər kəsin də əməkdaşlıq etməsini doğru hesab etmirəm. Məsələn, tutaq ki, Azərbaycan vətəndaşı qonşu hər hansı ölkəyə gedərək həmin ölkənin vətəndaşı ilə şərik şirkət qurur. Qurduqları həmin şirkətdə Ermənistanla əməkdaşlıq edirlər. Sonradan həmin adamlar Azərbaycana gələndə pulları hesabına camaatla yuxarıdan aşağı rəftar edirlər. Hesab edirəm ki, o qanunun qəbul olunması tamamilə doğrudur. Azərbaycan rəsmi şəkildə Ermənistanla, onun elan etdiyi seperatçı rejimlə əməkdaşlıq etmir. Ona görə də hər bir Azərbaycan vətəndaşı dövlətinin siyasətini davam etdirməyə borcludur. Həmin o istisnalar nəzərə alınmasa belə, vətəndaşın borcu qanuna riayət etməkdir”.

Region Beynəlxalq Analitik Mərkəzin İH-nin rəhbəri Razi Nurullayev
hesab edir ki, qanunun qəbul edilməsi bəlkə də gecikmiş bir məsələdir: “Azərbaycan işğal olunmuş torpaqlarla bağlı qanunu 10-15 il bundan öncə qəbul etməli idi. Amma, mənə belə gəlir ki, bu birinci növbədə xarici vətəndaşlara aid edilməlidir. Çünki, beynəlxalq hüquqda Azərbaycan ərazisi kimi tanınan Dağlıq-Qarabağa səfər edən və kömək edənlər cəzalandırılmalı və Azərbaycanda qara siyahıya salınmalıdır. Qanunun bu hissəsini mütərəqqi və normal hesab edirəm”.

Razi Nurullayev bildirib ki, Azərbaycanla bağlı hissəsində bir sıra məqamlar ilə razı deyil: “Azərbaycan QHT-ləri xalq diplomatiyasının bir hissəsi ola bilər. Onlara bu diplomatiyanı qadağa etmək beynəlxalq təşkilatlar tərəfindən də birmənalı qarşılanmayacaq və Azərbaycanın tolerantlığına kölgə salacaq. Azərbaycanın vətəndaş cəmiyyəti institutları əgər Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü qəbul edən və sülhün yaranmasına xidmət edən təşkilatları ilə xalq diplomatiyası əsasında iş aparırsa, burada narahatlıq olmamalıdır. Amma, təbii ki, öz fərdi və şəxsi maraqlarına xidmət edən təşkilatlar barəsində ölçü götürülə bilər. Lakin, bunun özü də mübahisəli məsələdir”.

Yazıçı, jurnalist Əli Əkbərin
sözlərinə görə, seçkiöncəsi hakimiyyət bütün cəbhələrdən hücuma keçib: “Məqsəd də fövqəladə hala yaxın bir atmosfer yaratmaqdır. Belə baxanda erməni QHT-ləri ilə əməkdaşlıq edən iki-üç QHT, həmçinin də KİV var. Yəqin ki, hədəf təkcə onlar deyil, onlara hədə-qorxu gəlmək kifayət edərdi. Burada isə qanun qəbul edirlər. Faktiki olaraq seçkiqabağı müharibə havası yaratmaq istəyirlər. Bütün avtoritar rejimlər kimi, bu rejim də patriotizm üzərindən parazitlik edir, hədəfi yayındırır”.

AMİP sədri Yusif Bağırzadə
qanunun qəbul olunmasını müsbət hadisə hesab edir: “Biz Ermənistanla əməkdaşlığın tərəfdarı deyilik. Xüsusilə iqtisadi cəhətdən. Bizim onsuz da məqsədimiz Ermənistanı iqtisadi cəhətdən çökdürməkdir. Qanun da qəbul olunarsa, Azərbaycan vətəndaşları Ermənistan vətəndaşları ilə biznes əlaqələri qura bilməyəcək. Qursalar, buna görə cinayət məsuliyyəti daşıyacaqlar”.

Qeyd edək ki, bu məsələ mediada yayıldıqdan sonra Milli Məclis bel bir qanun layihəsinin yaxın zamanlarda müzakirə olunacağını brədə xəbəri təkzib edib. (Mediaforum). Mayın 20-də parlamentin mətbuat xidməti məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “Son günlər ölkənin bir sıra mətbuat orqanlarında belə bir məlumat yayılıb ki, guya Milli Məclisdə “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsi hazırlanır. Yayılan məlumatlara görə, həmin qanun layihəsinin yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.

Milli Məclisin mətbuat xidməti bildirir ki, parlamentdə belə bir qanun layihəsinin hazırlanması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil. Parlamentin heç bir komitəsində belə bir qanun layihəsi müzakirə olunmayıb və müzakirə olunması da nəzərdə tutulmayıb”.

Günel