Azərbaycanda dövlət orqanlarına smartfonla giriş niyə qadağan olunub? - - Təfərrüat

azerbaycanda-dovlet-orqanlarina-smartfonla-giris-niye-qadagan-olunub-
Oxunma sayı: 4087



Milli Məclisə girən şəxslərə millət vəkilləri də daxil olmaqla smartfon və android tipli telefonla girişin qadağan olunması ilə bağlı bu gün mediada yayılan xəbərin bəzi təfərrüatları məlum olub. Məsələ ilə bağlı dövlət orqanlarında çalışan bir sıra şəxslər “Qafqazinfo”ya məlumat verərək bildiriblər ki, deputatlara tətbiq edilən bu qadağa Milli Məclis rəhbərliyi tərəfindən qəbul edilməyib. Belə ki, bu qayda təkcə parlament deyil, artıq bir neçə aydır ki, Xarici İşlər Nazirliyi və Nazirlər Kabinetinin əməkdaşlarına da tətbiq olunur. Məlumata görə, qadağa Prezident Administrasiyasında çalışanlar istsina olunmaqla, əksər mühüm dövlət qurumlarına şamil ediləcək. Məlum olub ki, qadağa Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilir. Qərara əsasən sözügedən binalara daxil olan şəxslər smartfon tipli telefonlar, eyni zamanda i-pad, noutbook və digər əşyaları özləri ilə götürə bilməzlər. Həmin şəxslərə yalnız sadə funksiyalarla işləyən, foto və video çəkiliş imkanları olmayan telefonları özləri ilə götürmək imkanı verilir. 

Maraqlıdır ki, Mühafizə İdarəsinin bu qərarı sözügedən qurumlarda işləyənlərin fəaliyyətində çətinliklər yaratmaqla yanaşı, həm də təəccüblə qarşılanıb: “Biz telefon və i-padlarla bir sıra tapşırıqları daha rahat və operativ yerinə yetirə bilirik. Müxtəlif yazışmalar, sənədlərin və fotoların göndərilməsini bu yolla həyata keçiririk. İndi bu qərar bizim işimizi çətinləşdirib. Digər tərəfdən də belə çıxır ki, biz 19-cu əsrə qayıdırıq? Dünya inkişaf edir və bütün dünyada insanlar ən müasir texnikaların imkanlarından istifadə etməklə iş qabiliyyətlərin, faydalılıqlarını artırırlar. Bəyəm həmin ölkələrdə təhlüksəzizlik yoxdur? Qapalı ölkələrdə belə bu cür qərarlar tətbiq olunmur. Biz bunun əleyhinəyik”. 

Maraqlıdır ki, bu gün Mlii Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu da açıqlamasında fikrini belə əsaslandırıb ki, guya bu qərar bütün dünyada var. Lakin bu fikir əsaslandırılmayıb. Əvvəla dünyanın heç bir ölkəsində parlament binasında belə qadağanın tətbiq olunması haqda məlumat yoxdur. Bütün hallarda təhlükəsizliyin qorunması adı ilə verilən bu qərar ağlabatan görünmür. Ən sadə məntiqlə elmi-texniki tərəqqinin öhdəsindən qadağalarla yox, onu öyrənməklə gəlmək mümkündür, yoxsa bu bizi Servantesin məşhur əsərinin qəhrəmanına oxşadar...